Şəkidə ayı balası tapıb satmaq istəyənlər yaxalandı — VİDEO

HADİSƏ 02 iyl 2020, 23:24

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində adı “Qırmızı kitab”a düşən qonur ayı balalarını satmaq istəyən şəxslər saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.az-a verilən məlumata görə,  polis əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman “Ford” markalı avtomobilə “saxla” əmri verilib.  


Avtomobilə baxış zamanı orada iki qonur ayı balası aşkar edilib. Nəqliyyat vasitəsində olan sürücü və sərnişinlər  saxlanılaraq Polis Şöbəsinə gətirilib.


Onların Şəki rayon sakinləri Anar Abdullayev,  Fazil Sadıqov və Vasif Əhmədov olduqları müəyyən edilib.  A.Abdullayev və F.Sadıqov ifadələrində Şəki rayonunda  meşəyə gedərkən orada qonur ayı balalarını görərək  özləri ilə yaşadıqları ünvana gətirdiklərini, bir aydan artıq  bəslədikdən sonra 3500 manata onları satmaq üçün V.Əhmədova məxsus avtomobillə  Balakən rayonuna gətirdiklərini bildiriblər.


Polis əməkdaşları tərəfindən qonur ayı balaları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verilib və Altıağac Milli Parkı nəzdindəki Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilib.


Faktla bağlı araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top