"“İnfodemiya” pandemiya qədər təhlükəlidir" — Professorla MÜSAHİBƏ

MÜSAHİBƏ 28 iyn 2020, 10:54

Müasir medianın ən ciddi problemlərindən biri də  “fake news” (yalan xəbər) xəbərdir. Bəzən hardansa oxuduğumuz məlumata inanıb, etibar edib, ona uyğun addımlar atırıq.Bir müddətdən sonra isə məlum olur ki, həmin xəbər yalan elementlər də dolu imiş. Başqa sözlə desək. həqiqətlə yaxından-uzaqdan əlaqəsi yox imiş. Nəticədə həqiqi xəbər görəndə də inanmır, ona şübhə ilə yanaşırıq. Beləliklə də, mətbuata etimad azalır, cəmiyyətdə çaşqınlıq yaranır. Elə isə nə etməli? Çıxış yolu gözümüzü, qulağımızı tutub yeniliklərdən, baş verənlərdən imtina etməkdə, ya xəbərlərin birinə inanıb, birinə inanmamaqdadır?

 
Məsələ ilə bağlı BDU Jurnalistika fakültəsinin professoru, media mütəxəssisi  Qulu Məhərrəmli ilə həmsöhbət olduq. 


-Sizcə, niyə yalan  xəbərlər yayılır?


-“Fake news” həqiqətin qarşısını kəsir, ictimai şüuru çaşdırır. Başqa sözlə desək, belə xəbərlər həqiqi informasiyanın təhrif olunmuş, interpretasiyaya uğramış formasıdır. Xüsusilə internet çağında belə xəbərləri yaratmaq və yaymaq daha asandır. Yalan məlumatlar müxtəlif məqsədlərlə istifadə edilir. Onlardan ən başlıcası rəqabətdir. Belə ki, müxtəlif dövlətlərin, biznes qurumlarının, həmçinin KİV-in rəqabəti bəzən rəhbərlərin saxta xəbərlər yayması ilə nəticələnir. Beləliklə, informasiya müharibəsi meydana çıxır. Bəzən isə həvəskar adamlar bu əməli törədirlər.Onların məqsədi sadəcə ictimaiyyəti aldatmaqdan ibarətdir. İstənilən halda belə informasiyalar çox tühləkəli və qorxuludur. Ona görə də bütün dünya “fake”lərə qarşı mübarizə aparır.


-Bəs “fake news”un təhlükəsi nədən ibarətdir?


-Biz indiki pandemiya dövründə  yalan məlumatların nələrə səbəb ola biləcəyini bir daha əyani şəkildə gördük. Aylardır ki, koronavirusla bağlı bir-birini təkzib edən informasiyalar yayılır. Beləliklə, insanlar nəyə inanacağını bilmirlər. Təsadüfi deyil ki, beynəlxalq aləmdə artıq “infodemiya” termini işlədilir. Bu, pandemiya qədər təhlükəlidir. “Fake  xəbər”lərin yayılması hər şeydən əvvəl insanlarda qorxu, panika yaradır. İkinci tərəfdən, dövlətlər arasında münasibətləri kəskinləşdirməklə yanaşı, həm də ölkə daxilində hakimiyyətə inamı azaldır. Beləliklə, kollektiv tədbirlərin səmərəliliyi azalır. Məsələn, ötən aylar ərzində “fake”lər bu qədər çox yayılmasa idi, sözsüz, verilən tapşırıq və göstərişlərə daha çox adam əməl edərdi. Artıq bir sıra ölkələrdə, o cümlədən Rusiyada “fake xəbər” fabrikləri yaranıb. Yəni saxta xəbər yaymaqla məşğul olan xüsusi kateqoriya var. Bu isə onu deməyə əsas verir ki, koronavirus pandemiyası nə vaxtsa bitsə də, biz canımızı saxta xəbərlərdən belə tez qurtara bilməyəcəyik. 


-“Fake xəbər”ə konkret bir misal göstərə bilərsinizmi?


-Əlbəttə. Belə faktlar kifayət qədərdir. Məsələn, aprel ayında koronavirus barədə bir video yayılmışdı ki, guya Bill Geyts hələ 2005-ci ildə Pentaqondakı çıxışında illər sonra bir respirator virus vasitəsilə insanların şüuruna təsir etməyin mümkün olacağını deyib. Süjet tez bir zamanda sürətlə yayıldıqdan sonra adamlarda koronavirusa qarşı münasibət dəyişdi. Daha konkret desək, mübarizə tempi zəiflədi. Çoxları “onsuz da virus yoxdur, hər şey oyundur” deyə düşünməyə başladılar.


