İslama görə şəbəkə marketinq sisteminin hökmü — ARAŞDIRMA

TƏHLİL 26 iyn 2020, 13:35

Əvvəla gəlin belə bir satış modelinin, şəbəkə marketinq sisteminin mahiyyəti haqqında bir az danışaq. Sonra da məsələnin İslama görə hökmünü ortaya qoymağa çalışarıq. Şəbəkə marketinq sistemi topdansatışçı, pərakəndəçi və distribyutor kimi vasitəçi qurumları aradan qaldıraraq məhsulu müştərinin ayağına gedərək birbaşa satan, satmağa çalışan bir satış modelidir. Şəbəkə marketinq sistemi digər adı ilə çoxsəviyyəli marketinq (multi-level marketing) adlanır.


Yeniavaz.com xəbər verir ki, vasitəçi qurumları aradan qaldıraraq icra edilən birbaşa satış modeli iki növə ayrılır. Birinci növdə firma adına çalışan şəxslər bir-bir müştərinin ayağına gedərək məhsulu satmağa çalışırlar. Satdıqları hər bir məhsula görə də firmadan müəyyən bir bonus və ya komissiya alırlar. Burada firma işçisinin vəzifəsi sadəcə olaraq məhsulu satmaqdır. Proses içərisində firmaya özü kimi başqa satıcı və ya təmsilçi cəlb eləmək onun hədəf və maraq dairəsində deyil. Firmanın da satıcıdan belə bir istəyi yoxdur.


Vasitəçi qurumları aradan qaldıraraq icra edilən birbaşa satış modelinin ikinci növündə isə məhsulu satmağa çalışan şəxs, ya da distribyutor özü ilə eyni işi edəcək yeni üzvlər taparaq bir şəbəkə və ya komanda qurmağa çalışır. Burada cəlb olunan hər yeni üzvün satışından firmanın müəyyən etdiyi miqdarda onu şəbəkəyə daxil edən əvvəlki üzvlər də bonus və ya komissiya əldə edirlər.


Birbaşa satışın hər iki növündə firmaların məqsədi məhsulları distribyutorlar vasitəsilə birbaşa son istehlakçıya çatdırmaqdır. Şəbəkə marketinq sisteminin bu şəkildə özünə xas işləmə mexanizmi var. Həmçinin şəbəkə marketinq sistemində istehlakçının (müştərinin) firmadan birbaşa məhsul alması mümkün deyil. Məhsul satın almaq üçün gərək hər hansı distribyutor (vasitəçi) ilə əlaqə qurasan. Dükanları, mağazalar şəbəkəsi olmadan bu şəkildə işləyən dünya səviyyəsində məhsul satıcısı firmalar vardır. Belə bir satış modeli quran firmaların milyonlarca fərdlərdən ibarət distribyutorları olur.


Şəbəkə marketinq sisteminə müəyyən bir giriş haqqı ödəyərək, ya da məhsul dəsti satın alaraq daxil olan distribyutorlar həm firmanın məhsulunun satışına vasitəçilik edir, həm də yeni distribyutorlar tapmağa çalışırlar. Bu sistemdə pul qazanmağın iki növü vardır. Birincisi firmanın məhsullarını satmaq, ya da satışına vasitəçilik etmək. İkincisi isə şəbəkəyə cəlb edilən yeni üzvlərin hər satışına görə onu şəbəkəyə daxil edənin də komissiya və ya bonus almasıdır.


Firmaların şəbəkə marketinq sistemini seçməsinin əsas səbəbi, bir sıra təşvik edici və ya məcburi şərtlər qoyaraq distribyutorları özlərindən asılı müştərilər halına gətirmək, ikincisi isə hər distribyutorun qohumluq və dostluq əlaqələrindən istifadə edərək məhsullarını mümkün qədər çox istehlakçıya çatdırmaqdır.


