"Yalnız özlərinin seçdikləri partiyalarla dialoq xalqda ikrah hissi doğura bilər, ona görə də..."

GÜNDƏM 08 iyl 2020, 14:26

“Tək parlamentdə təmsil olunan partiyalarla yox, ölkədə kifayət qədər tərəfdarı, xalq arasında nüfuzu olan partiyalarla bu məsələlər müzakirə olunmalıdır, fikir mübadiləsi aparılmalıdır və bunun nəticəsi olaraq ölkədə partiyalarla işi gücləndirməkdən ötrü ortaya konkret mövqe qoyulmalıdır”


Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev prezidentin köməkçisinin siyasi partiyalarla görüşünə münasibət bildirərkən deyib. Partiya sədri bu görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb:


“Bu proses çoxdan başlayıb və əgər xatırlayırsınızsa, Novruz bayramı ərəfəsində cənab prezident ölkədə çoxpartiyalı sistemin yayılması və digər strukturlarda müxalifətin təmsilçilik məsələsini gündəmə gətirdi və xalqla-dövlət arasında partiyaların rolunu önə çəkdi. İndi də bu proses davam edir və görülən işlər ölkə başçısının dediklərinin davamıdır. Artıq partiya sədrləri də Prezident Aparatında yaradılan Partiyalarla İş Şöbəsiylə danışıqlar aparıb. Danışıqlar sözdə yox, əməldə həyata keçirilməlidir. Tək parlamentdə təmsil olunan partiyalarla yox, ölkədə kifayət qədər tərəfdarı, xalq arasında nüfuzu olan partiyalarla bu məsələlər müzakirə olunmalıdır, fikir mübadiləsi aparılmalıdır və bunun nəticəsi olaraq ölkədə partiyalarla işi gücləndirməkdən ötrü ortaya konkret mövqe qoyulmalıdır. Düşünürəm ki, partiyalarla videokonfransların keçirilməsi təqdirəlayiqdir. Təkcə Milli Məclisdə təmsil olunan partiyalar Azərbaycan xalqını təmsil etmir ki, əsas partiyalar bizlərik və ortaya konkret mövqe qoyulmasını gözləyirik. İstəyirik ki, indiki  partiyalar haqqında yeni qanunlar qəbul edilsin. Parlamentə elə partiyalar var ki, bunların yerlərdə heç strukturları yoxdur. Yaxud da elə partiya var ki, onun sədrinin qohumu Xarici İşlər Nazirliyində tutuldu və dedi ki, qohumum dövlətçiliyə xidmət etdiyinə görə onu danışdırmırdım. Bu məsələlər də araşdırılmalıdır. Biz Azərbaycanda müxalifət partiyası olaraq korrupsiyaya qarşı mübarizədə çox ciddi mövqeyimizi ortaya qoymuşuq, insanlara faktları sübut etmişik, ölkənin hüquq-mühafizə orqanları qərarlar qəbul edib. Yəni bu baxımdan biz həmişə dövlətin və dövlətçiliyin yanında olmuşuq. 


Dağlıq Qarabağ məsələsi çox ciddi problemdir və otuz ildir biz bunu həll edə bilmirik. Dünya dövlətlərinin bizə qarşı olan ədalətsiz münasibəti göz önündədir. Ona görə də düşünürəm ki, ölkədə güc sahibi olan bizim patiyaya da diqqət yetirilməlidir. Hansı ki, zamanında dırnaqarası akademik Ramiz Mehdiyev bizə imkan vermədi. Yəni bizlərin də təklif və rəyləri nəzərə alınmalıdır. Yoxsa ki, özlərinin seçdiyi partiyalarla dialoq aparmağın heç bir əhəmiyyəti olmayacaq. Bu, xalq arasında ikrah hissi doğuracaq. Ölkə başçısının səsləndirdiyi fikirləri dəstəkləyirik və həmişə də onun yanındayıq. Bu gün hüquq-mühafizə orqanları çox ciddi addımlar atır, ancaq buna baxmayaraq korrupsiya baş alıb gedir. Ölkənin strateji əhəmiyyətli bir nazirliyində belə hallar baş verirsə, görün indi vəziyyət nə yerdədir. Dağlıq Qarabağ məsələsində ölkə başçısıyla bir yerdə olmalıyıq, torpaqlarımızı erməni işğalçılarından azad etməkdən ötrü əməliyyatların keçirilməsində onun “sağ əli” olmalıyıq. Ölkədə milli barışıqdan söhbət gedir və  bunu təmin edə bilsək, bizi gözləyən dağıdıcı inqilabların qarşısını ala bilsək, düşünürəm ki, Dağlıq Qarabağ məsələsini də həll edə biləcəyik".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top