Deputat: “İşğal edilmiş Azərbaycan torpaqlarında həyata keçirilən məskunlaşma müharibə cinayətidir”

GÜNDƏM 07 iyl 2020, 12:15

Prezident İlham Əliyev iyulun 6-da yerli kanallara müsahibəsində Azərbaycan torpaqlarında işğalçı Ermənistan tərəfindən beynəlxalq-hüquqa zidd olaraq həyata keçirilən məskunlaşma siyasətinə diqqəti yönəldərək, beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə bu məsələni qaldırdığını və beynəlxalq qurumları bu cür qeyrı-legitim əməllərə münasibətdə ciddi mövqe nümayiş etdirməyə çağırıb. 


Müasir şəraitdə deportasiyalar, əhalinin qeyri-qanuni transferləri, işğal edilmiş ərazilərin məskunlaşdırılması beynəlxalq humanitar hüququn fundamental normaları və prinsipləri ilə bir araya sığmayan ən ağır cinayətdir. Məsələ burasındadır ki, işğal olunmuş Azərbaycan ərazilərində ermənilər tərəfindən məskunlaşdırılmanın həyata keçirilməsi əhalinin demoqrafik tərkibinin dəyişdirilməsi, Dağlıq Qarabağda nizamlanma prosesinin çətinləşməsi, işğaldan əvvəl mövcud olan status-kvonun bərpasının və məcburi köçkünlərin geriyə dönməsinin qarşısının alınmasına xidmət edir.


Ən mühüm məqamlardan biri də ondan ibarətdir ki, münaqişə tərəflərinin beynəlxalq müqavilələrdən irəli gələn hüquqi öhdəliklərindən asılı olmayaraq, işğal altında olan ərazilərə öz əhalisinin yerləşdirilməsinə qadağa hamılıqla tanınan beynəlxalq adət hüququnun normasıdır.  


Həmçinin, nəzərə almaq lazımdır ki, işğal edilmiş ərazilərdə əhalinin etnik tərkibinin dəyişdirilməsi universal səviyyədə beynəlxalq birlik tərəfindən qəbul edilmir və qətiyyətlə pislənir. Hələ 15 may 1992-ci ildə özünün 752 saylı qətnaməsində BMT-nin Təhlükəsizlik Şurası keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının bölgələrində əhalinin etnik tərkibinin dəyişdirilməsi cəhdlərini qınayaraq, belə əməllərə son qoyulmasını tələb etmişdir. Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları üzrə komissiyasının (hazırda İnsan hüquqları Şurası) xüsusi məruzəçisinin 27 iyun 1997-ci il tarixli yekun məruzəsinə əsasən, işğal edilmiş ərazilərdə məskunlaşma və işğalçı dövlətin əhalisinin yerləşdirilməsi hüquqa zidd hərəkətdir, dövlətin və fərdi cinayət məsuliyyətinə səbəb olur.        


Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinin xüsusiyyətlərinə görə burada baş verən hadisələrə 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları birmənalı olaraq şamil edilir. Xatırlatmaq istərdim ki, “İşğal edilmiş Fələstin ərazisində divarın inşasının hüquqi nəticələrinə dair” 9 iyul 2004-cü il tarixli məsləhət rəyində BMT-nin Beynəlxalq Məhkəməsi qeyd etmişdir ki, “Dördüncü Cenevrə Konvensiyası iki və ya daha çox Yüksək Razılığa gələn Tərəflər arasında yaranan silahlı münaqişə zamanı işğal olunmuş ərazilərə tətbiq edilir” (bax: Advisory Opinion Concerning Legal Consequences of the Construction of a Wall in the Occupied Palestinian Territory, İnternationa Court of Justice (ICJ), 9 July 2004, para. 101// https://www.icj-cij.org/files/case-related/131/131-20040709-ADV-01-00-EN.pdf). Nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağda münaqişənin tərəfləri Dördüncü Cenevrə Konvensiyasının iştirakçılarıdırlar: Azərbaycan Respublikası 21 aprel 1993-cü il tarixində, Ermənistan isə 7 iyun 1993-cü ildə bu beynəlxalq-hüquqi sənədə qoşulub.


