Niyə Ceyhun Bayramov? — Prezidentin diplomatiyada mühüm dəyişikliyinin səbəbi

TƏHLİL 17 iyl 2020, 10:23
Prezident İlham Əliyev vəzifəsindən azad etdiyi xarici işlər naziri Elmar Məmmədyarovun yerinə təhsil naziri Ceyhun Bayramovu təyin etdi. 
 
 
İyulun 12-də erməni hərbi birləşmələrinin Tovuz istiqamətində təxribat hücumundan sonra başlanan döyüşlər həm hərbi, həm də diplomatiya cəbhəsində aparılır. Hərbi cəbhədə ordumuz işğalçı ölkəyə ölümcül zərbələr endirir. İndiyə qədər Ermənistanın yüzlərlə canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi diplomatiya cəbhəsində də qələbə qazandığımızı deməyə əsas verir. Lakin Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxışı zamanı səsləndirdiyi fikirlər diplomatiya cəbhəsində uğurlarımızın hərbi cəbhədəki qələbələrimizə adekvat olmadığını göstərdi. Bu, həm də Elmar Məmmədyarovun vəzifədən uzaqlaşdırılmasının səbəblərinin ictimaiyyətə açıqlanması idi.
 
 
Dövlət başçısı qeyd etdi ki, Ermənistanın növbəti təxribatı ilə bağlı Azərbaycanın diplomatik fəaliyyəti daha səmərəli ola bilərdi: 
 
 
“Azərbaycanın diplomatiyası hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya, olmamalıdır, kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır”.
 
 
Dövlət başçısı tərəfindən XİN-ə verilən tapşırıqlar yerinə yetirilməyib.
 
 
“Son vaxtlar Azərbaycan diplomatiyası ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Düşmən ölkə ilə COVID-lə bağlı hansı danışıqlar aparıla bilər?! Nədir, biz Ermənistanla əməkdaşlığamı başladıq?! Azərbaycan ancaq danışıqlar prosesində tərəqqi gördükdə onunla əməkdalıq məsələsi gündəmə gələ bilər. Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır və nöqtə”. 
 
 
Azərbaycan Prezidenti buna cavab verir, Xarici İşlər Nazirliyi hansısa səviyyədə buna cavab verib, yoxsa yox? Danışıqlar prosesində tərəqqi olmayana qədər Ermənistan ilə hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilməz. Amma XİN Ermənistanla COVID məsələsini müzakirə edir”, - Prezident bəyan etdi.
 
 
Baş verənlər Azərbaycanın inkişafına adekvat fəaliyyət göstərməyən XİN-də rəhbər dəyişikliyini zəruri etdi və Prezident bu vəzifəyə Ceyhun Bayramovu təyin etdi.
 
 
Niyə Ceyhun Bayramov? Təhsil naziri xarici diplomatiyanı həyata keçirə biləcəkmi? Dövlət başçısı bu vacib vəzifəni niyə Ceyhun Bayramova həvalə etdi?
 
 
Cəmiyyətdə bu suallar üzərində müzakirələr gedir. Sadə insanlar üçün  sələfinin fonunda yeni nazirin Azərbaycan, rus və ingilis dillərində səlis danışması belə yetərlidir. Lakin dövlətin maraqları Elmar Məmmədyarovun diplomatiyanı danışarkən dilimizə verdiyi “işgəncə” kimi alt-üst etməsinin dərhal aradan qaldırılmasını vacib etmişdi və Prezidentin kadr dəyişikliyinin səbəbi də budur.
 
 
Bəs niyə Ceyhun Bayramov?
 
 
Son dövrlərin təcrübəsi təsdiqləyir ki, Prezident İlham Əliyevin kadr islahatları dövlət maraqları baxımından düzgün istiqamətdə həyata keçirilir. Bu baxımdan da Ceyhun Bayramovun indiyə qədərki fəaliyyəti onun xarici işlər naziri gətirilməsi qərarının səbəbsiz olmadığını göstərir. 
 
