"Xalqımız böyük acılar yaşaya bilər" — Deputat çağırış etdi

HADİSƏ 16 iyl 2020, 14:50

Milli Məclisin deputatı, Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov koronavirus pandemiyası ilə bağlı vətəndaşlara müraciət edib.


Demokrat.az müraciətin mətnini təqdim edir:


“Son günlər ölkədə baş verən hadisələr, eləcə də erməni təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhədində yaranmış gərgin vəziyyət hər birimiz üçün üzücüdür; bu hadisələr dünya ictimaiyyətini və az da olsa bir çox dövlətləri də narahat etməyə başlayıb. Amma belə bir şəraitdə, dünya və insanlıq üçün real təhlükəli epidiomoloji şəraitdə bu hadisələrə tələsik qiymət vermək, habelə sağlam düşüncə və məntiqdən çıxış edərək onları dəyərləndirmək tələb olunur. Digər tərəfdən Bakıda və ölkənin digər regionlarında ölkə vətəndaşlarının orduya və Qarabağa dəstək yürüşlərinin olması çox sevindirici haldır.


Azərbaycan vətəndaşının, Azərbaycan gəncliyinin həqiqətən özünü düşünmədən dövlətimizin, Ali Baş Komandanın və ordumuzun yanında olduğunu göstərən izdihamlı və möhtəşəm yürüşləri qürurvericidir. Qəhrəmancasına şəhid olmuş Azərbaycan generalını son mənzilə yolasalmada bu qədər izdihamın yaşanması həqiqətən şərəfvericidir. Xırda nüanslara, hansısa xırda ünsürlərin, yaxud təsir altına düşmüş cavanların insidentlər törətməsi də təəssüf hissi doğurur və əlbəttə ki, bunlar barədə dövlətimiz və hüquq-mühafizə orqanları lazımi tədbirlər görür və görəcək. Bu tədbirlərin effektivliyinə və vaxtında görülməsinə mənim qətiyyən şübhəm yoxdur. Amma həqiqət budur ki, xalq dövlətinin yanındadır, ordusunun yanındadır və ümumi mənzərə hər birimizdə fəxarət hissi oyadır.


Dəyərli dostlar və əziz vətəndaşlar! Mən Sizin diqqətinizi tamam başqa bir məsələyə çəkmək istəyirəm: əmin olun ki, bu gün düşünülən hadisə müharibə və qarşıdurma üçün seçilmiş zaman çərçivəsi mənə görə düşünülmüş daha böyük Planın tərkib hissəsidir. Nədir bu tərkib hissə? Hazırkı şəraitdə Azərbaycan cəmiyyətinin psixoloji vəziyyətini, onun epidimioloji durumunu, real tibbi nöqteyi nəzərdən ölkəmizdəki mövcud vəziyyəti, xəstəxanalardakı durumu nəzərə alsaq, kütləvi toplum halında belə bir yürüşün əsas hədəfi vətəndaşı epidimoloji cəhətdən daha təhlükəli vəziyyətə salmaqdır. Kütləvi şəkildə toplaşmaq, yürüşlər etmək, dövlətə və orduya dəstəkvermə kimi cəmiyyətimizin həssas psixoloji amildən istifadə etməklə düşmən bilərəkdən ölkədəki epidimoloji vəziyyəti daha da ağırlaşdırmaq niyyəti güdür.


İyulun 14-də baş tutan kütləvi mitinq tibbi nöqtəyi nəzərdən dövlətimizin və hər bir vətəndaşın 3-4 ay ərzində görmüş olduğu bütün epidiomoloji tədbirlərin üzərindən xətt çəkdi. Əfsuslar olsun ki, vətən eşqi ilə yürüşə çıxan minlərlə insanın heç biri bunun fərqində deyildi! Bu sadəcə çox ustalıqla hazırlanmış, düşmən qüvvələr və psixoloqlar, dünya tibb proseslərindən başı çıxan ağıllı ekspertlər tərəfindən əvvəlcədən planlaşdırılmış silsiləli hadisələr zənciridir. Buna görə də, deyilənləri nəzərə alaraq, mən ən azından, həkim-ekspert kimi bügünkü epidimoloji reallığı, hadisələrin siyasi oyun tərəfini, xarici qüvvələrin və düşmənlərimizin həyata keçirmək istədikləri planlarını, eləcə də bugünkü müharibə şəraitini nəzərə alaraq, dövlət və bayraq sevdalısı olan hər bir kəsi daha dərindən düşünməyə dəvət edirəm. Bu ən başlıcası, tibbi nöqteyi nəzərdən vacibdir.


İkincisi, dövlətimizin və cəmiyyətimizin gələcəkdə daha böyük problemlərlə üz-üzə qalmaması üçün lazımdır. Əks təqdirdə müharibə şəraitində yaşayan ölkəmizdə, eləcə də ordumuzda yeni-yeni itkilər yaşana bilər, sıxıntılarımız daha çox ola bilər. Ordu öz işini rahat bir şəkildə görməlidir. Unutmamalıyıq ki, nəzarətdən çıxabiləcək epidimioloji vəziyyət həm də sevdiklərini arxa cəbhədə, bizimlə birlikdə buraxmış əsgər və zabitlərimiz üçün yeni bir stress qaynağıdır.


Bunları nəzərə alaraq düşünürəm ki, vətəndaşların evdən çıxmaması üçün daha ciddi qərarlar lazımdır. Müalicə taktikalarında bu günə qədər görülən işlərdən daha fərqli işlərə ehtiyac var. Əks təqdirdə biz müharibənin vurduğu dəhşətlərdən və zərərlərdən yüz dəfələrlə çox zərərlərə və itkilərə məruz qalmış olarıq. Tarix bunu bizə heç zaman bağışlamaz. Və xalqımız böyük acılar yaşaya bilər. Bunun qarşısını almaq isə çox çətin olar. Bunu hər birimiz sağlam düşüncə ilə anlamalı və qəbul etməliyik.


Dəyərli dostlar!


Bu vacib məsələ ilə bağlı fikirlərimi sizinlə bölüşməyi özümə borc bildim. Hesab edirəm ki, sizin münasibətiniz və fikirləriniz daha çox önəm daşıyacaq.


Tanrı Xalqımızı qorusun! Ordumuz və Ali Baş Komandanımız var olsun!


Qoy hər bir vətəndaşımız öz müstəqil dövləti və Prezidenti ilə gələcəyə daha təhlükəsiz bir şəkildə addımlasın!”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top