Distribyutorlar öz şəbəkəsini genişləndirmək üçün yeni üzvlərə cəzbedici təkliflər verirlər. Misal üçün, satışdan əldə olunacaq gəlirin mühüm bir hissəsini distribyutorlara paylayırlar. Hətta bu hissə bəzi firmalarda 80 faizə qədər gəlib çıxır. Müəyyən bir üzvlük haqqı və ya məhsul dəsti almaq şərti ilə sistemə daxil etdiyi hər üzvdən, onun sattığı məhsuldan, onun tapacağı yeni üzvlərdən, yeni üzvlərin satacağı daha yenilərdən və s. (zəncir beləcə uzanır) komissiya alacağını bilən hər distribyutor qrupuna yeni üzvlər daxil etmək üçün bütün gücünü sərf edir. Sistemə, ya da şəbəkəyə adam qazandırmaq üçün istifadə edilən əsas təşviq vasitələrindən biri sistemə əvvəlcədən daxil olmuş və öz şəbəkəsini genişləndirmiş çox az sayda bəzi distribyutorların böyük miqdarda qazanc əldə etdiyini göstərməkdir.
 

Şəbəkə marketinqinin “səadət zənciri”ndən fərqi


Şəbəkə marketinq sistemini “səadət zənciri” ilə tez-tez qarışdırırlar. Ancaq bu ikisi tamamilə ayrı şeylərdir. Bunları bir-birindən ayıran əsas fərq ortada bir məhsul satışının olub-olmamasıdır. “Səadət zənciri” sistemində məhsul satışı yoxdur, ya da ortada simvolik bir məhsul var.


Günümüzdə və yaxın tarixdə bu sistemin fərqli növləri qurulmuş olsa da, burada əsas məntiq sistemə sonradan daxil olanların əvvəl girənlərə pul ödəməsidir. Getdikcə genişləyən bir piramida qurulur. Bu səbəblə bu sistemə “piramida sistemi” də deyilir. Bu sistemi ilk dəfə 1920-ci ildə Charles Ponzi qurduğu üçün onun adına istinadən sistemə “ponzi oyunu/fırıldaqçılığı (ponzi scheme) da deyilir.

 

 

Yuxarıdakı film fraqmentində Ponzi oyununun, digər adı ilə piramida sisteminin mahiyyəti izah edilir.


Burada piramidanın alt hissəsindən yuxarıya doğru pul axışı vardır. Burada hamı daha sonra gələcək böyük məbləğlərə bel bağlayaraq müəyyən bir məbləğ ödəmək şərtilə sistemə üzv olur. Piramidanın üstündəkilər, yəni sistemə ilk daxil olanlar, meydana gətirdikləri zəncirvari sistem vasitəsilə böyük məbləğdə pul qazanırlar. Piramida böyüməyə davam etdikcə pul axışı da davam edir. Ancaq bu sistem uzun müddət davam edə bilmir və çökür. Belə olan halda isə ən çox zərərə uğrayanlar sistemə yeni daxil olan və piramidanın alt hissəsində yer alanlar olur.


İslam alimləri söz birliyi ilə (icma halında və ya ittifaq edərək) ortada heç bir məhsul olmadan, ya da simvolik bir məhsul satışı göstərilərək piramidavari şəkildə pul axışını təmin edən “Səadət zənciri”nin (Ponzi sisteminin) haram olduğunu demişlər. Çünki bu, saxtakarlıqdan başqa bir şey deyil. Heç bir İslam alimi hər hansı məhsulun alqı və satqısı olmadan, sadəcə olaraq pulun pul qazandırdığı, qarşılıqsız şəkildə qazanc təmin edilən belə bir sistemə cəvaz verməsi mümkün deyil. Bu səbəblə “səadət zənciri” (ponzi sistemi) bəhsini burada bitirir, əsas bəhs edəcəyimiz birbaşa satış modelinin ikinci növü olan şəbəkə marketinqi mövzusuna qayıdırıq.
 

İslam alimlərinin şəbəkə marketinq sistemi ilə bağlı fikirləri


Qeyd edək ki, şəbəkə marketinq sistemi ilə “səadət zənciri”ni bir-birindən ayıran xüsuslar olsa da, aralarındakı bənzərlikləri də görməzlikdən gəlmək olmaz. Şəbəkə marketinq sistemi barədə bir çox fiqh alimi söz söyləmiş, mövzu haqqında İslam hüququ cəhətindən mühüm çalışmalar edilmiş, bir sıra fitvalar verilmişdir.


