Astara Kollecinin “pandemiya rekordu”

SOSİAL 03 iyl 2020, 13:42

Azərbaycanın ucqar cənub rayonu Astarada 27 il əvvəl Pedaqoji Kollecin açılması bütün bölgə üçün mühüm hadisə idi. Amma illər keçdikcə kollecdən şikayətlər artırdı. Nəticədə məktəbin keçmiş rəhbərliyi “qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma” (CM-in 311.3.1. maddəsi) ittihamı ilə həbs edildi.


Astara Kollecinin yeni rəhbərliyi isə “pandemiya ili”nin imtahan mövsümündə maraqlı bir “rekord”la gündəmə gəlib. Məktəbdə 1-ci kurs tələbələrindən 13 (!) fənn üzrə imtahan götürülməsinə qərar verilib. Əvvəl tələbələr hər iki gündən bir sınağa çəkiliblər, son vaxtlar isə hər gün imtahan həyəcanı yaşayırlar.


Tələbələrin dediyinə görə, mart ayından dərslər dayandığından fənlərin çoxu ya keçilməyib, ya da onlayın qaydada “ortabab” tədris olunub. Amma buna baxmayaraq, Astara kolleci “imtahan baltasını”, necə deyərlər, dibindən vurub. Ağla gələn hər fənndən imtahan təyin olunub. Qız tələbələr hətta “çağırışa qədər tərbiyədən” də sınağa çəkiliblər.


Məlumdur ki, onlayın qaydada fiziki tərbiyə, bədən tərbiyəsi dərsləri, demək olar, keçirilmir, lakin kollec həmin fəndən də imtahan götürməyi qərarlaşdırıb. Ucqar kəndlərdən olan tələbələrin mobil telefonla imtahana qatılmaq imkanlarının məhdudluğunu nəzərə alsaq, mənzərə daha da aydınlaşar.


Bizə müraciət edən tələbələr və valideynlər bildirirlər ki, məktəb rəhbərliyinin “qayğıkeşliyi” onlarda pandemiya dövründə ciddi stress yaradıb. Ədəbiyyat imtahanı xüsusilə “yaddaqalan” olub. Hətta onlayın qaydada da keçilməmiş bu fəndən 5 sualın cavabını tələbələr 4-5 dəqiqəyə yekunlaşdırmaq zorunda qalıblar. Bəzi valideynlər deyirlər ki, əksəriyyət şikayət edərsə, təzyiqlərlə uzləşəcəyini gözə alıb, susur. Amma səsini çıxaranlar da sözlərinin altından imza qoymağa cəsarət etmirlər. Buna görə də onların müxtəlif eyham və “sui-istifadə halları” barədə “faktları” üzərində diqqəti cəmləşdirmədən “13 imtahan” məsələsinin ardınca getdik.


Rəhbərlik nə deyir?


Kollecin direktoru Ağababa İsmayılova zəng edib, məsələyə aydınlıq gətirməsini xahiş etdik. O, qısa və birmənalı şəkildə bildirdi ki, imtahanların sayının müəyyənləşdirilməsi birbaşa Təhsil Nazirliyinin səlahiyyətinə daxildir: “Burada bizlik heç nə yoxdur”.


Söhbət etdiyimiz digər kollec rəhbərləri isə deyirlər ki, imtahanların sayının təyin edilməsi tədris müəssisəsinin öz hüququdur. Doğrudan da, məsələn, elə Astara rayonunun qonşuluğundakı Lənkəran Dövlət Humanitar Kolleci ötən semestrin qiymətlərini əsas götürüb, tələbələrinə “imtahan amnistiyası” verib. Masallı Dövlət Regional Kolleci isə 3 əsas fəndən – riyaziyyat, xarici dil və Azərbaycan dilindən imtahanlar təyin edib və pandemiya dövründə tələbələrin imtahan sessiyasını başa vurub.


Belə çıxır ki, nazirlik Astaraya bir cür, Lənkərana başqa cür, Masallıya tam fərqli təlimat verir və rayonlara baxıb, qayda müəyyənləşdirir? Yəni, Astarada eksperiment keçirir?


Əlbəttə, inandırıcı deyil. Təhsil naziri 6 iyun 2020-ci il tarixdə “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” xüsusi əmr imzalayıb. Əmrə görə, imtahan sessiyası COVİD 19-la bağlı mühüm sənədlərdə göstərilən şərtlərə əməl etməklə, Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, məhz “ali idarəetmə orqanında təsdiq edilmiş qaydalara uyğun” təşkil olunur.


Təəssüf ki, nazirlik hazırda məhdud tejimdə fəaliyyət göstərdiyi üçün sualımıza cavab verə biləcək şəxslə əlaqə qura bilmədik. Amma mövzuya qayıtmağı düşünürük.


Müəllif: Zahir Əmənov, (Cenub.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top