Sabir Rüstəmxanlı: "Bu tarix Azərbaycanın müstəqilliyinin təminatı idi”

SİYASƏT 15 sen 2018, 11:52
Əgər Bakı erməni-bolşevik işğalında qalsaydı, Azərbaycan dövlətinin mövcudluğu şübhə altında olacaqdı”
 
Bu gün Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsinin 100 illiyi keçirilir. 
 
Bununla bağlı ilk dəfə olaraq paytaxtımızda parad da təşkil edilib. Xalq şairi Sabir Rüstəmxanlı Moderator.az-a açıqlamasında tarixi günümüzlə bağlı öz fikirlərini bölüşdü:
 
“Bu barədə çox demişik. Nuru Paşayla bağlı bir kitab da yazmışam və çap ediləcək. Bu tarix Azərbaycanın müstəqilliyinin təminatı idi. Əgər Bakı erməni-bolşevik işğalında qalsaydı, Azərbaycan dövlətinin mövcudluğu şübhə altında olacaqdı. Təkcə Bakı deyil, Azərbaycanın bütün şərq tərəfi düşmən işğalı altında idi. Hətta Qarabağda da savaş gedirdi. Türküstan ordusu gəldi və bir neçə aylıq savaşlarla, çox ağır itkilər verərək Mildən, Muğandan, Şirvandan keçə-keçə azərbaycanlılara qarşı soyqırım təşkil edən erməni quldurlarını əzərək, nəhayət dünənki gecə Bakıya son hücum başladı və bu gün səhər həmin quldur dəstələri gəmilərə doluşaraq Bakıdan qaçdılar. 
 
Bununla da Bakıda, Şamaxıda, Qubada və Lənkəranda1918-ci il Mart qırğınlarının intiqamı alındı. Təkcə burda Bakının azad olunması söhbəti deyildi, həm də bir millətin şərəfi, ləyaqəti və namusu qorundu. Nuru Paşa üç ay burda qaldı və dekabrın 25-də Bakıdan çıxdı. Bu üç ay Azərbaycan tarixi üçün mühüm bir dövrdür. Həmin vaxtı Bakıda dövlət möhkəmləndi, müvafiq qurumlar, nizam-intizam yarandı və insanların öz gələcəklərinə ümid hissi bərpa olundu. Bu gün həmin tarixin yüz illiyi qeyd olunur və sevinirəm ki, bu gün yüzillikdə hərbi paradla Türküstan Ordusu Bakıya qayıdır və Azərbaycan ordusu öz gücünü nümayiş etdirir. Bu gün ən böyük dərdimiz odur ki, hələ də torpaqlarımızın bir hissəsi yenə erməni-bolşevik işğalındadır və bu dəfə biz o torpaqları ermənilərdən təmizləməliyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top