“Pandemiya dönəmində polislərimizin çiyinlərinə ağır yük düşüb”

SOSİAL 02 iyl 2020, 13:06

“Bu gün Azərbaycanda 2 İyul – Polis günü qeyd edilir. Polislərimizdən hərdən inciyib-küssək də yaxşı bilirik ki, bizi qoruyan onlardır”.


Bu sözləri Polis günü ilə bağlı Versus.Az-a açıqlamaslnda Müsair Müsavat Partiyasının sədr müavini Könül İsmayılova deyib.


Bu ilin polislər üçün də gərgin il olduğunu deyən Könül xanım vurğulayıb ki, müşahidələrdən də göründüyü kimi, Azərbaycan polisi pandemiya dönəmində gərgin iş rejimində çalışır:


“Həkimlərimiz kimi polislərimizin də çiyinlərinə ağır yük düşüb. Bu ilin mart ayından başlayaraq gərginlik, narahatlıq onları da səbirsizləndirə bilər. Çünki onlar da insandır, onların da dincəlməyə, normal şəkildə iş həyatına ehtiyacları var. Biz evlərimizdə ailələrimizlə rahat istirahət edəndə polislərimiz gecə-gündüz küçələrdə olurlar, asayişin keşiyində dayanırlar. Biz rahat isti qazan yeməkləri yeyəndə onlar işlərinin başından ayrılmamaq üçün ayaqüstü qidalarla keçinirlər. Bütün bunlar bir vətəndaş olaraq hər birimiz tərəfindən dəyərləndirilməlidir”.


K.İsmayılova vurğulayıb ki, hər işdə səriştəsizlərin olduğu kimi, polis sistemində də bu cür adamlar ola bilər. Amma bu o demək deyil ki, bütövlükdə Azərbaycan polisi yarıtmazdır:

 
“Ataların belə bir deyimi var - “qurunun oduna yaş da yanar”. İndi təsadüfi polis olanların, polisliyi yaxşı qazanc yeri hesab edənlərə, vətəndaşlarla necə davranmağı bilməyənlərə, öz işinin mahiyyətini anlamayanlara görə digərlərini də pisləmək düz olmaz axı. Çox istərdim ki, polis sistemində qeyri-peşəkarlara yer verilməsin, belələri varsa da zamanla uzaqlaşdırılsın. Ümid edirəm ki, belə olarsa, tez bir zamanda polis-vətəndaş anlaşılmazlığı da aradan götürüləcək. Nəyə görə bir-iki vecsizə görə Azərbaycan polisinin adına xələl gəlməlidir?


Gəlin onlar bizi qoruduqları kimi, biz də onları dəyərləndirək. Mən bütün polislərimizi bu gün münasibətilə təbrik edirəm”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top