İslam dünyasında sayca az olan alimlər bir sıra şərtlər önə sürərək, bu şərtləri daşıdığı halda şəbəkə marketinq sisteminə cəvaz vermişlər. Ancaq əksər İslam alimi Quran, sünnə və İslam iqtisad sistemi baxımından şəbəkə marketinq sistemini şübhəli və problemli bir məsələ olaraq görmüşlər. İslam Konfransı Təşkilatına bağlı olan “Məcməul-fiqhil-İslami” (İslam Fiqh Akademiyası), Türkiyə Diyanət İşləri Başqanlığına bağlı olan “Din İşləri Yüksək Qurumu”, həmçinin Misir, İordaniya və Hələbdəki “Darul-İfta” (həmin ölkələrdəki fitva verməyə səlahiyyətli qurumlar) şəbəkə marketinq sistemi haqqında mənfi rəy vermişlər.
 

Şəbəkə marketinq sisteminə cəvaz verənlərin, “caiz”dir deyənlərin dəlilləri:


Şəbəkə marketinq sisteminə İslami cəhətdən cəvaz verən bir sıra alim “ibahai-əsliyyə” dəlilini irəli sürmüşlər. “İbahai-əsliyyə”, əleyhində hər hansı dəlil olmadıqca bir şeydən istifadə etmənin və ya bir davranışın mübah olduğuna hökm etməkdir. Bu dəlilə görə əşya və feillərdə əsas olan mübahlıqdır. Bu minvalla hər hansı bir şeyin haram olduğuna dair bir dəlil yoxdursa, onun mübah olduğuna hökm edilir. Bu görüşdə olan alimlər şəbəkə marketinq sisteminin haram olduğuna dair dini bir hökm olmadığı üçün bunun caiz olduğu haqda hökm vermişlər.


Ancaq burada unudulan bəzi məqamlar var. Məhz şəbəkə marketinq sistemindən bəhs edən dini hökm tapmağa çalışmaq, bu olmadığı təqdirdə məsələni “ibahai-əsliyyə” dəlilinə bağlayaraq “caiz” və ya “mübah” demək məsələyə çox dar çərçivədə və səthi baxmaq deməkdir. Şəbəkə marketinq sistemi haqqında Quranda və Həzrət Peyğəmbərimizin (s.ə.s) kəlamlarında konkret hər hansı dəlil olmasa da, məsələyə İslam fiqhi cəhətindən alqı-satqı, əqd və müqavilələrin içərisinə zülmün qarışması, haqsızlıq, aldatma, bilgi əskikliyi, insanların cahilliyi və bundan sui-istifadə halları, əqd və müqavilədə haqsız qazanca yol açacaq şəkildə qapalılığın olması və s. bu kimi bir çox cəhətdən baxaraq hökm vermək mümkündür. Bu da o deməkdir ki, Quran ayələri və Həzrət Peyğəmbərimizin (s.ə.s) kəlamlarında birbaşa adı çəkilərək şəbəkə marketinq sistemindən bəhs edilməsə də mahiyyətcə burada cərəyan edən məsələlər barədə hökmlar vardır. Həmin hökmlərdən yola çıxaraq şəbəkə marketinqi barədə də dini hökmlər verilə bilər. “İbahai-əsliyyə” dəlilindən istifadə burada məsələni çözəcək əsas dəlil deyil.


Digər tərəfdən şəbəkə marketinq sistemi barədə “caizdir” hökmünü müdafiə edənlər bunun bir növ vasitəçilik olduğunu, ortada hər hansı aldatma, hiylə və haqsızlıq olmadığı müddətcə vasitəçiliyin (simsarlıq) İslama görə “caiz” olduğunu söyləmişlər.


