Moskvada Azərbaycan Ordusuna dəstək aksiyası keçirildi

HADİSƏ 15 iyl 2020, 20:37

Bu gün Rusiyada yaşayan bir qrup azərbaycanlı son günlər Ermənistan-Azərbaycan sərhədində baş vermiş məlum silahlı toqquşma ilə bağlı Azərbaycan dövlətinə və ordusuna öz dəstəyini bildirmək məqsədi ilə Səfirliyin binasının önünə toplaşıblar.

 

Azərbaycanın Rusiyadakı Səfirliyinin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, Moskva şəhərinin müvafiq qurumları ilə razılaşdırılmayan və pandemiya vaxtı baş tutmuş toplantıya Səfir Polad Bülbüloğlunun xahişi ilə yerli hüquq-mühafizə orqanları müdaxilə etməyib və toplaşan şəxslərin öz mövqelərini bildirmək üçün imkan yaradılıb.

 

Səfir Polad Bülbüloğlu həmyerlilərimizlə görüşüb.

 

O, ilk öncə soydaşlarımıza göstərdikləri vətənpərvərlik və dəstəyə görə təşəkkürünü bildirib.

 

Həmçinin qeyd edib ki, son günlər Rusiyada yaşayan azərbaycanlılardan Səfirliyə çoxlu sayda müraciətlər daxil olur. Onların hər birində həmyerlilərimiz ordu sıralarına qatılmağa və müharibəyə hazır olduqlarını bildirirlər. Polad Bülbüloğlu bu haqda ölkəmizin müvafiq qurumlarına məlumat verdiyini diqqətə çatdırıb.

 

Səfir mövcud vəziyyətdən söz açaraq, Türkiyənin dəstəyini və Rusiya ilə münasibətlərin ölkəmiz üçün əhəmiyyətini önə çəkib.

 

Səfirliyin önünə gələnlərin çoxunun Rusiya vətəndaşları olduqlarını, burada işlədiklərini qeyd edərək, Rusiya ilə Azərbaycanı birləşdirən tarixi əlaqələr haqqında danışan Polad Bülbüloğlu, bu dövlətlə mövcud olan dostluq və işgüzar münasibətləri qoruyub saxlamaq və daha da inkişaf etdirməyin vacibliyinə dair fikirlərini bölüşüb. Azərbaycanın haqlı tərəf olduğunu, dünya birliyinin, beynəlxalq hüququn dövlətimizin tərəfində çıxış etdiyini deyərək, sonunda qələbənin bizimlə olacağını vurğulayıb.

 

Daha sonra Səfir Polad Bülbüloğlu toplantı iştirakçılarının suallarını cavablandırıb.

 

Toplantının sonunda soydaşlarımızın adından Qasım Salmanov çıxış edib

 

“Bizim burda yığışmağımızın əsas səbəbi odur ki, ermənilər bilsinlər: Azərbaycanın harada məkanı varsa, ora bizim cəbhəmizdir. Biz Qarabağda canımızdan necə keçmişiksə, burada da canımızdan keçməyə hazırıq. Qoy ermənilər bilsin ki, Rusiyada, bizim xalqımız harada varsa, Azərbaycanın igid oğulları orada da var. Əgər onlar bizə haradasa zərbə vurmaq istəsələr, bizim Səfirliyimizə, bizim xalqımıza, bizim millətimizə - bizi qarşılarında görəcəklər. Biz qüdrətli xalq olduğumuz üçün bir-birimizə dəstəyik, bu gün də, bu gündən sonra da əl-ələ verib hər yerdə, hər mövqedə birliyimizi ortaya qoymalıyıq. Bura yığışmışıqsa, hər kəsi bura gətirən qeyrətidir. Qeyrətli insanın vətəni əsir ola bilməz. Harada ermənilər təhlükə yarada bilərsə, biz canla-başla onların qarşısında durmağa hazırıq”, - deyə Q. Salmanov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top