-Həmin videonun həqiqəti əks etdirmədiyini hardan bilirsiniz?


-Çünki süjetdə müxtəlif fotolar da təqdim edilir. Mütəxəssislər həmin şəkillərin 2010-cu ildə hansısa jurnalda çap olunduğunu  isbatladılar. 2010-cu ildə çəkilən kadr beş il əvvəlki süjetdə necə ola bilər? Deməli, bu, nələrəsə hesablanmış və ustalıqla hazırlanmış yalandır. “Fake xəbər”lərin son vaxtlar çoxalması heç kimə sirr deyil.Bu, texnikanın inkişafı, xüsusilə montaj, dublyaj kimi imkanlarla əlaqədardır. İndi saxta xəbər hazırlamaq, dezinformasiya yaymaq çox asandır. Məsələn, ola bilsin, hansısa iğtişaş zamanı polis aksiyaçıya qarşı dəyənək gücündən istifadə edib. Usta montajçı həmin aksiyaçının yerinə kiçik bir uşaq fotosu yerləşdirə bilər. Məqsəd isə polisə olan münasibəti dəyişməkdir. Ona görə belə məqamlara diqqətlə yanaşmaq lazımdır. 


-“Fake xəbər”lə dezinformasiya arasında hansı fərqlər var? 


-Mahiyyət etibarilə eyni anlayışlardır. Dezinformasiya “fake xəbər”in növlərindən biridir. Belə ki, “fake”lər ən müxtəlif məqsədlər, o cümlədən sadəcə əyləncə üçün yayıla bilər. Dezinformasiyanın isə konkret hədəfi olur. Dezinformasiyalar tarix boyu olub və xüsusilə tacirlər vasitəsilə yayılıb. Məsələn, Çingiz xan, Əmir Teymur haqqında deyilənlər, yazılanlar buna misaldır. Belə informasiyalar insanları ruhdan salmağa, əhali arasında təşviş, qorxu yaratmağa hesablanır. Bir vaxtlar tacirlərin yaydığı dezinformasiyalar indi belə demək mümkünsə, sosial şəbəkələrə transfer olunub. Xarakter və məqsəd isə eynidir. Dezinformasiya ilə bağlı müxtəlif ölkələrin, o cümlədən Rusiyanın qanunvericiliyində müəyyən müddəalar var. Bu əməli törədənlər həm Mülki, həm də Cinayət məcəlləsi ilə məsuliyyət daşıyırlar.


-“Yalan üz qızardar” deyirlər. Amma faktiki olaraq, “fake xəbər” yayanlar azalmır, əksinə, tədricən çoxalır...


-Bəli, belə bir ifadə var. Və bu, əxlaq prinsipi olaraq qəbul edilib. Sadəcə indi yalan danışmaq, yazmaq elə çoxalıb ki, bir çox hallarda onu həqiqətdən ayırmaq mümkün olmur. Həm də yalan artıq adi hala çevrilib. Yalan azalmır, azalmayacaq da. Nə qədər ki, yalan xəbər yaymaq üçün həvəs və imkan var, bunun qarşısını almaq mümkün olmayacaq. Həm də yeni medianın inkişafı bu prosesin sürətlənməsinə şərait yaradır. Tutalım, adam var ki, heç bir jurnalistika biliyi yoxdur. Ancaq İKT-yə bələdliliyi ona asanlıqla və ustalıqla yalan xəbər tirajlamağa imkan verir. Bilirsiniz ki, atom bombası sayəsində enerji almaq da olar, böyük bir ərazini məhv etmək də. Bax, bu da ona bənzəyir. Məsələ mövcud imkandan necə istifadə etməkdədir. Yalan həmişə, ən qədim zamanlarda da olub. Hətta “Dünya yalanları” adlı toplulalar da var. Fəqət yalanların sayı heç vaxt indiki qədər çox olmayıb. Odur ki, həqiqət carçısı olan peşəkar media “fake”lərlə mübarizədə diqqətli olmalıdır.


-Elə isə oxucu həqiqəti yalandan ayırmaqdan ötrü nə etməlidir?