 
Ceyhun Bayramov uzun müddət hüquq şirkətinı rəhbərlik edib və onun rəhbərlik etdiyi bu şirkət 2003-cü ildən etibarən Azərbaycanın maraqlarının beynəlxalq səviyyədə təmsil edilməsində bilavasitə iştirak edib. Ceyhun Bayramov və komandası Azərbaycana qarşı bir sıra beynəlxalq arbitraj məhkəmələrində qaldırılmış əsassız iddialara qarşı dövlətin qanuni maraqlarını yüksək səviyyədə təmsil edib, müstəqil arbitraj məhkəmələrinin qərarları ilə dövlətimizə qarşı qaldırılmış iddialar rədd edilib. 
 
 
O, həmçinin, 2005-2013-cü illərdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq sazişlərin və beynəlxalq səviyyəli əqdlərin layihə sənədlərinin hazırlanması və razılaşdırıması prosesində iştirak edib.
 
 
Təhsil sektorunda fəaliyyətə başlayana qədər Bayramovun əsas işinin beynəlxalq müstəvidə olması onun diplomatik bacarığından xəbər verir. 
 
 
2013-cü ildən başlayaraq, Ceyhun Bayramov Təhsil nazirinin müavini vəzifəsində çalışıb. Bu vəzifədə əsas istiqamət fəaliyyətlərindən biri Nazirliyin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, onun beynəlxalq səviyyədə layiqli təmsil olunması olub. Bu müddət ərzində o, Nazirliyin bir sıra beynəlxalq təşkilatlarda rəsmi nümayəndəsi olub, Nazirliyi hökumətlərəarası komissiyalarda təmsil edib və bir sıra beynəlxalq təhsil layihələrinin Azərbaycana gətirilməsini təmin edilib. Onların arasında məktəb bazasında yaradılmış və gələcəyin peşəkar İT mütəxəssislərinin hazırlanmasına yönəlik “Rəqəmsal bacarıqlar layihəsi”, bir neçə fənnin inteqrativ şəkildə tədrisini nəzərdə tutan və dünyanın aparıcı təhsil müəssisələrində geniş tədris olunan STEAM layihəsini qeyd etmək olar. 
 
 
2019-cu il üçün Dünya İqtisadi Forumun Rəqabətlilik İndeksində Azərbaycan təhsil sisteminin 12 göstərici üzrə nəticələri əhəmiyyətli şəkildə yaxşılaşmış, 2019-cu ildə PİSA - şagirdlərin nailiyyətlərinin beynəlxalq reytinqində - Azərbaycan şagirdlərinin göstəriciləri yüksəlib. Bu, uğurda Bayramovun da əməyi var.
 
 
2018-ci ilin aprel ayında Ceyhun Bayramov təhsil naziri təyin edildi. Nazir olarkən də beynəlxalq münasibətlərin kurasiyası özü tərəfindən həyata keçirilib. Bu müddət ərzində bir sıra yüksək səviyyəli beynəlxalq tədbirlərdə Azərbaycanın maraqlarını təmsil edib. Nümunə kimi, UNESCO-nun 40-cı Baş Konfransı, Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri Təhsil Nazirlərinin konfransı, Çin “Bir Kəmər, Bir Yol” 2-ci Forumu və digər yüksək səviyyəli beynəlxalq tədbirlər göstərmək olar.
 
 
Təhsil Nazirliyinin pandemiya şəraitindən üzüağ çıxması Ceyhun Bayramovun uğurlarından biridir. Mart ayından başlayaraq yaranmış çətin vəziyyətə baxmayaraq, çevik şəkildə ard-arda təhsil layihələrinin ərsəyə gətirilməsi, aparıcı beynəlxalq şirkətlərlə yüksək səviyyəli əməkdaşlığın qurulması, "Microsoft" kimi beynəlxalq korporasiya ilə birgə layihənin uğurla icrası təmin edilib. Bu işlər gənc nazirin bacarıqlı və etibarlı kadr olduğunu bir daha nümayiş etdirir.
 
 
Bütün bunların fonunda Prezident İlham Əliyevin diplomatiya kimi strateji sahəni Ceyhun Bayramova həvalə etməsini anlamaq çətin deyil. Dövlət başçısı son çıxışında “bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır” deyə bəyan etdi, ardınca Ceyhun Bayramovu xarici işlər naziri təyin etdi. Dövlət başçısının kadr dəyişikliyinin arxasında diplomatiyamızı da dəyişdirilməsi əsas amildir.
 
 
Vaqif Hüseynli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top