Baş epidemioloq danışdı: “Hər şeydən xəbərim var, ölkədə nə baş verdiyini bilirəm”

SOSİAL 03 iyl 2020, 12:17

Azərbaycanın Baş epidemioloqu İbadulla Ağayev barəsində səslənən fikirlərə münasibət bildirib.


İ.Ağayev Pravda.az-a açıqlamasında deyib ki, ona zəng ediləndə həmin an üçün proseslərdən xəbərsiz olub: “İyulun 2-də mənə zəng ediləndə, dəfn mərasimindəydim. Vəfat edən yaxınımdır. Mərasimdə 4 nəfər iştirak edirdi, ikisi qəbirqazan, qardaşı və mən idim. Üstümə hücum çəkirlər ki, ölkədəki vəziyyətdən xəbəri yoxdur. Deyirlər ki, ölkənin baş epidemioloqu niyə xəbərsizdir… Telefonumda internet yoxdur. Bunu zəng edənə də dedim, vəziyyəti izah etdim. Yalandan nə deyim? Nəsə səhv olarsa, necə olacaq? Həmin an üçün məlumatsızamsa, nə deyim? Rəqəmlər gündəlik dəyişir. Ümumilikdə, hər şeydən xəbərim var, bilirəm. Mən epidemiyadan, pandemiyadan 50 ilə yaxındır ki, dərs deyirəm… Cənab nazirin verdiyi tapşırıqların hamısından xəbərim var, icrası ilə məşğuluq. Vətənə xidmət edən adamam. Baş epidemioloqla bərabər, həm də Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiriyəm. Tələbələrim, o cümlədən ölkə bilir ki, necə insanam. Nə əldə etmişəmsə, halal zəhmətimlə etmişəm. Nə qədər yaşayıram, canımda can var, o qədər də Azərbaycan xalqına xidmət edəcəyəm. Azərbaycanda doğulmuşam, burada da ölmək istəyirəm. Həmişə ölkəmə xələl gətirəcək işlərə qarşı olmuşam. Özünüz də görürsünüz, heç bir jurnalistin zəngini geri çevirmirəm. Bütün saytların, televiziyaların əməkdaşlarının suallarını cavablandırıram. İnsanıq da, çətin vəziyyətdə ola bilərik. Dəfələrlə jurnalistlərə təşəkkürümü bildirmişəm ki, belə çətin vəziyyətdə çalışırlar, informasiya dəstəyi verirlər. Ayıbdır, səsimi yazıb, hədəfə gətirirlər. Bir-birimizə hörmət etməliyik. Nə demişəm ki, ölkənin qatmısınız bir-birinə? Konstitusiyanın 32-ci, Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, belə şeylər yolverilməzdir. Mənim icazəm olmadan səsimi yaya bilməzlər. Bunu etməklə nəyə nail oldular ki? Nə pis iş görmüşəm ki?”.


O, 1992-ci ildən – AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründən vəzifədə çalışmasına irad bildirənlərə də cavab verib: “Epidemilogiya kafedrasının müdiriyəm, əməkdar elm xadimi, müəlliməm. Təbiidir ki, Baş epidemioloq mən olmalı idim…Epidemiyanı, pandemiyanı mən artıq bilən varmı? Bu elmi tədris edirəm. Tutaq ki, AXC-Müsavat cütlüyünün vaxtından Baş epidemioloqam, epidemioloqun cəbhəyə nə dəxli var ki? Yeni Azərbaycan Partiyasının üzvüyəm. Kommunist Partiyasının da üzvü olmuşam. Həkim üçün nə cəbhə? Necə olur, Rusiyanın Baş epidemioloqu 50 ildir çalışır, Ermənistanda da Baş epidemioloq xeyli müddətdir, işləyir, Azərbaycanda işləmək mümkün deyil? Epidemioloqam, professoram, ölkədə bu elmin başında duran mənəm... Bir məsələni qeyd edim, ictimai əsaslarla çalışıram. Mənə pul versələr də, verməsələr də, vətənimə xidmət edirəm, bunu hamı bilsin”.


Baş epidemioloq əhaliyə bir daha çağırış edib: “Gecə-Gündüz televiziyalarda çağırış edirəm. Çıxışlarımın birində, hətta yalvardım ki, əziz xalqım, xahiş edirəm, tibbi maskadan, əlcəkdən istifadən edin, sosial məsafəni qoruyun. Özünüz özünüzün həkiminiz olun. Bu xəstəlik təkcə Azzərbaycanda deyil ki, bütün dünyada var. Vallah-billah, Allaha and olsun, həkimlərimiz gecə-gündüz mübarizə aparırlar. Prezident İlham Əliyev bu istiqamətdə mühüm addımlar atır. Təsəvvür edin, ölkənin iqtisadiyyatı ikinci plana, əhalinin sağlamlığı isə önə keçib. Bu da ölkənin epidemioloji salamatlığının qorunması üçündür. Əhalidən bir daha xahiş edirəm, qaydalara əməl etsinlər. Pandemiya ilə zarafat etmək olmaz. “Boş şeydir” deyib keçmək olmaz, bu, ciddi xəstəlikdir. Bu qədər ölənlər, xəstəxanada müalicə alanlar nədir bəs? Bəziləri özü xəstəliyə yoluxmayınca inanmır. Hazırda ölkədə həyata keçirilən tədbirlər çox düzgündür. Sadəcə, müəyyən qrup insanlar var ki, qaydaara riayət etmirlər. Xəstələnirlər, amma gizlədirlər, özləri müalicə edirlər, ağırlaşandan sonra əlacsız qalıb, həkimə müraciət edirlər. Belə olan halda, həkim də nəsə edə bilmir. Özünüzdə narahatlıq hiss edirsinizsə, tibb müəssisələrinə müraciət edin. Sahə həkimləri protokollara əsasən müayinə edir… Əhali qaydalara nə qədər tez riayət edərsə, pandemiya bir o qədər tez bitər. Hazırda ölkədə vəziyyət müsbətə doğru gedir”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top