"Ermənilərin törətdiyi təxribat siyasi məqsəd daşıyır" — Ramil Məmmədli

SİYASƏT 12 iyl 2020, 23:18

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində təxribat törədib. Müdafiə Nazirliyinin məlumatına görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib. Düşmən itki verərək geri otuzdurulub.


Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.


Tovuz istiqamətində baş verənləri "Sherg.az"a şərh edən hərbi ekspert Ramil Məmmədli bildirib ki, törədilən təxribat siyasi məqsəd daşıyır.


Ekspertin sözlərinə görə, bir neçə aydır ki, Ermənistan tərəfi qoşunlarımızın təmas xəttində aktivləşməsi ilə bağlı həqiqətə uyğun olmayan ittihamedici xəbərlər yaymaqdadır:


"Ermənilər başqa dezinformasiyalar da yayaraq cəmiyyətdə müəyyən gərginlik yaratmaq istəyirlər. İndi də Ermənistanın Azərbaycan sərhəddini keçərək təxribat etmək niyyətinin qarşısı alınıb.
Təəssüf ki, ordumuz Tovuz istiqamətində gedən döyüşdə itki verib, 2 hərbiçimiz şəhid olub, 5 hərbiçimiz yaralanıb. Amma ermənilərin Tovuz istiqamətində mövqeləri darmadağın edilib".


Ekspert daha sonra vurğulayıb:


"Azərbaycanın müstəqil siyasi, hərbi mövqe nümayiş etdirməsi düşmən üçün həmişə narahatlıq yaradıb. Ona görə də Ermənistan hər zaman cəbhədə gərginlik yaratmağa çalışır. Həmçinin Azrəbaycanın mövqeyinin beynəlxalq arenada güclənməsi, ölkəmizin müsbət imic qazanması Ermənistan tərəfindən həzm edilmir".


R.Məmmədli qeyd edib ki, Tovuzda baş verən hadisədə ordumuzun Ermənistan sərhəddini keçmək kimi bir niyyəti olmayıb:


"Amma Ermənistan ağır artilleriyadan atəş açaraq mövqelərimizə zərbə endirib. Ermənistan cəmiyyətində siyasi gərginlik hökm sürür. Bu gərginliyi azaltmaq üçün düşmən cəbhədə gərginliyi artırır. Yəni, Ermənistan rəhbərliyinə təzyiqin azaldılması üçün cəbhədə gərginliyə əl atmaq düşmən üçün ən yaxşı variantdır.


Ermənistan illərdir sübut etməyə çalışır ki, bu münaqişədə tərəf deyil. Amma Tovuz istiqamətində baş verən  hadisə onu göstərir ki, Ermənistan münaqişədə tərəfdir və hərbi əməliyyatlar birbaşa İrəvandan idarə olunur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top