-Bu, çox ciddi məsələdir. Biz indi faktiki olaraq informasiya təzyiqi altındayıq. Əlbəttə, belə bir şəraitdə həqiqəti yalandan, dezinformasiyanı informasiyadan ayırrmaq elə də asan deyil. Bunu bacarmaq üçün ilk növbədə aldığımız hər bir məlumata məntiqlə, soyuqqanlılıqla, ayıq başla yanaşmalıyıq. Əlbəttə, ümumi bilik və dünyagörüşün olması da şərtdir ki, bizi aldadıb-aldatmadıqlarını müəyyənləşdirək. Və həm də media savadlılığı olmalıdır. Biz təklif etmişik ki, orta mkətəblərin yuxarı siniflərində media savadlılığı tədris olunsun. Söhbət təkcə xəbər yazmaqdan getmir. Sadəcə xəbər istehlakçıları hüquqi normaları, etik kodeksləri, xəbərin predmetlərini bilməlidirlər. Bu, onlara həqiqəti “fake”dən ayırmağa yardımçı olacaq. Əlbəttə, bu işdə bayaq dediyim kimi, həqiqi media da mütləq öz auditoriyasına kömək etməlidir. 


-Qulu müəllim, texnologiyanın inkişafı nəyə daha çox şərait yaradır-saxta xəbərlərin yayılmasına, ya həqiqətin tapılmasına?


-Əslində bayaq bu məsələyə ötəri toxunduq. Texnologiyanın inkişafı deyəndə müxtəlif alətlərin tətbiqi nəzərdə tutulur. Bu gün əlimizdə tutduğumuz smartfonların çox böyük imkanları var-kamera, dikrafon “qeyd dəftərçəsi”, həmçinin müxtəlif montaj proqramları istifadəçiyə öz məqsədini həyata keçirmək üçün geniş imkanlar yaradır. İndi əsas məsələ məqsədin nə olmasıdır. Belə alətlər  məqsədindən asılı olmayaraq hər kəsə kömək edir. 


-Vətəndaş jurnalistikası “fake xəbər”lər arasında hansı əlaqə var? Əgər “fake” xəbərlərlə mübarizə aparırıqsa, onda belə qənaətəgəlmək olar ki, vətəndaş jurnalistikası da təhlükəli və lazımsızdır? Ya “fake”lərlə mübarizə aparmaqla yanaşı, həm dəvətəndaş jurnalistikasının inkişafını təmin edə biləcək təklifiniz var?


-Gəlin, əvvəlcə, anlayışları dəqiqləşdirək. Mən daha çox “vətəndaş mediası”ifadəsini işlətməyin tərəfdarıyam. Çünki jurnalistika bir sistemdir. Onun konkret qaydaları, kodeksləri,  prinsipləri var. Media isə hər kəsin istifadə edə biləcəyi vasitədir. Əlbəttə, vətəndaş mediasında saxta xəbərlərə rast gəlmək mümkündür. Ümumilikdə isə “fake” vətəndaş mediasının fəlsəfəsinə ziddir. 


-Sizcə, “fake”lərlə necə mübarizə aparmaq olar?


-İnsanların niyyəti, məqsədi o qədər pak olmalıdır ki, onlar belə xəbərləri yayanların qarşısında dayana bilsinlər və onlara inanmasınlar. Digər  tərəfdən məhz insanların şüuru “informasiya ekologiyası”nın qayğısına qalmalıdır. Çünki internetdə kifayət qədər faydalı məlumatlarla yanaşı, həm də ciddi “çirklilik” var. Söz və ifadə azadlığını məhdudlaşdırmaq, qanunvericiliyə düzəliş etmək barədə də düşünmək olar. Amma bütün hallarda heç bir dövlət interneti tənzimləmək barədə düşünməməlidir. Çünki internet ifadə azadlığını təmin edən böyük bir platformadır. Şüurlu təbəqə üçün mübarizə mexanizmi etik öhdəliklərlə həyata keçirilməlidir. Yəni müxtəlif sosial platformalardan istifadə edən insan kimisə təhqir etməmək, manipulyativ elementlərdən istifadə etməmək haqqında müəyyən etik öhdəliklər götürməlidir. Bəs həmin öhdəliklərin yerinə yetirilməsinə kim nəzarət edəcək? Bu da ilk növbədə cəmiyyətin özünün əlindədir. Təsadüfi deyil ki, “fake”lər Çin kimi avtoritar ölkələrdə  daha populyardır. Deməli, demokratik ab-hava internetə daşındıqca  “fake”lər  də sıradan çıxacaq. Bəşəriyyətin ən böyük kəşflərindən biri olan internetin insanların mənəvi rahatlığını təmin etməsini unutmamalıyıq. (Sherg.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top