“Demokrat.az” yazdı — Prezident icra başçısını işdən çıxardı

SOSİAL 11 iyl 2020, 16:46

Prezident İlham Əliyevin jurnalistlərə xitabən, “Siz yazın ki, biz nöqsanları aradan qaldıraq” sözünü hər kəs xatırlayır və dövlət başçısının mətbuatda işıqlandırılan nöqsanların aradan qaldırılması ilə bağlı dərhal göstəriş verdiyi də məlumdur. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun vəzifəsindən azad olunması bunu bir daha sübut etdi.


Arif Qasımov Nizami rayonu ərazisində vətəndaşların istirahəti üçün yaradılmış abad həyəti maddi məqsədləri üçün istismar edirdi. Belə ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ötən ilin dekabrında rayon sakinlərinin istirahəti üçün abad həyət layihəsi həyata keçirildi. Məmmədəli Şərifli küçəsində həyata keçirilən bu layihədə sakinlərin istirahəti, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün lazımi şərait yaradılıb, eləcə də əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti də nəzərə alınıb. 


Lakin Arif Qasımov abad həyətin istifadəyə verilməsindən az sonra həmin ərazidə restoran inşa etməyə başladı. Bu məqsədlə həyətin kifayət qədər ərazisi zəbt olundu, yeni əkilmiş ağaclar çıxarıldı, uşaqların inlişafı üçün istifadəyə verilmiş infrastruktur dağıdıldı. 

 


Demokrat.az olaraq, dünən – iyulun 10-da Arif Qasımovun bu qanunsuz əməli ilə bağlı geniş məqalə dərc etdik.


Həmin məqalə ilə buradan tanış ola bilərsiz... 


Məqalə yayımlananda sonra Arif Qasımov müxtəlif adamlar vasitəsilə bizimlə əlaqə yaradaraq, yazının saytdan çıxarılmasına çalışdı və bunun üçün müxtəlif vasitələrə əl atdı. Lakin biz geri çəkilmədik, çünki tənqidi media olaraq, dövlətin vətəndaşı üçün həyata keçirdiyi işlərin məmurlar tərəfindən “baltalanması”na qarşı həmişə barışmaz olmuşuq.

 


Bu məqalənin yayımlanmasından bir gün sonra – iyulun 11-də Arif Qasımov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olundu. Hazırda keçmiş icra başçısının abad həyəti zəbt edərək, inşa etdirdiyi restoranın sökülməsi ilə bağlı işlər aparılır.


Bu, bir daha sübut edir ki, cənab Prezident tənqidi medianı izləyir və belə nöqsanların aradan qaldırılması üçün sərt addımlar atır. Dövlət başçısının bu mövqeyi tənqidi medianı ruhlandırır, həm də üzərinə böyük məsuliyyət qoyur. 


Tənqidi media olaraq, cənab Prezidentə təşəkkür edir və nöqsanların aradan qaldırılması üçün əlimizdən gələni edəcəyimizi bildiririk.


Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top