Rusiya ilə Qarabağ alınmadı, sabah Qərblə alınacaqmı..?

SİYASƏT 29 iyn 2020, 11:40

“Ölkəmizdə hər şeyi xalq, onun iradəsi həll edir. Paşinyanla bağlı son qərarı özümüz verəcəyik. Əgər Kreml Bakıya kömək etsə, biz özümüz Ermənistan və Artsaxı müdafiə edəcəyik. Özümüz də yeni azad edilmiş ərazilərdə hərbi parad keçirəcəyik. Yeri gəlmişkən, Putini ora dəvət etməyəcəyik. Rusiyadan fərqli olaraq, bizim sivil dünyada dostlarımız var”.


Narahat olmayın, bunu biz demirik. Bu cümlələr erməni mediasındakı bir yazıdan götürülüb. 


Ermənistanda anti Rusiya əhval-ruhiyyəsi həmişə olub. Paşinyanın məxməri inqilabından sonra isə bu açıq şəkildə aparılır. Özləri bilər. Boğuşsalar bəlkə “yolçunun da işi rast düşərdi”.  Yolçu da guya biz olmalıyıq. Yolçunun bu “boğuşmaya” hazır olub-olmaması isə sual altındadır, çünki 26 ildə hazır olduğumuzu əyani şəkildə göstərə bilməmişik.
 

Burda diqqəti çəkən başqa məqamlar var. Erməni yazarın “özümüz də yeni azad edilmiş ərazilərdə parad keçirəcəyik və Putini də ora dəvət etməyəcəyik, bizim sivil dünyada dostlarımız var” sözləri sıradan bir fikir deyil. Bu günlərdə Dağlıq Qarabağın başçısı Arutunyan da Feysbuk səhifəsində yazıb ki, apreldə itirdiyimiz torpaqları geri qaytaracağıq. Keçən il müdafiə naziri Tonoyan da bəyan etmişdi ki, biz yeni ərazilər tutmaq niyyətindəyik və ordumuzun buna gücü çatar. Paşinyan da müdafiə nazirinin üstündən gəlib demişdi ki, “ona bu sözləri deməyə mən icazə vermişəm”.


Gördüyünüz kimi Ermənistanın başçısının da, nazirinin də, yazarının da mövqeləri üst-üstə düşür. Bu sadə həmrəylik və təbliğat deyil. Rusiyadan asılı olan bu dövlət açıq şəkildə bütün təbəqələr səviyyəsində anti Rusiya siyasəti aparıb, “Rusiyadan fərqli olaraq sivil dünyada dostlarımız var” deyirsə, 1985-1988-ci illər arasında Balayanın, Aqanbekyanın Dağlıq Qarabağla əlaqədar yazılarını bəyanatlarını yadınıza salın. SSRİ-nin dağlmasına hələ 5-6 il qalmış, ermənilərin açıq antisovet təbliğat aparmaları perspektivin hara aparacağından məlumatlı olmalarına dəlalət edir. Və Qarabağ hadisələrinin başlanması, SSRİ-nin dağılması sübut etdi ki, ermənilər güclü analitik mərkəzlərin proqnozları ilə tanış olublar və zamanında ilk addımları ata biliblər. Üstəlik, yeni ərazilər işğal etməklə bizi hədələyirlər. Yadınızdadırsa bizim bəzi media rəhbərləri də  xalqa Şuşanı unutmağı, Gəncəbasar və Naxçıvanı qorumağı məsləhət görürdülər. İndi də ermənilər Rusiyadan asılı olmasına baxmayaraq əsasən anti Rusiya mövqeyindədirlər və deməli, faktiki olaraq ağır siyasi və iqtisadi böhran içində olan Rusiyanın yaxın gələcəkdə fəlakətlərlə üzləşəcəyini hiss edirlər və ya konkret analitik informasiyalara malikdirlər deyə, açıq şəkildə çoxillik havadarlarına qarşı indidən təbliğat aparır və “sivil dünyada dostlarının olduğunu”  vurğulayırlar.
 

Rusiya isə həmişə olduğu kimi Ermənistanın nazı ilə oynayır, xətrinə belə dəymir. Ermənistan kabel televiziyasında yayılan Rusiya kanallarına və rusdilli kanallara qadağa qoyur, erməni dilindən subtitrlə istifadə etməklə yayılmlanacağını şərt kimi irəli sürür. Rusiyanın Ermənistandakı səfiri buna etiraz etsə də, qəbul olunan qanunun ölkənin öz işi olduğunu da deməyi unutmur. Ermənistan hərbçiləri Moskva paradında Dağlıq Qarabağın gerbini daşıyır, biz də fəxr edirik ki, bizim hərbçilər Qırmızı Meydandan keçir. Azərbaycanda 400 rusdilli məktəb açılır, üç Rusiya ali məktəbinin filialını yaradılır, amma Rusiya Qarabağı işğal edib erməniyə verir, aprel döyüşlərində də bizim müdafiə nazirinə deyir ki.., dayanın.  Sabah Ermənistan həmən “sivil dostlarına” – Qərbə, ABŞ-a arxalansa (bu proses başlayıb, davam edir və tezliklə Qərb tam olaraq Ermənistanı bağrına basacaq) biz o zaman hansı təbliğatı aparacağıq? Deyəcəyik ki, bu demokratlar imkan vermir Qarabağı almağa? Bu demokratlar - yəni Avropa Parlamenti erməninin Qarabağda yol çəkməsini qanunsuz hesab edir, biz də onları rəngli inqilab törətməkdə qınayırıq. Sabah bizim istinad yerimiz hansı güc birliyidir? Rusiya ilə Qarabağ alınmadı, sabah Qərblə alınacaqmı? Bu gün dediyi kimi Qərb sabah da deyəcək ki, Azərbaycan qeyri-azad ölkə olduğuna görə Qarabağı ora qaytarmaq olmaz. Yolumuz hayanadır?
 

Ermənistan rəsmiləri bizi zəif bildiklərinə görə tez-tez yeni ərazilər işğal edəcəklərini dilə gətirirlər. Neçə ki, Müdafiə Nazirliyi bu cür sakit dayanacaq, bizə qarşı işğal hədələrinin reallaşmasının ehtimalı da artacaq. Yaxşı olar ki, Müdafiə Nazirliyi Milli Məclisin deputatına yox, onu hədələyən işğalçı erməniyə cavab versin.


Moderator.az-ın analitik qrupu


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top