Bu doğrudur. Həqiqətən də şəbəkə marketinq sistemindəki distribyutorların etdiyi işi bir növ vasitəçilik və ya simsarlıq adlandırmaq olar. Ancaq digər əqd və müqavilələrlə müqayisə ediləndə simsarlıqda sui-istifadə və haqsızlıq hallarına hər zaman daha çox rast gəlinir. Bu səbəblə İslam alimləri haqsız qazanc əldə etmək və meydana gəlməsi ehtimal olunan zərərlərə qarşı simsarlıqla məşğul olmağa çox sərt və qatı şərtlər daxilində icazə vermişlər. İslam alimləri simsarlıq işində əldə edilən komissiya və ya qazancın həqiqi bir əmək və zəhmət nəticəsində qazanılması gərəkdiyini vurğulamışlar.


Şəbəkə marketinq sisteminin müqayisə edildiyi digər əqdlərdən biri də İslam fiqhindəki “cualə əqdi” adlanır. Bu əqddə edilməsi istənilən bir işə görə mükafat vəd edilir. Hər hansı bir şəxs istənilən bu işi edərsə, mükafatı almağa haqq qazanır. Şəbəkə marketinq sisteminin dinən caiz olduğunu müdafiə edən bir sıra alimlər burada distribyutorlara verilən komissiya və ya bonusları dinən caiz olan “cualə əqdi”ndəki vəd edilən mükafata bənzətmişlər. Bu görüşə görə, şəbəkə marketinq sistemi də “cualə əqdi” üzərində qurulub. Ancaq əksər alimlərə görə, “cualə əqdi” ilə şəbəkə marketinq sistemini müqayisə etmək olduqca səthi yanaşmadır. Şəbəkə marketinq sistemində satdığı məhsullardan, şəbəkəyə daxil etdiyi yeni üzvlərdən və onların satdığı məhsullardan davamlı olaraq qazanc əldə edilir ki, bunu da “cualə əqdi”ndəki sadəcə bir dəfəlik iş görərək mükafat əldə etməyi müqayisə etmək doğru olmazdı.


Şəbəkə marketinq sisteminin işləmə mexanizmini İslam fiqhindəki kirə müqaviləsinə bənzədənlər də var. Bu görüşdəkilərə görə, şəbəkə marketinq sistemi ilə işləyən bir firma distribyutorlarına məhsullarını satma və ya satacaq yeni şəxslər tapmaq qarşılığında müəyyən məbləğ ödəyir. İlk baxışda şəbəkə marketinq sistemində işləyən satıcıları “əciri-müştərək”, yəni hər kəslə müqavilə bağlayaraq iş görən sənətkar, dərzi, bərbər, təmirçi və s. kimi sənətkarlara bənzətmək mümkün kimi görünsə də, bu şəxslərin məhsul satma və ya yeni üzvlər tapmaq kimi öhdəlikləri yerinə yetirə bilməsi, ya da bilməməsi qeyri-müəyyən olaraq qalır. Eyni zamanda bu satıcılar nə qədər müddət iş görəcəkləri və nə qədər məbləğdə ücrət alacaqları (pul qazanacaqları) da müəyyən deyil. Halbuki İslam fiqhinin doğru bir əqd hesab etdiyi kirə müqaviləsində kirənin müddəti və məbləğində qeyri-müəyyənlik olmur. Kirə müqaviləsində müddət və məbləğ əqd razılaşdırılanda şərt qoşulur. Ancaq şəbəkə marketinq sistemində nə işin müddəti, nə də alınacaq məbləğ müəyyən deyil. Bu səbəblə kirə müqaviləsi ilə şəbəkə marketinq sistemini bir-birinə bənzədərək buradan cəvaz (icazə) hökmü çıxarmaq çox çətindir.


Şəbəkə marketinq sistemini İslam fiqhindəki hibə (bağışlama) əqdinə bənzədənlər də var. Hibə əqdində tərəflərdən yalnız birinə fayda təmin edilir. Şəbəkə marketinq sisteminin İslama görə caiz olduğunu müdafiə edənlər distribyutorlara verilən komissiya və ya bonusları bir növ hibə (tək tərəfli bağışlama) olduğunu iddia etmişlər. Ancaq unutmayaq ki, hibə əqdi bədəlsiz və qarşılıqsız olaraq edilir. Distribyutorlarla firma arasındakı anlaşma isə tək tərəfli deyil, hər iki tərəfə də vəzifə yükləyən bir müqavilədir. Bu səbəblə görüləcək müəyyən bir iş müqabilində verilən məbləğə hədiyyə, ya da hibə demək doğru deyil.


