“Rusiya Azərbaycana qarşı qətiyyən ərazi iddiası qaldıra bilməz”

SİYASƏT 10 iyl 2020, 11:31

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Sovet İttifaqının tərkibinə qatılmış respublikaların çoxuna Rusiyanın geniş əraziləri bəxş edilib. Bu torpaqlar sovetlər dağılarkən geri qaytarılmayıb.


“SSRİ-nin tərkibindən çıxanda bu respublikalar həmin torpaqları geri qaytarmalıydılar, özləri ilə rus xalqının hədiyyəsini də dartıb aparmamalı idilər”,- deyə, Rusiya prezidenti bəyan edib.

 
Putin hələ də həmin “tarixi rus torpaqları”nın bu respublikaların tərkibində olduğunu bildirib. Rusiya prezidentinin fikrincə, bu respublikaların hər biri SSRİ-ni tərk edərkən, Rusiya xalqından hədiyyələr aparmamalı və çıxdığı ilə getməli idi. Putin hansı respublikaları və hansı torpaqları nəzərdə tutduğunu söyləməyib. Lakin qeyd edib ki, SSRİ yaradıldığı zaman onun tərkibindən çıxmaqla bağlı müqavilədə bənd olub, ancaq bunun proseduru müəyyən edilməyib.


Bəs Putin bu açıqlamalarla hansı dövlətə və ya dövlətlərə mesaj vermək istəyir?  SSRİ 1922-ci ildə qurulanda Rusiya kimə nə ərazi verib? Putin indi təkcə onlarımı hədələyib? Bu hədədən Azərbaycan da narahat olsunmu?


Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Putin bu açıqlaması ilə  keçmiş SSRİ respublikalarına “istənilən an üzərinizə yürüməyə əlimizdə əsas var” mesajını göndərir: “Rusiya prezidentinin bu bəyanatı çox ciddi məsələdir. Sanki hansısa planı gerçəkləşdirməyə zəmin hazırlayır. Keçmiş SSRİ-nin tərkibində olan, indi isə müstəqil olan respublikaların bir çoxunun ərazisində separatizm ocaqları onsuz da uzun illərdir mövcuddur. Bu səbəbdən həmin respublikalar, o cümlədən Azərbaycan öz tarixi torpaqlarının bir hissəsini itiriblər. Belə görünür ki, Moskva bununla da kifayətlənmək niyyətində deyil. Faktiki olaraq hansısa respublikalara torpaq iddialarının olduğunu söyləyir. Bu həm də həmin respublikalara Rusiyadan uzaqlaşmamaq xəbərdarlığı da sayıla bilər. Bilirsiniz ki, son zamanlar Belarus və Qazaxıstan Rusiyadan uzaqlaşan müəyyən addımlar atmağa meyllənib.


Heç şübhəsiz Latviya, Belarus və Ukrayna, Qazaxıstan və Qırğızıstan nəzərdə tutulur. İllər öncə Putin belə bir ifadə işlətmişdi: “Nazarbayev çox qoçaq adamdır, heç vaxt qazaxların dövləti olmamışdı, o sovetlər dağılandan sonra qazaxlara dövlət qurdu”. Yəni Rusiyanın Qazaxıstana qarşı torpaq iddiaları daha böyükdür. Baykonura, Qazaxıstanın şimali qərb ərazilərinə iddialıdır, Ukraynaya qarşı böyük ərazi iddiası isə müharibə həddindədir. Hətta məlumdur ki, konkret əraziləri belə, “Rusiya əraziləridir”-deyə ələ keçiriblər. Rusiya Ukraynanın şərqini tamamilə Rusiya torpaqları hesab edir. Bildirir ki, bu ərazilər Ukraynaya SSRİ dövründə verilib. Bu iddialar sadəcə təzyiq vasitələridir. Yəni demək istəyir ki, mənim layihələrimə qoşulmasanız, bu ərazilərinizi sizdən geri almaq üçün əsasım var".


Politoloq hesab edir ki, Putin o açıqlamasında Azərbaycanı nəzərdə tutmur. Çünki Putin də yaxşı bilir ki, əslində Azərbaycanın bir sıra tarixi torpaqları hazırda Rusiyanın ərazisinə daxildir: “Rusiyadan ”qoparılan torpaqlar" deyərkən, hər halda, Azərbaycana mesaj vermir. Rusiya Azərbaycana qarşı qətiyyən ərazi iddiası qaldıra bilməz. Rusiya özü bir sıra xalqların tarixi torpaqlarını öz ərazisinə daxil edib. Rusiyaya qarşı Gürcüstanın, Ukraynanın, Qazaxıstanın və yaxın dostu olan Belarusun da ərazi iddiaları var.

 
Sovet dövründə öz tarixi torpaqlarını itirən yeganə xalq isə Azərbaycan xalqıdır. Bu torpaqlar, həm çar imperiyası dövründə, həm də sovet imperiyası dövründə Azərbaycandan alınaraq Ermənistan adlı qondarma dövlətin sərəncamına verilib. Bu proses sovet imperiyası dağılana qədər davam edən proses olub. Nəticədə də biz vaxtilə tarixi türk torpaqları olan ərazilərimizi itirdik. Əgər tarixi faktlar araşdırılıb üzə çıxarılarsa, məlum olacaq ki, Rusiyanın kiməsə qarşı ərazi iddiası ola bilməz və əksinə, Rusiya hər kəsə borclu çıxar. Buna görə də bu məsələni qaldırmaq Rusiyaya xeyli ziyan gətirə bilər".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top