Cavid Osmanov: “Ermənistanda yalvara-yalvara, dilənə-dilənə kreditlər hesabına yaşayırlar”

SİYASƏT 27 iyn 2020, 16:32

“Bütün dünya ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq qurumların qətnamələrinə baxmayaraq, bu gün torpaqlarımızın 20 faizinin işğal altında qalması davam edir. Eyni zamanda, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma siyasəti aparır”.

 
Demokrat.az xəbər verir ki, bunu deputat Cavid Osmanov bildirib.

 
Millət vəkili deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında bir daha bu məsələyə diqqət çəkib: “Ermənistan işğal altındakı torpaqlarımızda toponimləri saxtalaşdırır, mədəni abidələrimizi, məscidlərimizi məhv edir. Ancaq Ermənistanın hazırkı ərazisi də tarixi Azərbaycan torpaqlarıdır. Beynəlxalq təşkilatlar birmənalı olaraq bu məsələyə reaksiya verməli, işğala son qoyulmalıdır. Xüsusən ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində apardığı qanunsuz məskunlaşmaya reaksiya verməlidirlər. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan münaqişə ilə bağlı öz mövqeyində möhkəm dayanıb və bir addım geri atmayacaq. Beynəlxalq təşkilatlar indi ərazi bütövlüyü prinsipini xüsusilə qeyd edirlər. Ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Azərbaycan dinc vasitələrlə, danışıqlar yolu ilə, bu mümkün olmazsa, istənilən vasitə ilə öz torpaqlarını işğaldan azad edəcək, ərazi bütövlüyünü bərpa edəcək”.


C. Osmanov işğalçı ölkənin müstəqillik tarixinin də rüsvayçılıq tarixi olduğunu vurğulayıb: “1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Onların bir çoxu həbs edilib. Onların generalları oğru, qəhrəmanları cinayətkar, prezidentləri rüşvətxordur. Faşistlərə xidmət edənlərə heykəl qoyulursa, bunun başqa adı yoxdur. Bir halda ki, 20 il ərzində bir ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib, bu ölkəyə nə ad vermək olar? Hazırda da Ermənistanda diktatura rejimi hökm sürür. İşğalçı ölkədə siyasi, iqtisadi böhran bu gün də davam edir və böhran dərinləşməkdədir. Ermənistanda demokratik inqilab olması ilə bağlı iddialar yalandır. İndiki hakimiyyət hansı xarici dairələrdən idarə olunur, bunu hər kəs bilir. Hazırda Ermənistanda hakimiyyətdə olan insanların əvvəllər hansı fondlarda işlədikləri, kimdən pul aldıqları bəllidir. Postsovet məkanında həmin dırnaqarası inqilabları, əslində, qanlı çevrilişləri təşkil edənlər indiki Ermənistan rəhbərlərinin himayədarlarıdır. Bu gün Ermənistanda söz və mətbuat, vicdan azadlığı yoxdur, diktatura hökm sürür. Ermənistanda hakimiyyətin siyasi opponentləri təqib edilir, həbs olunur, konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Ermənistanda hakimiyyət bölgüsü tamamilə pozulub, hakimiyyət qolları artıq bir adamın əlindədir. Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. Qaçaqmalçılıqla Baş Nazir Nikol Paşinyanın özü və onun ailəsi məşğuldur. Zəngin iş adamlarına qarşı cinayət işləri açılır, sonra da onlar məcbur edilir ki, pullarını xüsusi yaradılmış fonda köçürsünlər. O fonddan da bu pullar çəkilir, mənimsənilir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Ermənistanın Baş naziri və onun yaxın qohumları, ətrafı rüşvətxorluq rəmzinə çevrilib. Bu gün Paşinyanın başında durduğu rejim müxtəlif yollarla hakimiyyəti əlində saxlamağa çalışır. Əslində isə xaricdəki dairələr, fondlar həmin oyuncaq insanların əli ilə Ermənistanı idarə edirlər”.

 
Millət vəkili böhranın dərinləşdiyi Ermənistanın işğalçılıq siyasəti nəticəsində özünü təcrid etdiyini, müxtəlif qrantlar, dəstəklər hesabına birtəhər süründüyünü vurğulayıb: “Tez-tez keçirilən aksiyalar, erməni xalqının hazırkı hakimiyyətdən də narazı olduğu göz önündədir. Söz və ifadə azadlığının boğulmasına, müxalifət liderlərinin həbsi, baş verən qanunsuzluqlara, aclıq aksiyası elan edən jurnalistin ölməsinə belə heç bir beynəlxalq təşkilat, Avropa Şurası, ATƏT-in Media azadlığı ofisi bir səs belə çıxarmırlar. Nə üçün? Çünki bilirlər ki, indiki Ermənistanın rəhbərləri kimdir. Ermənistan bir dövlət deyil, sadəcə, müəyyən xarici qüvvələrin əlində vasitəyə çevrilib. Bu ölkədə müxtəlif vaxtlarda müxtəlif eksperimentlər aparılır. Ermənistanın inkişaf perspektivi  yoxdur,  ölkə özü-özünü saxlaya, öz sərhədlərini qoruya bilmir. Ermənistanda iqtisadiyyatı düz qura bilmirlər, ancaq yalvara-yalvara, dilənə-dilənə kreditlər hesabına yaşayırlar. Ermənistanda demoqrafik böhran yaşanır, insanlar bu ölkəni tərk edir və təbii azalma gedir. Ermənistanın real əhalisi 2 milyon nəfərdən azdır. Bu gün Azərbaycan istər iqtisadi, istər ordu quruculuğu, istər də beynəlxalq nüfuzuna görə Ermənistandan qat-qat üstündür və aradakı fərq zaman keçdikcə artır. Qüdrətli Azərbaycan isə işğal altındakı torpaqlarını mütləq azad edəcək”.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top