Natiq Cəfərli: “Nikol Paşinyan kloundur, ciddi siyasi bilikləri yoxdur”

SİYASƏT 27 iyn 2020, 21:40

“Müasir tariximizdə 30 il, ümumiyyətlə isə az qala 150 ildir ki, erməni təcavüzü, qarayaxması, PR-ı ilə üzvəüz qalmışıq, amma hələ də işğalçı ölkə olan Ermənistanı, orada gedən prosesləri, daxili siyasətini, iqtisadi vəziyyətini, sosial anatomiyasını öyrənən normal bir qurum, Beyin Mərkəzi yarada bilməmişik. Düşmən ölkəyə qarşı həmişə mənasız informasiya siyasəti aparmışıq – gah İrəvanda dairədə fırlanan köhnə “PAZ” avtobusunu göstərmişik, gah da “Ermənistan acından oboy yeyir” kimi içiboş təbliğatla məşğul olmuşuq”.

 
Demokrat.az
-ın xəbərinə görə, bunu ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib.


N.Cəfərli qeyd edib ki, Ermənistanın daxili siyasətini ciddi analiz edən qurum, mərkəz yoxdur deyə prezident də, məmurlar da, elə müxalifət üzvlərinin bəziləri də həmişə pafosla danışırlar, hadisələrə analitik münasibət göstərə bilmirlər: 


“Mediamızda da ciddi analizlər görmürük, düşmən ölkəni yaxşı öyrənə bilmirik – bu isə atılan addımların, səsləndirilən fikirlərin kəsərini azaldır, həm tarixən, həm siyasi olaraq haqlı olduğumuz davamızda haqsız durumlara düşürük.
 

Paşinyan son aylar Moskvadan idarə olunan əks-inqilabın qarşısını almaqla məşğuldur, əvvəl Köçaryanı, bir neçə generalı həbs etdi, işdən çıxartdı, sonra isə öz milyonlarını Rusiyada və ya Rusiyaya görə qazanan, özünü Ermənistanda müxalif sayan Sarukyanın deputat toxunulmazlığını parlament ləğv etdi, oniun həbsinə hazırlıq başlandı. Sarukyanın ipi Moskvanın əlindədi, onun şirkətləri (Multi Qaz, Multi Leon, Qlobol Motors, Multi Motors və s.) Rusiya qazının və avtomobillərinin Ermənistanda satışını həyata keçirən inhisarçı şirkətdir. Sarukyan Rusiyanın bir çox mükafatlarına layiq görülüb, hətta 2007-ci ildə Ermənistan-Rusiya dosluq əlaqələrini inkişaf etdirdiyinə görə Rusiyanın “Dimitri Donskoy” ordeni ilə təltif olunub. Rusiyanın müxtəlif şəhərlərində daşınmaz əmlakı, ticarət şəbəkələri, ofis binaları var”.
 

O vurğulayıb ki, Moskva Paşinyandan narazıdır – ona çəki-düzən vermək istəyir, amma bunu ordu ilə, qaba güclə, 1999-cu ildə parlamentin, 2008-ci ildə isə mitinqə çıxmış dinc etirazçıların gülələnməsi kimi etmək istəmir: 


“Məqsəd daxili siyasi fürsətlərdən istifadə etməklə Nikol Paşinyanı tamamı ilə öz cizgisinə çəkməkdir. Yəni, bu gün Ermənistanda baş verənlər Kremlin sserasi üzrə gedir, Nikol Paşinyanın komandası isə buna müqavimət göstərir. Onun komandasının, hələ ki, siyasi krediti bitməyib, xalq arasında dəstəyi hələ ki, güclüdür, ona görə də əks-inqilabın qarşını almağa siyasi iradəsi çatır. 


Amma Nikolun özü kloundur, ciddi siyasi bilikləri yoxdur, çox güman, arxasında Qərbin Beyin Mərkəzləri var ki, ona məsləhətlər verirlər. Yəni, bu gün biz işğalçı Ermənistanda baş verən hadisələrə ancaq və ancaq Qarabağ prizmasından baxmalıyıq, Qərb-Rusiya qarşıdurmasının elementinə çevrilməməliyik. Əgər fürsət yaransa, beynəlxaq konyuktur imkan versə bu prosesdən işğala son qoymaq üçün istifadə etməyi bacarmalı, bunun yollarını tapmalıyıq – nə Moskvaya, nə də Qərbə bizi müxtəlif formada bu oyuna çəkməyə imkan verməməliyik. 


Əgər Moskva Ermənistanda daxili vəziyyətə siyasi müdaxilə imkanlarını tükətsə,mütləq bizə ehtiyacı yaranacaq – Paşinyanın hakimiyyətdən getməsinə Qarabağda lokal döyüşdə ciddi məğlub olub bir neçə işğal altında olan rayonumuzun azad edilməsi ola bilər. Amma burda ciddi hesab-kitab yapılmalıdı - əgər Kreml buna imkan versə bizdən əvəzinə çox şey istəyə, öz adamını İravanda hakimiyyətə otuzdurandan sonra əks-hücum təşkil edərək öz adamının hakimiyyətini möhkəmləndirə bilər. Yəni, bu bizim üçün çox təhlükəli vəziyyət yarada bilər. Ermənistanda gedən siyasi prosesi ağılla-biliklə təhlil etməli, bütün hadisələrə ancaq işğal faktorundan qurtulmaq üçün fürsətlər pəncərəsindən baxmalıyıq. Yeri gəlmişkən, düşmən ölkədə gedən proseslərdən bizim daxili siyasətimiz üçün də çıxarılacaq dərslər var – görünən odur ki, Rusiya, Moskva da “yumşaq güc” taktikasına, siyasi alətlərlə məsələlərə müdaxilə etmək moduna keçib. Zamanla bizdə də daxili siyasəti dizany etmək üçün seçkidən, siyasi partiyalardan, özünü siyasətçi sayanlardan da istifadə edə bilər. 


Ayıq olmalı, daxili siyasətimizə Şimaldan, Cənubdan, Qərbdən gələn təhdidlərə cavab verməyi öyrənməliyik. Zatən Rusiya 2013-cü ildə bizdə oxşar eksperiment etdi – “Milyarderlər İttifaqı” və “Milli Şura” (Rüstəm İbrahimbəyovun namizədliyi məsələsi) kartı ilə ölkəyə təzyiq edib maddi-siyasi-iqtisadi güzəştlər qopara bildi. İndiki durumda Azərbaycan hökumətinin, iqtidarının üzərinə daha böyük məsuliyyət düşür – ölkədə daxili siyasəti sivil düzənə oturtmaq, ciddi sistem islahatlarına start vermək lazımdır. Bu artıq dövlət üçün olun-qalım məsələsidir...”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top