Şəbəkə marketinq sisteminin İslama görə caiz olduğunu müdafiə edənlər buna dəlil olaraq vəkalət əqdini də dəlil olaraq göstərmişlər. Bu minvalla firma ilə distribyutorlar arasındakı əlaqənin hüquqi statusunu İslam fiqhindəki vəkalət əqdinə bənzədənlər var.


Vəkilin gördüyü iş müqabilində bir məbləğ almasının caiz olmasından yola çıxaraq distribyutorların aldığı komissiya və ya bonusların da caiz olduğuna hökm edənlər var. Ancaq distribyutorlarla firma arasında münasibəti, ya da şəbəkəyə daxil olan yeni üzvlərlə köhnə üzvlər arasındakı münasibəti vəkil-müvəkkil arasındakı münasibətə bənzətmək mümkün deyil.
İşləmə mexanizmi və qazanc yolları baxımından olduqca qarışıq və mürəkkəb quruluşa sahib olan şəbəkə marketinq sistemini birbaşa İslam fiqh kitablarındakı hər hansı əqd və müqaviləyə aid etmək olduqca çətindir. Əlbəttə, İslam fiqh kitablarındakı əqdlərlə bağlı hökmlər şəbəkə marketinq sistemi haqqında bir hökm vermək üçün bizə kömək edir. Qeyd edək ki, bu hökm mütləq mənada “caiz”dir hökmü deyil. Şəbəkə marketinq sisteminin İslam fiqhi cəhətindən fərqli və yeni bir əqd (müqavilə) olaraq araşdırılması daha doğru olanıdır.


İslam fiqh kitablarında ticarətlə bağlı əqd və müqavilələr haqqında müəyyən qayda və prinsiplər var. İslam alimləri yaşadıqları dövrə görə misallar gətirərək mövzuları geniş bir şəkildə izah etmişlər. Verilən həmin hökmlər günümüzdə baş verən hadisələrlə müqayisə edilərək yeni məsələlər haqqında da həll yolları ortaya qoymağa imkan verir.
 

Şəbəkə marketinq sisteminə cəvaz verməyən və ya “caiz deyil” deyənlərin dəlilləri


Şəbəkə marketinq sistemini caiz görməyən alimlər də fərqli dəlillər ortaya qoyublar. Caiz görməyənlər əsas səbəb olaraq distribyutorların sonradan şəbəkəyə qoşulan üzvlərin satışlarından heç bir qarşılıq olmadan qazanc əldə etmələrini göstərirlər. İslamda qazanc anlayışının təməlində əmək, sərmayə və risk ünsürlərinin olması vacibdir. Ancaq şəbəkə marketinq sistemində sonradan şəbəkəyə qoşulanların satışlarından gələn komissiya və ya bonuslarda bunların heç biri yoxdur.


İslama görə şəbəkə marketinq sistemində şəbəkəyə daxil olan üzvün birbaşa şəbəkəyə daxil etdiyi yeni üzvə görə bir bonus və ya komissiya alması caizdir. Ancaq şəbəkəyə daxil edilən yeni üzvün sonrakı satışlarından, onun da gətirdiyi yeni üzvlərdən və onların etdiyi satışlardan hər hansı bir əmək sərf etmədən, bir risk almadan komissiya və ya bonus alması caiz deyil.


Bu haqda ortaya qoyulan digər mühüm bir dəlil isə şəbəkə marketinq sisteminin quruluş fəlsəfəsi olaraq “ğarar”, yəni əqdin haqsız qazanca yol açacaq şəkildə qapalı olmasıdır. Şəbəkə marketinq sisteminə daxil olan üzvlər gələcəkdə firmanın nə qədər məhsulunu sata biləcəkləri və ya yeni üzvlər tapa biləcəkləri qeyri-müəyyəndir. Buna görə də şəbəkə marketinq sistemi İslam fiqhi baxımından aqibəti məchul bir əqd hesab edilir. Sistemə daxil olmaq üçün ödədikləri giriş məbləğinin və ya ilk girişdə məhsul dəstinə xərclədikləri puldan qat-qat artığını qazanma ehtimalı olduğu kimi, bütün bu xərclərin hamısını itirmə ehtimalı da var. Bu işdə sərf etdikləri vaxt və əməyə də bu gözlə baxmaq olar. Bu səbəblə bir çox alimə görə, Allah Rəsulundan (s.ə.s) “ğarar” satışı (müştərini aldadan və qeyri-müəyyən satış) ilə bağlı nəql olunan və bu cür satışı qadağan edən hədislər şəbəkə marketinq sistemi üçün də keçərlidir (Əbu Davud, Buyu, 25).


