“Turist yoxdur, toy-yas yoxdur, ətin qiyməti niyə bahalaşır?” — İqtisadçı

SOSİAL 09 iyl 2020, 16:41

“Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 40.4 mln ABŞ dolları dəyərində 22.6 min ton ət idxal edib, bu, 2019-cu ilin eyni ayları ilə müqayisədə 11 min ABŞ dolları (37,5%) və 2.3 min ton (11,2%) çoxdur. Yəni, pandemiyaya, karantin rejiminə baxmayaraq, ət idxalı artıb”.


Demokrat.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O bildirib ki, mart ayından etibarən ölkəyə turist gəlmir, kafe-restoranlar bağlıdır, şadlıq evlərində toylar ləğv edilib, yas mərasimləri keçirilmir, belə olan halda ət istehlakında ciddi düşmə olmalı, nəticədə isə ət qiymətləri də enməli idi:


“Amma görürük ki, nə qiymət düşür, nə də idxal azalır, bilirsiz niyə? Çünki hökumətin pambıq sevdası ölkədə heyvandarlığa ağır zərbə vurub, ənənəvi heyvandarlıq rayonlarına zorla pambıq əkdirdilər, örüş yerləri, yem əkin sahələri texniki bitkilərə ayrıldı, nəticədə ölkədə həm ciddi su problemi yaşanır, əkin yerlərinə su çatmır, həm də heyvandarlığın yem bazası azalıb, yem qiymətləri artıb, bu da ətin qiymətlərinə təsir göstərir. Bizim ənənəvi heyvandarlıq rayonlarımız, bölgələrimiz var, camaat da yüzillərdir ki, mal-qara, qoyun-quzu saxlamağa öyrənib, bu yanaşmanı təşviq etməkdənsə, süni olaraq pambıq sevdasına düşmək məntiqsizlik idi. Nəticə də göz qabağındadır, yəni turist yoxdur, toy-yas yoxdur, kafe-restoran bağlıdır, amma xaricdən ət almağı keçən ilə görə 11% artırmışıq, ətin qiymətində də enmə yoxdur. Məmləkətdə hər bir sahə belədir, elmi yanaşma yox, modellər qurmaq yox, araşdırmaq yox, sadəcə küyə düşmək və məmur maraqları var”.(yenisabah.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top