"Bu virusa birlikdə qalib gəlməliyik" — Əməkdar məşqçi

İDMAN 01 iyl 2020, 19:52

Hazırkı şəraitdə koronavirus qlobal səviyyədə bir bəladır və bütün dünya infeksiyadan ciddi şəkildə əziyyət çəkir. COVID-19 infeksiyasına milyonlarla yoluxma halı qeydə alınıb və yüz minlərlə insan bu virusun qurbanı olub. Hətta ən yüksək inkişaf etmiş ölkələr belə pandemiyanın qarşısında aciz qalıblar. Ümumdünya Səhiyyə Təşkilatı isə virus əleyhinə peyvəndin uzun müddət hazır ola bilməyəcəyini bəyan edib və ölkələrə koronavirusla mübarizədə tövsiyələrini verməkdə davam edir. Pandemiya ilə əlaqədar bütün dünyada yerli və beynəlxalq səviyyəli mühüm tədbirlər, idman yarışları, o cümlədən dünya, Avropa çempionatları, “Tokio-2020” Olimpiadası təxirə salındı, vaxtları dəyişdirildi. Bütün bunlar koronavirus bəlasının miqyasından, təhlükənin ciddiliyindən xəbər verir.


Demokrat.az bildirir ki, bu fikirləri qadın taekvondoçulardan ibarət Azərbaycanın yığma komandasının baş məşqçisi, Əməkdar məşqçi Elnur Amanov AZƏRTAC-a açıqlamasında bildirib.


Məşqçi qeyd edib ki, hazırda bütün ölkələr kimi, Azərbaycan da koronavirusdan əziyyət çəkir. Lakin dövlətimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə bu virusun yayılmasına qarşı ciddi mübarizə aparılır. Xüsusilə, aprel-may aylarında Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun atılan addımlardan sonra yoluxmaların sayı azaldı. Azərbaycan virusla mübarizədə nümunəvi ölkələrdən sayılmağa başladı. O zaman yoluxma ikirəqəmli idisə, indiki halda üçrəqəmlidir. Belə ki, karantin rejiminin yumşalmasından istifadə edən vətəndaşlarımız qaydalara laqeyd münasibət göstərdi, nəticədə isə ölkəmizdə yoluxma halları artmağa başladı.


Koronavirusla bağlı vəziyyətin getdikcə ciddiləşdiyini vurğulayan Əməkdar məşqçi deyib: “bu, hər bir vətəndaş qarşısında böyük öhdəlik və məsuliyyət qoyur. Adətən çağırışlara, tələblərə, qaydalara əməl edən ölkələrdə yoluxma hallarında azalma olur. Ona görə də ölkəmizdə hər bir vətəndaş maskadan istifadə etməli, sosial məsafə tələblərinə və karantin rejiminin qaydalarına riayət etməlidir. Bu səbəbdən vətəndaşlarımıza ictimai nəqliyyatda, xüsusən qapalı məkanlarda tibbi maska taxmağa, bu virusdan qorunmaq üçün dezinfeksiyaedici vasitələrdən istifadə etməyə çağırıram.


Bir idmançı olaraq vətəndaşlara tövsiyə edərdim ki, idmanla məşğul olsunlar, qidalanma və gündəlik rejim qaydalarına diqqət yetirsinlər, immuniteti artıran qidalardan istifadə etsinlər. Vacib olmadığı halda, evdən çıxmasınlar. Bununla da vətəndaşlarımız özlərini, doğmalarını və yaxınlarını bu təhlükəli xəstəlikdən qorumuş olacaqlar. Odur ki, hazırkı vəziyyətdə hamımız bir-birimizə dəstək olmalı, yüksək həmrəylik nümayiş etdirməli və bu virusa birlikdə qalib gəlməliyik”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top