Bəzi fəqihlər şəbəkə marketinq sistemi ilə məhsul satan firmaların məhsul qiymətlərini ön plana gətirərək bu qiymətlərin bazar qiymətlərindən çox yüksək olduğunu söyləmiş və İslam ticarət anlayışında mühüm yeri olan “qabnı-fahiş” baxımından məsələyə yanaşmışlar. “Qabn” kəliməsi tək olaraq satılan şeylə ona ödənən məbləğ arasında dəyər baxımından tarazlığın olmaması, dəyərindən çox aşağı, ya da həddin çox bahalı olması deməkdir. “Qabnı-fahiş” isə bir məhsulun öz dəyərindən çox baha qiymətə satılması deməkdir.


Belə olan halda bir tərəfin bilgisizliyini, tədbirsizliyini və ya etibar etməsini digər tərəfin sui-istifadə edərək gerçəkləşən “qabn”, haqsız qazanca yol açır və alqı-satqı əqdinin İslama görə doğruluğuna xələl gətirir. “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin…” (Nisa, 4/29) ayəsi qəti bir şəkildə haqsız qazancın haram olduğunu vurğulayır.


Şəbəkə marketinq sisteminin İslamdakı hökm və qaydaların hədəf və qayəsinə, İslamdakı ticarət fəlsəfəsinə zidd olduğunu iddia edənlər də vardır. Belə ki, İslamın mühüm hədəflərindən biri, alınacaq tədbirlərlə malların cəmiyyət və fərdlər arasında sağlam bir şəkildə dövr etməsini təmin etmək və beləcə də böyük miqdarda sərvətlərin müəyyən şəxslərin əlində toplanmasına mane olmaqdır. Ancaq şəbəkə marketinq sistemində yüksək məbləğdə pulu çox az sayda insan qazana bilsə də, şəbəkəyə qoşulan böyük əksəriyyət isə zərərə uğrayır.


Bəzi fəqihlər isə firma ilə satıcılar arasındakı əqdin hüquqi tərəfini önə çıxararaq burada bir əqdin içərisində iki əqd bağlandığını, bunun da hədislərdə qadağan edildiyini söyləmişlər. (Tirmizi, Buyu, 73) Misal üçün bu satışda evini satan bir şəxs belə deyir: “Maşınını mənə bu qiymətə satsan, mən də sənə evimi bu qiymətə sataram. Belə bir alqı-satqıda malın dəyər və qiyməti müəyyən edilməmiş və qeyri-müəyyən olaraq qalmışdır. Firma ilə satıcı arasında da əqd və ya müqavilə həm məhsulun satışını, həm də yeni üzvlərin sistemə daxil edilməsini əhatə edir.


Şəbəkə marketinq sistemində həm qazanma, həm də itirmə riski olduğu üçün bunu qumara bənzədən alimlər də olmuşdur. Daha sonra böyük miqdarda pul qazana bilmək üçün az miqdarda pul qoyaraq şəbəkəyə daxil olmasından yola çıxaraq şəbəkə marketinq sistemində əldə olunan qazancı, faizdən əldə olunan qazanca bənzədənlər var. Bütün bunlarla yanaşı şəbəkə marketinq sistemini birbaşa qumar və ya faizə bənzətmək doğru deyil. Ancaq şəbəkə marketinq sisteminin xüsusilə bəzi tətbiqlərinin qumar və faiz şübhəsindən xali olduğunu demək də mümkün deyil.


