“Məzuniyyəti evdə qalmaqla keçirmək olar”

SOSİAL 11 iyl 2020, 08:55

Artıq yay fəslini yarılamışıq. Əhalinin bir qismi illik məzuniyyətə çıxmağa başlayıb. Bəzi adamlar avqust ayına bilet alıb. Hazırki dövrdə məzuniyyət planlanan ən uyğun ay hansıdır? İnsanlar pandemiyanın psixoloji yorğunluğundan necə çıxsınlar?


Əmək hüquqları üzrə ekspert Sahib Məmmədov bildirib ki, insanlar məzuniyyət hüququndan istifadə etməlidir, amma nəzərə alınmalıdır ki, bu il məzuniyyəti keçirmək üçün yerlər elə də çox deyil: “Demək olar ki, ölkədən çıxmaq indi heç cür mümkün deyil, düzdür, istisnalar var, Türkiyə istiqamətində və sair. Amma ölkə daxilində istirahət yerləri, sanatoriyalar funksional deyil. Hər halda məzuniyyəti evdə qalmaqla keçirmək olar. Əlbəttə, gigiyenik qaydalara əməl etməklə qısa müddətdə harasa çıxmaq da mümkündür. Amma bunun üçün elə bir ciddi məsləhət yoxdur. Çünki vəziyyət belə diqtə edir, insanlar buna anlayışla yanaşmalıdır. Məzuniyyətin sonrakı dövrlərə saxlanması da məqsədəuyğun deyil. Çünki hələ bilinmir, bu proses nə qədər çəkəcək”.


Psixoloq Orxan Orucun sözlərinə görə, insanlar məzuniyyətə çıxmasalar belə, məzuniyyət kimi bir hiss yaşayırlar: “Pandemiya insanları daha qapalı şəraitə məcbur etdiyi üçün təbiət qoynunda, yaxud həmişə arzuladıqları, vərdiş halına gətirdikləri istirahət planına uyğun məzuniyyət təşkil etmələri daha doğru olar. Amma sözsüz ki, ölkəmizdə karantin rejimi davam edir və qaydaları pozmadan bunu təşkil etmək lazımdır. Bir çoxları evdən işləyirlər, yaxud bəzi iş yerləri fəaliyyətini dayandırıb. Bəzi insanlar ümumiyyətlə əmək haqqı ala bilmirlər, gəlirdən məhrum olublar. Çünki günəmuzd çalışırdılar, artıq bir neçə aydır bu cür iş yerləri bağlanıb. Bu hal da insanlara gərginlik yaradır”.

 
Orxan Oruc hesab edir ki, hazırda iş qabiliyyətli insanların arzuladığı məsələ məzuniyyət yox, əvvəlki qaydada gündəlik iş rejiminə qayıtmaqdır: “Pandemiya bitdikdən sonra insanların işləmək, yoxsa istirahət etmək fikrini öyrənmək üçün soğru keçirsək, böyük əksəriyyəti işləməyi seçəcək. Mən belə düşünürəm. Çünki ətrafımda müşahidə etdiyim, söhbət apardığım insanlardan bu qənaətə gəlmişəm ki, əksəriyyət əvvəlki dinamik iş həyatı üçün darıxırlar. Ona görə də, indiki dövrdə hətta işləməyin özü də bizim üçün məzuniyyətin yaratdığı duyğu verə bilər. Məzuniyyət üçün alternativ seçim yoxdursa, sözsüz, bu proses belə olacaq: insanlar fikirləşəcəklər ki, bu il heç məzuniyyət olmasa da keçinərlər, təki əvvəlki iş həyatına qayıdaq. Amma düşünürəm ki, psixoloji olaraq "Bu il istirahət etdim" düşüncəsini şüuraltına ötürmək üçün pandemiya bitdikdən sonra hər kəs özünə uyğun plan hazırlayıb, hansısa həftəni, ongünlüyü istirahət üçün ayırsa, karantin məhdudiyyəti dövründə edə bilmədiyi işi, səfəri reallaşdırsa, məqsədəuyğun olar”.(teleqraf.com)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top