“Kapital Bank”dan filiallarının qarşısında çəkilmiş görüntülərlə bağlı AÇIQLAMA — FOTO

SOSİAL 03 iyl 2020, 17:13

Xüsusi karantin rejimi tətbiq edilməsinə baxmayaraq, sosial şəbəkələrdə respublika ərazisində bankların qarşısında insanların sıx toplaşması ilə bağlı fotolar yayılır.


Oxu.Az xəbər verir ki, bu dəfə isə görüntülər “Kapital Bank”ın filiallarının qarşısında çəkilib.

 

Fotoda vətəndaşların sosial məsafəni gözləmədən toplaşması əks olunub. Görüntülər isə sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirə edilir.


Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, vətəndaşların sosial məsafəyə riayət etmələri üçün filialların qarşısında xüsusi nişanlar qoyulub:


“Filiallarımızın önündə olan növbələri Daxili İşlər Nazirliyinin əməkdaşları tənzimləyir. Bundan başqa, vətəndaşların sosial məsafəyə riayət etmələri üçün filialların qarşısında xüsusi nişanlar qoyulub. Bəzi filiallarımızın önündə qarışıq növbələr olur. Ancaq bir çox filialların qarşısında səliqəli növbələr mövcuddur. Misal üçün, Gəncə, Qubadlı, Şəmkir, Saatlı, “28 may” və digər filialların önündə olan səliqəli, sosial məsafə qorunan növbələr ötən həftə sosial şəbəkələrdə geniş müzakirə olundu. Bütün bu baş verənlər müvəqqətidir. Ümid edirik ki, tezliklə ölkədə tətbiq edilən xüsusi karantin rejimi bitəcək və biz əvvəllər olduğu kimi öyrəşdiyimiz iş şəraitinə qayıdacağıq”.


P.Sədrəddinov onu da əlavə edib ki, bu ilin mart ayından başlayaraq, koronavirusla mübarizə tədbirləri çərçivəsində ölkədə xüsusi karantin rejimi tətbiq olunub. Bununla da bir sıra yerlər kimi, bank filiallarında da sosial məsafəyə riayət olunması, qapalı məkanlarda insan sıxlığının aradan qaldırılması və bəzən qeyri-iş günlərində, həmçinin, bayramlarda filialların işləməməsi tövsiyə olunur:


“Hazırda filiallar önündə olan növbələrə gəlincə isə bildirirəm ki, ölkə üzrə olan 120-dək xidmət nöqtəmizdə yalnız əməkdaşların 50%-i işə çıxır. Yəni filialda əməliyyat üzrə əvvəl təqribən yeddi əməkdaş var idisə, hazırda bu sahəyə üç əməkdaş cəlb olunub. Digər tərəfdən may ayında bağlanan banklarda qorunan əmanətlərin qaytarılmasını qeyd edə bilərəm. Bakı şəhəri üzrə “AtaBank” və “Amrahbank”da qorunan əmanəti olanlar məhz “Kapital Bank” vasitəsilə ADİF tərəfindən ödənilən vəsaitlərini geri alıblar və hazırda da bu proses davam edir. Sonda bizim filiallara valyuta alqı-satqısı, pul köçürməsi, kart və ya cari hesab açmaq, əmanət yerləşdirmək, bitmiş ödəniş kartının müddətini uzatmaq üçün gələn müştərilərimizi qeyd etmək istərdim. 50% işçi personal ilə bu əməliyyatları həyata keçirmək daha çox zaman alır və filialların önündə növbələrə səbəb olur.


Biz ənənəvi bank əməliyyatları üçün filiallara gələn müştərilərə onlayn və rəqəmsal xidmətlərimizi tövsiyə edirik. Artıq müştərilər bir sıra xidmətləri “BirBank” tətbiqi vasitəsilə həyata keçirə bilir ki, bununla da onların filiallara gəlməyinə ehtiyac qalmır”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top