Məlum olduğu kimi, “Mülki əhalinin müharibə dövründə müdafiəsi haqqında” IV Cenevrə Konvensiyanın 49-cu maddəsinin altıncı bəndinə əsasən, “İşğalçı dövlət öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə deportasiya edə və yə köçürə bilməz”. Bu maddəni diqqətə alan 8 iyun 1977-ci ildə Cenevrə Diplomatik konfransında qəbul edilmiş “Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsi haqqında 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına Əlavə Protokolun (I Protokol)” 85-ci maddəsinin dördüncü hissəsinin  “a” bəndinə əsasən, “işğalçı dövlət tərəfindən işğal edilən əraziyə öz mülki əhalisinin bir hissəsinin köçürülməsi bu Protokolun ciddi pozuntusu (grave breach) sayılır”, yəni bu əməllər müharibə cinayətin tərkibini ehtiva edir. Bunun təsdiqini 1998-ci ilin 17 iyul tarixdə Roma Diplomatik konfransında qəbul edilmiş və 1 iyul 2002-ci ildə qüvvəyə minmiş Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda tapmaq olar. Həmin Statutun səkkizinci maddəsinin ikinci hissəsinin “b” bəndinin VII yarımbəndində Cenevrə Konvensiyalarına Əlavə Protokolun (I-ci Protokol) 85-ci maddəsində göstərilmiş əməlin törədilməsi beynəlxalq cinayət məsuliyyətinə səbəb olur. 


Yuxarıda istinad etdiyim “İşğal edilmiş Fələstin ərazisində divarın inşasının hüquqi nəticələrinə dair” Məsləhət Rəyində BMT-nin Beynəlxalq Məhkəməsi qeyd etmişdir ki, “Mülki əhalinin müharibə dövründə müdafiəsi haqqında” Cenevrə Konvensiyasının 49-cu maddəsinin altıncı bəndi “nəinki İkinci dünya müharibəsi dövründə həyata keçirilən deportasiya və ya əhalinin zorakılıqla köçürülməsinə bənzər hərəkətləri, həmçinin, işğalçı dövlət tərəfindən işğal edilən əraziyə öz əhalisinin köçürülməsinin təşkilini və ya bunun həvəsləndirilməsini qadağan edir” (bax: Advisory Opinion Concerning Legal Consequences of the Construction of a Wall in the Occupied Palestinian Territory, İnternationa Court of Justice (ICJ), 9 July 2004, para. 120).   


Dağlıq Qarabağda işğalçı dövlət tərəfindən həyata keçirilən məskunlaşma siyasəti hərbi cinayəti olması ilə yanaşı, eyni zamanda Ermənistanın beynəlxalq hüquq müqavilələri ilə öz üzərinə götürdüyü öhdəliklərə real münasibətinin göstəricisidir. Belə ki, Ermənistan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının iştirakçısı olmasına baxmayaraq, təcrübədə həmin hüquqi aktların müddəalarını kobud surətdə pozub. Bu fakt öz növbəsində Ermənistanın 17 may 2005-ci ildə qoşulduğu 1969-cu il tarixli “Müqavilələr hüququ haqqında” Vyana Konvensiyasının kobud formada pozulmasına gətirib çıxarıb.


Sonuncu Konvensiyanın 26-cı maddəsində “pacta sunt servanda” prinsipini əks etdirən “qüvvədə olan hər bir müqavilə onun tərəfləri üçün məcburidir və onların tərəfindən vicdanla yerinə yetirilməlidir” müddəasına Ermənistan tərəfindən məhəl qoyulmaması, sivil dövlətlərin davranış qaydalarını müəyyən edən beynəlxalq hüquq müqavilələrinin bu dövlət üçün yalnız əhəmiyyətsiz kağız parçası olmasının bariz nümunəsidir. 


Əlbəttə ki, militarist siyasəti yürüdən, qonşu dövlətlərə ərazi iddiaları irəli sürən, etnik təmizləmələr, soyqırım, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər törədən Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına riayət edilməsini gözləmək sadəlövhlük olardı. Ancaq beynəlxalq cinayətlərin törədilməsini gündəlik dövlət praktikasına çevirənlər bilməlidirlər ki, Birləşmiş Millətlər Təşkilatı 26 noyabr 1968-ci ildə “Müharibə cinayətləri və insanlıq əlehinə cinayətlərə görə müddətlərin tətbiq edilməməsi haqqında” Konvensiya qəbul edərək, bu əməllərə görə məsuliyyəti qaçılmaz edib və Azərbaycan dövlətinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, dinc mülki əhaliyə qarşı amansızcasına cinayət törədənlər ədalət mühakiməsi qarşısında cavab verməli olacaqlar.    

 

Nizami Səfərov 
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü (oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top