Düşməni hər an məhv etməyə qadir ordumuz var

GÜNDƏM 26 iyn 2020, 17:19

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki bugünkü Silahlı Qüvvələrimizin qurulması, inkişafı və möhkəmləndirilməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin,  siyasi uzaqgörənliyinin və  dövlət idarəçiliyində zəngin təcrübəsinin məntiqi nəticəsidir.


Ümummilli liderin xalqımiz, Vətənimizin  qarşısında əbədiyyətə çevrilən tarixi xidmətləri çoxdur. Onlardan biri də Milli  Ordunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu  Heydər Əliyevin şah əsərlərindən biridir. İldən – ilə mətinləşən, formalaşan, qüdrətlənən və daha da  inkişaf edən Azərbaycan Ordusu Heydər Əliyevin adını və əməllərini özündə daim yaşadacaqdır.


Milli Orddu quruculuğu Heydər Əliyevin hələ sovet dönəmində republikaya rəhbərlik etdiyi vaxtlarda prioritet vəzifələrindən biri idi. Əgər Heydər Əliyevə qədər Azərbaycan gənclərinin hərbi xidmətə cəlb edilməsinə onların iki illik hərbi mükəlləfiyyəti, hansısa bir hərbi hissədə iki illik müddətin başa vurulması sınağı kimi baxılırdısa, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə bu baxışları dəyişməyə müvəffəq oldu və bunu bir ümumxalq vəzifəsi kimi aktuallaşdırdı.


Ulu öndərin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanda hərbi-təşkilati işlər bir neçə istiqamətdə aparılırdı və milli dəyərlər, xalqın maraqları bu işlərin əsas məzmununu təşkil edirdi. Bu istiqamətlərdən biri Azərbaycan gənclərinin hərbi xidmətə hazırlanması, onların xüsusi ixtisaslı hərbi hissələrə göndərilməsinə nail olunması idi. Məlumdur ki, Sovet dövründə azərbaycanlı gənclərin əksəriyyətinin arxa xidmət hərbi hissələrinə göndərilməsinin əsas səbəblərindən biri kimi onların rus dilini zəif bilməsi göstərilirdi. Bununla azərbaycanlılar arasında hərbi işə olan bağlılığın qırılması təhlükəsi yarana bilərdi. Bu narahatçılığın aradan qaldırılması üçün Azərbaycanda gənclərin hərbi xidmətə hazırlanmasına yeni tələblər irəli sürüldü.


Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaranmış anarxiya və özbaşınalıq ordu quruculuğunda da pərakəndəlik yaratmışdı. Dövlətin ordu quruculuğuna rəhbərliyi təmin edə bilməməsi isə ordunun tamamilə parçalanmasına, siyasi mənsubiyyətə görə qruplaşmasına, bəzi cinayətkar şəxslərin ətrafında cəmləşdirilməsinə yol açdı. Müstəqilliyin ilk illərindən, hələ bundan da bir neçə il əvvəl Ermənistanın hərbi təcavüzünə məruz qalmamız ordu qurucuğunda əsaslı dönüş yaradılması zərurətini ortaya qoymuşdu.


Çünki Ermənistan silahlı qüvvələri əvvəlcə Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhaliyə qarşı soyqırımı tətbiq etdi, sonra isə Dağlıq Qarabağın və onun ətrafındakı rayonların işğalına başladılar. Ordu quruculuğu sahəsində əsaslı dönüş Heydər Əliyevin yenidən Azərbaycana rəhbərliyindən sonra başlandı.


Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Prezident seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan Ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silahlı sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu.


Ulu öndər  hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı. Sonradan Azərbaycan Silahlı Qüvvələrinin zabitləri həmçinin Türkiyənin, Ukraynanın, Rusiyanın, Pakistanın, Çinin, Almaniyanın, Böyük Britaniyanın, İtaliyanın, Rumıniyanın, Macarıstanın hərbi akademiyalarında və dinləmə kurslarında da təhsil almaları hərbçilərimizin bu sahədə zəngin təcrübə toplamasına əlverişli şərait yaratdı. 


Hazırda bütün sahələr üzrə Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən, Prezident İlham Əliyev ordu quruculuğunu prioritet vəzifə kimi qarşıya qoyub. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü artıq arxada qoyub. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Silahlı Qüvvələrimizin kadrları NATO standartları səviyyəsində hazırlanıb. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməyə, ölkəmizin ərazi bütövlüyünü qorumağa qadirdir. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır.


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dövlət başçısı kürsüsündə fəaliyyətə başladığı ilk günlərdə bəyan etmişdi ki, ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərin bütün parametrlər üzrə daha da inkişaf etdirilməsi onun fəaliyyətində prioritet istiqamətlərdən biri olacaq. Xalqımız son 16 ildə bunun canlı şahididir. Ötən müddət ərzində  istər Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də hərbi qulluqçuların sosial müdafiəsi sahələrində həyata keçirilən tədbirlər Ali Baş Komandanın Vətənin müdafiəçilərinin şərəfli xidmətinə necə yüksək qiymət verməsinin göstəricisidir.


Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması övlət başçısının  daim diqqət mərkəzindədir. Bu gün ökəmizdə həllinə ciddi ehtiyac duyulan problemlərdən biri də mənzil problemidir. Silahlı Qüvvələrdə hərbi qulluqçuların mənzillə təminatını yaxşılaşdırmaq üçün bütün mümkün imkanlardan istifadə olunur.


Son illərdə ölkənin müdafiə xərclərinin bir neçə dəfə artırılması, hərbi qulluqçuların sosial problemlərinin ardıcıl olaraq həll edilməsi ordu quruculuğu sahəsində böyük uğurlar qazanılmasına zəmin yaradıb. Prezident, Ali Baş Komandan  İlham Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinə diqqət və qayğısı, ordumuza bəslədiyi yüksək inam və etimad bütün hərbçilərin qəlbini qürur və iftixar hissləri ilə doldurmuşdur. Bu gün Azərbaycan Ordusunun hər bir əsgəri və zabiti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrinə sadiq qalaraq, respublikamızın ərazi bütövlüyünün bərpasına, torpaqlarımızı işğalçılardan azad etməyə hazırdır. Biz 2016- cı ilin Aprel döyüşlərində də bunun şahidi olduq. Cəmi 4 gün ərzində davam edən döyüşdə düşmən darmadağın edildi və silah-sursatını atıb qaçdı. Silahlı Qüvvələrimizin şücaəti sayəsində 25 ildən artıq düşmən əsarətində qalan torpaqlarımızın min hektarlarla ərazisi və strateji əhəmiyyətli yüksəkliklər ordumuzun nəzarətinə keçdi.


Silahlı Qüvvələrimizin maddi-texniki təchizatının  möhkəmləndiriməsi istiqamətində Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması yeni mərhələnin əsasını qoydu. Azərbaycan bu gün nəinki hərbi silah-sursat  və arxa təminat təchizatçısıdır, artıq döyüş silahlarını da istehsal edir. Bu silah-sursat nəinki daxili tələbata yönəldilir, həm də dünya bazarlarına çıxarılır və böyük rəğbətlə qarşılanır. Qürur hissi ilə deyə bilərik ki, bu gün işğal altında olan ərazilərimizi azad etməyə qüdrətli və nizami Azərbaycan Ordusu var.


Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top