Ordumuzla yanaşı mediamız da düşməni SUSDURDU

TƏHLİL 20 iyl 2020, 16:16

Müharibədə informasiya ən vacib silahlardan biridir və təcrübə göstərir ki, ordu cəbhədə qalib gələ bilər, amma informasiya cəbhəsində məğlubiyyət bu qələbəni tərsinə çevirir. Şükürlər olsun ki, Tovuz döyüşlərində Azərbaycan həm hərbi, həm də informasiya cəbhəsində qalib gəldi. 


Ordumuzun gücü qarşısında düşmənin dayana biləcək gücü yoxdu, bunu son 4 ildə baş verənlər – 2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı və bu ilin Tovuz döyüşləri bir daha təsdiqlədi. Burada ən vacib məqam erməni hərbi birləşmələrinin təxribat hücumundan sonra başlanan döyüşlər vaxtı medianın informasiya siyasətini necə həyata keçirməsi, xəbər cəbhəsində nələrin baş verməsidir?


Tovuz döyüşlərinin dünyaya və daxili ictimaiyyətə çatdırılmasında Azərbaycan mediası sınaqdan üzüağ çıxdı.


Azərbaycan Müdafiə Nazirliyinin erməni hərbi birləşmələrinin təxribat hücumu ilə bağlı məlumatı dünyanın əsas KİV-lərində yayımlandı və bu,  “Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar” olaraq işıqlandırıldı. Beləliklə, bütün dünya Ermənistanın atəşkəs rejimini pozan təcavüzkar olduğunu növbəti dəfə gördü. Hətta, erməni ekspertlər Nikol Paşinyanı hərbi cəbhədə olduğu kimi, informasiya cəbhəsində də məğlub olmaqda ittiham etdilər.


Bu, informasiya müharibəsinin xarici istiqaməti idi. Eyni peşəkarlıq daxili istiqamətdə də nümayiş etdirildi.


- Sosial şəbəkələrdə əksəriyyəti ermənilər tərəfindən yaradılmış saxta profillərin dezinformasiyasının yayılmasının qarşısı alındı.


- Əsas xəbər mənbəyi kimi Müdafiə Nazirliyi götürüldü.


- Döyüşlərlə bağlı yalnız rəsmi məlumatlara istinad olundu.


Bu, medianın həyata keçirdiyi işin birinci hissəsi idi. 


İkinci hissəsi baş verənlərin təfsilatlı formada cəmiyyətə çatdırılması, ictimai çaşqınlığın qarşısının alınması idi. Bunun üçün kiçik, yaxud böyük olmasından asılı olmayaraq, bütün media resursları təbliğat işini mükəmməl həyata keçirdi. Düzgün təbliğatın aparılması, informasiyanın dəqiq çatdırılması ictimai rəyə təsir edə biləcək dezinformasiyalara yer qoymadı.


Üçüncü hissə isə əks-hücum sayıla bilər. Azərbaycan ordusunun adekvat zərbələri nəticəsində Ermənistan tərəfinin yüzlərlə canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Lakin işğalçı ölkə itkilərini ictimaiyyətdən gizlədir, itkilər haqqında doğru məlumat verən resursları bloklayırdı. Azərbaycan mediası gecə-gündüz çalışaraq, erməni mənbələrindən, eləcə də sosial şəbəkələrdə erməni istifadəçilərin paylaşımlarından maksimum məlumat əldə etmək istiqamətində işlədi. Nəticədə itkilərin hamısı olmasa da, bir qismi haqqında məlumat əldə olundu. Bu, həm daxili auditoriyada “erməni tərəfi nə qədər itki verib” kimi sualların cavabının verilməsinə, həm də işğalçı ölkənin ictimaiyyətinin dəqiq məlumatlandırılmasına xidmət etdi.


Misal üçün, Ermənistanın "Civilnet.am" media resursu baş verənlərlə bağlı hazırladığı videomaterialda Azərbaycan mediasına isdinadən işğalçı ölkənin yüzlərlə itki verdiyini qeyd edib. Erməni jurnalistlərin istinad etməyə məcbur olduğu Azərbaycanın milli media resurslarından biri də Demokrat.azxəbər saytı idi. Belə nümunələr kifayət qədərdir.
 

Ən əhəmiyyətli məqamlardan biri bəlli müxalif media resurslarının da düşmənin informasiya hücumu qarşısında həmrəylik nümayiş etdirməsi, heç bir dezinformasiyaya yer verməməsi, rəsmi məlumatlara istinad etməsi idi. Bu, Azərbaycan mediasında bəlkə də son illərin ən böyük uğurlarından biri hesab oluna bilər. Çünki acı təcrübə həmişə bunun əksinə olub.


Prezidentin keçmiş köməkçisi, bir vaxtlar medianı "kurasiya" edən Əli Həsənovun dövründə mediamızın düşmənin informasiya hücumu qarşısında sona qədər duruş gətirə bilmədiyini, məlum müxalif resursların daim əks-təbliğat apardığını və nəticədə düşmənin əlinin gücləndiyini görmüşük. Bunun bir çox səbəbi var idi, sadəcə birini qeyd edək: Əli Həsənovun medianı dar çərçivəyə salması, bir növ jurnalistə diktə dili ilə işini öyrətməyə çalışması belə arzuolunmaz mənzərə yaradırdı. 


Amma Tovuz döyüşləri zamanı isə heç kim jurnalistə öz işini öyrətmədi, əksinə, çərçivələr genişləndirildi və media öz işini peşəkarlıqla yerinə yetirdi. Bu, bir daha dövlətin media siyasətində yeni komandanın həyata keçirdiyi islahatların səmərəsini ortaya çıxarır. 


Bu döyüşdə həm hərbi, həm də informasiya cəbhəsində qalib gəlməyimizin səbəbi də məhz budur.


Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top