“Yürüşü ermənilər tuman bağını bərk tuta-tuta izlədilər”

GÜNDƏM 15 iyl 2020, 18:00

“Dünən vətəndaşlarımızın Ordumuza Bakıda və bölgələrdə olan dəstək yürüşlərini sevinclə izlədim. Bu Xalq bir daha Dövlət, Vətən, Torpaq mövzusunda bir olduğunu hamıya göstərdi. Əminəm ki, həmin yürüşü ermənilər ürək ağrısı, tuman bağını bərk tuta-tuta izlədilər!”

 

Demokrat.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.


A.İsmayılovun sözlərinə görə, bəzi insanlar az olsa da xalqın o məhtəşəm hissinə zəhər qatmağı bacardılar: “Yürüşün sonunda Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarının çağırışı ilə insanların əksəriyyəti evlərinə döndülər. Ancaq bir neçə xainin (buna başqa ad tapa bilmirəm) təxribatı nəticəsində nəyin baş verdiyini anlamayan insanlar tərəfindən Milli Məclisin binasına hücum oldu, dinc nümayişçilərə, polislərə, Milli Məclisin birinci mərtəbəsinə zərər vuruldu. Polis qanun çərçivəsində qısa zamanda təxribatın qarşısını aldı. Ancaq dünən baş verənlər hamımıza dərs olmalıdır. Getdikcə belə halların güclənəcəyinə əminəm. Hamımız ayıq olmalı və belə təxribatların qarşısını dərhal almalıyıq. Bilməliyik ki, xaricdə ölkəmizdə vəziyyəti qarışdırmaq istəyən qüvvələr var və biz həqiqi müharibə şəraitindəyik. Unutmamalıyıq ki, 1992-1993-cü illər bizim torpaqlarımız əsasən döyüşlərdə yox, təxribatlar nəticəsində işğal olundu. Üzbəüz döyüşlərdə Ordumuz erməniləri darmadağın etdi. Ancaq daxildəki hakimiyyət çəkişməsindən istifadə edən ermənilərin düşünülmüş, hiyləgər şaiyələrləri nəticəsində vətəndaşlarımız doğma torpaqlarını döyüşsüz tərk etdilər. Orduda panika yarandı. Dünənki hadisələr bir daha ermənilərin eyni ssenaridən istifadə etmək istədiklərini göstərdi. Eyni üsulla, guya hərbi hissələrimizin, kəndlərimizin darmadağın edilməsi barədə saxta audio və videolar paylaşıldı. İçimizdə olan xainlər insanları Milli Məclis qarşısında təxribata səslədilər və bəzi vətəndaşlarımız təəssüf ki, buna uydular. Bu gün hamımız ayıq olmalı, belə şaiyələrə, təxribatlara uymamalıyıq. Buradan hakimiyyət hərislərinə, qrant naminə Vətənini satmağa, Ordumuzun məğlub olmasına sevinməyə hazır olanlara müraciət edirəm. Bu murdar əməllərinizdən əl çəkin, artıq o vaxt deyil, insanlarımız ağı-qaradan ayırmağı bacarırlar. “Xalq Milli Məclisə girdi”, “Milli Məclisin qarşısına yığışıb hakimiyyəti ələ alın” və bu kimi xəyanətkar, məqsədli şüarlarınızdan əl çəkin! Polisin qanuni, səbrli hərəkətlərini vəhşilik, insanlara qarşı amansızlıq kimi qələmə verib Polis - Xalq qarşıdurması yaratmağa cəhd etməyin, daxildəki vəziyyəti gərginləşdirib ermənilərin əlinə oynamayın. Bilin ki, etdiyiniz hərəkətləri, niyyətlərinizi, hakimiyyəti demirəm, Vətənini, Dövlətini sevən hər bir vətəndaş görür. Bu gün mən və məni kimilər hələ ki, adlar çəkmirik, ancaq bu murdarlıqlar təkrarlanacağı təqdirdə sizləri adbaad insanlara göstərəcəyik. Bu gün rəhimlərin, sürətlərin, nemətlərin taleyinə baxın və nəticə çıxardın! Bilin ki, bir gün bu xalq sizin də layiq olduğunuz cəzanızı verəcək. Buradan Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edirəm ki, dünən baş vermiş hadisələri diqqətlə araşdırıb qısa zamanda həmin təxribatı kimlərin hazırladığını və əsl məqsədlərini Xalqa göstərsin. Dövlətini, Vətənini, Qarabağın taleyini düşünən insanlardan xahiş edirəm ki, onlar Dövlət müstəqilliyimizin, Qarabağın taleyinin həll olunduğu bir məqamda gözləmə mövqeyində durmasınlar. Bir dəfə 1990-1993-cü illərdə bunu etdik və acısını bu günə qədər çəkirik. Bir daha eyni səhvlərə yol verməyək.

 
Hakimiyyət təmsilçiləri bilməlidirlər ki, Xalqın bu günkü dəstəyi Dövlətinə, Vətəninə, Qarabağa görədir. Bütün hallarda bilməlisiniz ki, bu hakimiyyət xalqa qarşı çox haqsızlıqlar edib və hər gün bu haqsızlıqları aradan qaldırmağa, Xalqın güzəranın yaxşılaşdırılmasını düşünün. İnşallah, bu gün gedən savaş Dövlətimiz, Vətənimiz üçün Qələbə ilə nəticələnər!”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top