İsveçrədə tibbi maskalardan istifadə qaydaları sərtləşdiriləcək

DÜNYA 02 iyl 2020, 11:10

İyulun 6-dan etibarən İsveçrədə bütün növ ictimai nəqliyyat vasitələrində tibbi maskalardan istifadə icbari olacaq.

 

Demokrat.az xəbər verir ki, bu barədə qərarı İsveçrə hökuməti (Federal Şura) qəbul edib. Buna səbəb isə indiyədək maskadan istifadəyə dair tövsiyələrə əhali tərəfindən yetərincə riayət olunmamasıdır. İctimai nəqliyyatdan (qatar, tramvay, metro, avtobus, eləcə də dağ kanatları və gəmilər) istifadə edən və yaşı 12-dən yuxarı hər bir şəxs növbəti həftədən etibarən tibbi maska taxmalı olacaq.


Bununla yanaşı, hökumət riskli ölkələrdən İsveçrəyə gələn şəxslərə on günlük özünütəcrid tətbiq edəcək. Bu şəxslərə ölkəyə daxil olarkən karantin barədə məlumat veriləcək və onların üzərinə müvafiq kantonun rəsmi dövlət qurumlarında qeydiyyatdan keçmək öhdəliyi qoyulacaq. Federal Səhiyyə Agentliyi aviaşirkət və avtobus turları şirkətlərinə riskli ölkələrin siyahısını təqdim edib və bu siyahı hər ay aktuallaşdırılacaq.


Federal Prezident Simonetta Sommaruqa bildirib ki, virusun yenidən sürətlə yayılması təhlükəsi böyükdür. Ona görə də rəsmi qaydalarla əhalinin cavabdehlik hissi arasında balans yaratmaq lazımdır. Hazırkı gedişata nə həddən artıq reaksiya verilməsi, nə də etinasızlıq göstərib göz yumulmasına yol vermək olmaz.


Qeyd edilməlidir ki, indiyədək İsveçrədə 31 min 800 nəfər yeni növ koronavirusa yoluxub, 1685 nəfər bu infeksiya ilə əlaqədar həyatını itirib.(AZƏRTAC)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top