“Radikallar Azərbaycanı içəridən qarışdırmağa cəhd göstərirlər”

GÜNDƏM 01 iyl 2020, 14:00

Son günlər sosial şəbəkələrdə Azərbaycanda koronavirus pandemiyasına qarşı aparılan mübarizəni gözdən salmağa cəhdlər edilir. Gürülən çoxsaylı tədbirlərə kölgə salmağa çalışılır. Əsasən, tibb sahəsində guya ciddi çatışmazlıqların olduğu, təcili tibbi yardım maşınlarının çağırışlara getmədiyi, xəstələrin tibb ocaqlarında başlı-başına buraxıldığı, dərmanların tapılmadığı kimi əsassız iddialar, şayiələr tirajlanır. Halbuki, vurğulananların əksəriyyəti həqiqəti əks etdirmir və kiçik problemlərin səbəbləri dəfələrlə cəmiyyətə açıqlanıb.


Qeyd olunub ki, dünya ölkələri ilə müqayisədə xəstəliklə ən yaxşı mübarizə aparan ölkələrdən biri məhz Azərbaycandır. Ölkəmizdə ilk gündən koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün xəstəxanalar ayrıldı, yeni tibb müəssisələri istifadəyə verildi. Modul tipli xəstəxanalar açıldı, onların bütün texniki ləvazimat, avadanlıq, dərman preparatları ilə təminatı həyata keçirildi. Müasir laboratoriyalar alındı, qorucu vasitələrin istehsalı təşkil edildi. Lakin hər bir ölkənin səhiyyə sistemi müəyyən potensiala malikdir.


Koronavirusa mövcud yoluxma dinamikası xəstəxanaların dolmasına, yerlərin çatışmazlığına səbəb olur. Pandemiyanın pik nöqtəsi zamanı İtaliya, İspaniya, Fransa kimi səhiyyə sistemləri nümunə kimi təqdim olunan ölkələrdə insanlar təcili tibbi yardım ala bilmirdilər. Xəstəxanalarda yer çatışmadığına görə evdə qalır, müalicə almaq imkanından məhrum olurdular. Hər bir ölkənin səhiyyəsi pandemiyanın pik nöqtəsi və ya yoluxma hallarının kəskin artığı dövrdə yüksək səviyyəli xidmət təşkil etməkdə çətinlik çəkir. İstənilən ölkədə ixtisaslı kadrların çatışmazlığı var. Bununla yanaşı, həkimlər aylarla xəstəxanalardan çıxmır, ailələrinin üzünü görmür, öz həyatlarını riskə ataraq, gecə-gündüz xəstəliklə mübarizə aparırlar. Məhz onların fədakarlığının nəticəsidir ki, bu gün minlərlə insan müalicə olunaraq sağalıb, öz ailələrinə qovuşublar. 


Əlbəttə, bəzi xəstələrin subyektiv səbəblərdən gözlədikləri xidməti ala bilməməsinə dair faktlar ola bilər. Lakin belə halları ümumiləşdirmək və bütün tibbi xidmətə şamil etmək əsassız və yolverilməzdir. 


Yayılan söz-söhbətlə bağlı “Sherg.az”a danışan siyasi ekspert, jurnalist Azər Həsrət bildirib ki, Azərbaycanın tibb sistemi haqqında ümumən tənqidlər zaman-zaman olub. Onun sözlərinə görə, səhiyyə sistemində müəyyən qüsurlar var və bunu heç kim inkar etmir: 


“Həmin problemlərin aradan qaldırılması istiqamətində pandemiya dövrünə qədər xeyli işlər görülüb. Demək olar ki, Azərbaycanın əksər tibb müəssisələri, sağlıq ocaqları yenidən qurulub, müasir avadanlıqlar alınıb. Hətta ən yüksək səviyyədə tibbi texnologiyalar tətbiq edilməyə başlanılıb. Bundan başqa özəl sektorda da kifayət qədər inkişaf gözə çarpır.


Bu baxımdan tibb sahəsi barəsində müsbət fikirlər söyləyə bilərik. İndiki şəraitdə, koronavirus dövründə tənqidlərin olması başadüşüləndir. İnsanların gözləntiləri çoxdur. Lakin koronavirus pandemiyası başlayandan, karantin elan olunan gündən etibarən dəfələrlə bəyan edilib ki, müəyyən zamandan sonra elə bir həddə çata bilərik ki, tibbi personalımız və texniki imkanlarımız yetərli olmaya bilər. Biz indi həmin mərhələyə yaxınlaşmışıq.


Həqiqətən də tibb personalı, texniki təchizat problemi hiss olunur. Nəzərə alaq, ABŞ-dan tutmuş dünyanın istənilən ölkəsində eyni problemlər yaşanır. Çünki burada kütləvi, bəşəri yoluxmadan söhbət gedir. Pandemiya dalğa-dalğa çoxalır, yoluxanların sayı gün keçdikcə artır. Təsəvvür edin ki, Azərbaycanda hər gün 500-550 civarında yoluxma qeydə alınır. Yoluxanların da hamısı xəstəxanaya yerləşdirilir. Şübhəsiz ki, tibb müəssisələri hər gün 500 xəstəni qəbul edə bilməz.


Bunu 3-5 gün, bir həftə etmək olar, amma davamlı prosesə çevrildiyi zaman problemlər üzə çıxır. Bəs, bu durumdan “faydalanıb” tənqidləri sərtləşdirənlərin məqsədi nədir?! Bəzi adamlar fürsətdən sui-istifadə etməyə çalışırlar. Xüsusən, radikal müxalif mövqedə olanlar, Azərbaycanı içəridən qarışdırmaq, xalqın narazılığını artırmağı hədəfləyənlər bu durumdan öz məqsədləri üçün yararlanmağa cəhd göstərirlər”. 


A.Həsrətin sözlərinə görə, onlar ümumilikdə tibb sistemimizi tənqid adı altında hakimiyyətin “yarıtmazlığını” sübut etməyə çalışırlar: 


“Azərbaycan hakimiyyəti də, müxalifəti də yaxşı bilir ki, dünyanın ən qüdrətli dövlətləri belə pandemiya ilə bacara bilmir. Bütün ölkələr çarpayı sayından tutmuş, texniki təchizata qədər ciddi problemlərlə üzləşirlər. Demək istəyirəm ki, indiki mərhələdə tənqidlərin bu cür səsləndirilməsi əsassızdır. Azərbaycan həkimləri günün qəhrəmanıdır. Tibb sistemində çalışan hər kəs bir əsgər kimi növbədədir. Düşünürəm ki, onları əsassız yerə tənqid etmək yox, həvəsləndirmək, ən azından mənəvi dəstək olmaq lazımdır. Qüsurlar da uyğun bir dildə, konstruktiv mövqedən ifadə edilməlidir”. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top