Rüstəm İbrahimbəyov: “Baş Prokuror qarşısında qaldırılan bu məsələnin həlli ölkə maraqlarına cavab verir”

GÜNDƏM 27 iyn 2020, 12:19

Xəbər verdiyimiz kimi 2013-cü ildə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindəki mütəşəkkil dəstə tərəfindən saxta ittihamlarla həbs edilərək, sifarişli hökmlə azadlıqdan məhrum edilən jurnalist Pərviz Həşimli ölkənin yeni baş prokuroru Kamran Əliyevə müraciət edib.


Pərviz Həşimli bu müraciətində sabiq Baş Prokuror Zakir Qaralovun MTN-nin rəhbərliyinin cinayətinə şərik olmasından bəhs edib.


Müraciətdə qeyd olunub ki, MTN eyni silahlarla həm onu, həm də sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyevi həbs edib. Ona görə də bu məsələyə yenidən baxılmalı və onlara bəraət verilməlidir.


Bu arada Azərbaycanın görkəmli ziyalısı Rüstəm İbrahimbəyov sosial şəbəkədə Pərviz Həşimlinin və Nicat Quliyevin bu tələbinə münasibətini bildirib.


Gununsesi.org hörmətli ziyalımızın mövqeyini təqdim edir: 


Tələbiniz çox doğrudur və Baş Prokuror qarşısında qaldırdığınız məsələnin həlli ölkə maraqlarına cavab verir.


Mən, milli təhlükəsizlik nazirliyi 2013-cü ilin avgust ayında uzun müddət yaxın yoldaşlıq münasibətində olduğum Nicat Quliyevə silah sırıyaraq necə iş saxtalaşdırdığını təfərrüatlarıyla dəqiq bilirəm. Mən həm də dəqiq bilirəm ki, istintaq öz uydurmalarına don geyindirmək üçün mənə qarşı onun ifadəsini almağa cəhd etmişdir. Lakin buna müyəssər ola bilmədiklərinə görə dostuma olmazın əziyyətini çəkdirdilər, onu üç il həbsdə tutdular.


MTN-nin cinayətkar fəaliyyətinə dövlətimizin rəhbərliyi kifayət qədər sərt qiymət vermiş, bu hüquqazidd hərəkətlərdə iştirakı olanları da vəzifələrindən azad etmiş, cəzalandırmışdır. Atılan bu addımlar cəmiyyətimiz tərəfindən müsbət qarşılanmışdır.


Heç şübhə yoxdur ki, prokurorluq, məhkəmələr, aidiyyatı hüquq-mühafizə orqanları dostum Nicat Quliyevin qondarma işlə həbs olunduğunu çox yaxşı bilirlər. Ancaq ədalətin bərpa edilməsi üçün onların bu günə qədər hələ də təşəbbüs etməməsi və lazımi addım atmaması ictimai vicdana hörmətsizlikdən başqa bir şey deyildir.


Biz haqsızlığın dünyanın ən dəhşətli ağrısı, böyük günah sayıldığını unutmamalı və heç vaxt yaddan çıxarmamalıyıq ki, insanlara rifah və hüzur gətirən, onların acı və dərdlərinə məlhəm olan yalnız Ədalət və Həqiqətdir.


Mən aidiyyatı qurumları gecikdirmədən müvafiq qərar verərək dövlətimizin adlna ciddi xələl gətirmiş, insanımıza qarşı zülmləri ilə dəhşət dolu keçmişimizi – keçən əsrin 30-40-cı illəri tərənnüm edən “MTN” adlı mütəşəkkil dəstənin törətdiyi haqsızlıqları aradan qaldırmağa, bu həqiqət qəsbkarlarının ölkəmizin üzərinə atdığı qara ləkəni təmizləməyə, rəzaləti bərtərəf etməyə çağırıram.


Həqiqət və Ədalət naminə!.. İnsanlıq naminə!..


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top