“Ermənistan ordusunda döyüş ruhu yoxdur” — Elman Nəsirov

SİYASƏT 27 iyn 2020, 16:28

“Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında Dağlıq Qarabağ münaqişəsi, işğalçı Ermənistandakı vəziyyətlə bağlı mühüm məqamlara diqqət çəkdi”.

 
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib.


E. Nəsirovun sözlərinə görə, Ermənistanın hazırkı rəhbərliyi həm yerli, həm də beynəlxalq ictimaiyyətə fakt və arqumentlərlə sübut edir ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistanda hərbi xunta, diktatura rejimi olub: “Prezident İlham Əliyev çıxışında Ermənistanda hərbi xunta, diktatura rejiminin olduğunu hər zaman bəyan etdiyimizi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, beynəlxalq tribunalarda çıxışlarında Azərbaycan torpaqlarını işğal edən ölkədə hərbi xunta, faşist rejimi olduğunu dəfələrlə bəyan edib. İndi isə bunun Ermənistanın hazırkı rəhbərliyi ifadə edir. Hərbi-xunta rejimi isə beynəlxalq hüququ tapdayacaq, məhəl qoymayacaqdı”.


Millət vəkili bu gün Ermənistanda hakimiyyətdə olan rejimin də mahiyyətcə fərqli heç nə ortaya qoymadığını söyləyib: “Bu gün Ermənistanda Nikol Paşinyan rejimi ilk növbədə öz siyasi opponetlərinə qarşı təqib, təhdid siyasəti həyata keçirir. Hətta bir jurnalist tənqidi mövqeyinə görə həbs olunmuşdu və o, buna etiraz olaraq aclıq elan etdi. Aclıq aksiyasına məhəl qoyulmayan həmin jurnalist sonda həyatını itirdi. Amma özünü insan hüquqlarının keşikçisi adlandıran beynəlxalq təşkilatlardan heç biri, o cümlədən Avropa Şurası Parlament Assambleyası buna reaksiya vermədi. Çünki Paşinyan rejimi onların özlərinin müdafiə etdiyi bir hakimiyyətdir. Ermənistanın hazırkı hakimiyyətinin üzvlərinin tərcümeyi-halına baxılsa, məlum olacaq ki, onlar hansı xarici fondların hesabına hakimiyyətə gəlib, ümumiyyətlə, Ermənistanda hakimiyyətin zəbt edilməsinin arxasında kimlər dayanıb. Bugünkü Ermənistan hakimiyyəti mahiyyətcə öncəki hakimiyyətdən fərqlənmir, işğal siyasəti həyata keçirir, ölkə daxilində demokratiyadan əsər-əlamət yoxdur, yalnız opponetlərə qarşı təzyiq və təqib siyasəti aparılır. Bütün bu reallıqlar fonunda Ermənistanın perspektivi də böyük sual altındadır. İnsanların sabaha inamı qalmayıb. Ermənilər koronavirus pandemiyası dövründə hakimiyyətin nə dərəcədə səriştəsiz, qabiliyyətsiz olduğunu bir daha gördülər. Bu gün Ermənistan koronavirus pandemiyasının yayılması baxımından Cənubi Qafqazda qırmızı zona sayılır və Paşinyan hakimiyyəti proseslər üzərində nəzarəti itirməkdədir”.


E. Nəsirov qeyd edib ki, Ermənistanda siyasi kataklizmlərin baş verəcəyi labüddür: “İstisna deyil ki, Ermənistanda yenidən qarşıdurma mühiti, vətəndaş müharibəsi olsun. Bu, mənim subyektiv fikrimdir. Hesab edirəm ki, Ermənistanda vəziyyət yenidən nəzarətdən çıxsa, işğalçı ölkədə artıq məxməri deyil, qanlı inqilab baş verəcək. Artıq Nikol Paşinyanın davranışı göstərir k, o, zəbt etdiyi hakimiyyəti sadə yolla əldən verməyəcək. Paşinyan qan da tökərək hakimiyyəti qoruyub saxlamağa çalışacaq. Bu isə onun sonunun başlanğıcı ola bilər. Bütün bunların fonunda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclənməkdədir. Azərbaycan 2016-cı ili aprel və 2018-ci ilin may ayında döyüşlərdə öz gücünü, potensiyalını ortaya qoydu, Fizuli, Ağdərə və Cəbrayıl rayonlarında ərazilərin bir qismini işğaldan etdi. Ən başlıcası, strateji nöqtələr ələ keçirilib və Ermənistanla Qarabağ arasındakı yola tam nəzarət edirik”.


Millət vəkili bu gün beynəlxalq hüququn işləmədiyini, güclünün haqlı sayıldığını xatırladıb: “Biz ən düzgün addımı ataraq güc amilinə üstünlük vermişik və bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Əsgərlərimizin döyüş ruhu çox yüksəkdir. Belə döyüş ruhum Ermənistan ordusunda yoxdur. İşğalçı ölkənin ordusunda fərarilik, neqativ proseslər göz önündədir, həmin ölkənin mətbuatı da bunu açıq şəkildə yazır. Ermənistanda əsgər anaları da bunu dünyaya bəyan edir”.


E. Nəsirov Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istədiyini bəyan etdiyini bildirib: “Lakin bizim də səbrimizin bir həddi var. Dinc danışıqlar nəticə verməyəcəyi halda beynəlxalq hüquq torpaqlarımızı hərbi yolla da azad etməyə imkan verir. Sadəcə, biz zamanı gözləməliyik və beynəlxalq geosiyasi vəziyyəti nəzərə almalıyıq. Bütün bunlardan çıxış edərək, biz istənilən addımı ata bilərik”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top