Arzuman Abdulkərimov: Prezident İlham Əliyev müsahibəsi zamanı çox önəmli mesajlar verdi

GÜNDƏM 08 iyl 2020, 14:52

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalı ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsi zamanı çox önəmli mesajlar verdi.


Prezident İlham Əliyev yerli telekanallara müsahibə verib


Hər dəfə olduğu kimi dövlət başçısı yenə də çıxışının mühüm bir hissəsini Dağlıq Qarabağ probleminə həsr edərək mühüm fikirlər söylədi. İlham Əliyev kifayət qədər açıq bir şəkildə Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyətinin olmamasını, Minsk qrupunun fəaliyyətinin səmərəsizliyini dilə gətirdi. Prezident haqlı olaraq Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apardığını, ATƏT-in Minsk qrupunun həmsədrlərinin tədbir görmədiyini vurğuladı. Doğurdan da Minsk qrupu formatı, həmsədlərin işləyirmiş görüntüsü yaratması sadəcə olaraq problemin həllini uzatmağa xidmət edir.


Azərbaycan ictimaiyyəti də dəfələrlə buununla bağlı prezidentin fikirlərini dəstəkləyən çıxışlar və fikirlər söyləyib. Hətta Minsk qrupu formatının ləğv edilməsi ilə bağlı olan, kifayət qədər sərt mahiyyət daşıyan çağırışlar da edilib. Prezidentin “Yaxşı, nə qədər olar? Fəaliyyətdə olmaq fəaliyyətdə olmaq deməkdir. Mən demişəm ki, biz danışıqları imitasiya üçün aparası deyilik” açıqlamasını verərək sonda Aprel döyüşlərini xatırlatması da Azərbaycanın səbr-kasasının dolmasının göstəricisi və qarşı tərəf üçün ciddi xəbərdarlıq mahiyyəti daşıyır. Azərbaycan da, dövlət başçısı da Minsk qrupundan həm əməli fəaliyyət, həm də adekvat çıxış və bəyanatlar gösləyir.


Azərbaycan Qarabağ məsələsində mövqeyini dəyişməyib. Danışıqların əvvəlindən fikir nə idisə yenə də o mövqe qalır. Bunu dövlət başçısının bəyanatından da aydın bir şəkildə görmək mümkündür. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz” deyən İlham Əliyev qarşı tərəfin təxribat xarakterli bəyanat və çıxışlarına sərt şəkildə cavab verib. Çünki Azərbaycanın mövqeyi həm tarixi ədalətə, həm də beynəlxalq hüquqa əsaslanır. Bu isə o deməkdir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək.


İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. “Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir” deyən Prezident İlham Əliyev bəyanatında kifayət qədər haqlıdır. Çünki BMT, onun Təhlükəsizlik Şurası, onun Baş Assambleyası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO və digər təşkilatlar qətnamələr qəbul ediblər. Yəni, bu, hüquqi müstəvidir, bizim mövqeyimizi tam möhkəmləndirən mənzərədir.


İlham Əliyev tarixi ədalət məsələsinə də toxunmaqla qarşı tərəfi yenə də gərgin vəziyyətə salıb. Onun Münhen Təhlükəsizlik Konfransındakı açıqlamalarını xatırlatması, Ermənistanda Kürəkçay sülh müqaviləsini əzbərləmələri ilə bağlı fikir söyləməsi ermənilərin tarixlə bağlı iddialarının darmadağın olmasının göstəricisidir. Dövlət başçısı “Kürəkçay sülh müqaviləsində erməni xalqı haqqında bir kəlmə də yoxdur” deməklə bu münaqişənin tarixi baxımından da faktlarını çox yaxşı bildiyini qarşı tərəfə sübut edib.


Danışıqların mahiyyətinə sadiq olan Azərbaycandan fərqli olaraq Ermənistan hər dfə təxribata əl atır. “Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur. Azərbaycan isə hələ səbrlə yanaşır. Amma səbr kasa da dolmaq üzrıdir. ATƏT adekvat cavab vermir, Ermənistan isə Şuşada saxta seçilmiş saxta qurumun “başçı”sı üçün “andiçmə” keçirir. Və bütün bunlara Azərbaycan Prezidenti çox açıq, sərt bir bəyanatla da cavab verib: “İndiyədək heç kim tərəfindən tanınmayan bu kriminal Dağlıq Qarabağ rejiminin bir neçə dırnaqarası seçkisi olub, Şuşada toy-bayram keçirilib. Nə üçün buna adekvat reaksiya verilmir? Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq. Bunu mən deyirəm. Amma onlar deməlidirlər, əgər istəyirlər ki, bu məsələ sülh yolu ilə həll olunsun. Nədir bunların bəyanatında əsas tezis – hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?!”


Bütün bu fikirlər Azərbaycanın və Prezident İlham Əliyevin haqlı mövqedə olduğunu, bu mövqeyi sübut etmək, qoruyub saxlamaq üçün kifayət qədər əsaslara sahib olduğunu göstərir. Azərbaycan ictimaiyyəti də Prezident İlham Əliyevin bu haqlı mövqeyini dəstəkləyir və tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə də möhkəm inanır.


Arzuman Abdulkərimov

AVP sədrinin siyasi məsələlər üzrə müavini (dialoq.info)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top