Bəzi tədqiqatçılar şəbəkə marketinq sistemində əsl məqdəsin məhsul satmaq deyil, şəbəkəni genişləndirmək olduğunu demişdir. Bu da İslam fiqhi cəhətindən altı-satqı əqdində şübhəli bir vəziyyət meydana gətirir. Bəzi firmaların, ya da bəzi distribyutorların əsl məqsədi məhsul satmaqdansa yeni üzvlər qazanmaq ola bilər. Ancaq bu halı ümuma şamil edərək hökm çıxarmaq doğru olmaz. Gərək hər bir vəziyyət tək-tək araşdırılsın.


Şəbəkə marketinq sisteminə yönələn tənqidlərdən biri də burada insanların aldanmasına səbəb olan amillərin varlığıdır. Firma təmsilçiləri yeni üzvlər cəlb etmək üçün tez zamanda, asan bir şəkildə və böyük miqdarda pul qazanma vədləri verirlər. Şişirdilən reklamlarla satılan məhsullar haqqında mistik bir hava meydana gətirmək də insanların aldanmasına səbəb olan digər amildir.
 

Etik və əxlaqi baxımdan ortaya çıxan problemlər


Şəbəkə marketinq sisteminə etik və əxlaqi normların pozulması cəhətindən də yanaşanlar var. Qeyd edək ki, şəbəkə marketinq sistemi əxlaqi və etik cəhətdən də Qərb dünyasında mübahisəli məsələ olaraq qalır. Amerika və Avropa ölkələrində insanların böyük zərərlərə məruz qalmasına səbəb olan “səadət zənciri” (Ponzi sistemi) qanunla qadağan edilmiş, şəbəkə marketinq sistemi ilə bağlı da mühüm tənzimləmə və qaydalar, məhdudiyyətlər gətirilmişdir. Qərb ölkələrindəki tədqiqatçılar şəbəkə marketinq sistemi ilə işləyən firmaların qanuniliyini soğrulamasa da, etik cəhətdən bu sistemi ciddi mənada tənqid etmişlər. Məsələnin İslami cəhətdən hökmünün nə olduğu araşdırılanda bütün bunların nəzərə alınması lazım gəlir.
Məlum olduğu üzrə şəbəkə marketinq sisteminin işləmə mexanizmi, məhsullarının satışını tövsiyələrlə həyata keçirməkdir. Bundan əlavə, bu işlə məşğul olanlar dostluq və qohumluq münasibətlərini və ya müəyyən bir sosial qruba mənsub olan fərdlər arasındakı ortaq emosional bağları məhsullarını sata bilmək və yeni üzvlər tapa bilmək üçün istifadə etmək istəyirlər.
Bu məqamda bəzi tənqidçilər insanlar arasındakı sosial münasibətlərin bir əmtəə və qazanc qapısı halına gətirilməsini təhlükəli bir tendensiya olaraq görürlər. İnsanlar arasındakı sosial münasibətlərdən istifadə edərək bu işlə məşğul olanda uzun müddət ərzində narazılıqlar və ya xəyal qırıqlıqları yarana bilər, insanlar inam böhranına girər və bu işin təbliğatını aparanlar da cəmiyyət içindəki öz nüfuzlarını itirə bilərlər. Aralarında səmimi və isti münasibətlər olan şəxslərin ticarətin qaydalarına tamamilə riayət etmələri çox çətindir. Onlar yaxın ətrafından gələn təklif və təlqinlərə daha çox açıq olurlar. Etibar etdikləri şəxslərin təklifləri qarşısında məsələni araşdırmağa elə də lüzum görmürlər. Ancaq vaxt ötdükcə onlara deyilən sözlərlə işin gedişatı arasında ziddiyyəti görəndə aradakı isti münasibətlər pozulmağa başlayır.


Misal üçün bir həkimin xəstələrinə dərman, ya da bir müəllimin tələbələrinə məhsul satması etik bir davranış olaraq görülmür. Çünki burada etibar, məqam və nüfuz gücündən istifadə edərək məhsul satan bir şəxslə obyektiv ticari münasibətlər qurmaq çox çətindir. İnsanlar firma təmsilçisinin (distribyutorun) etimad etdikləri şəxs olduğuna görə, ya da qarşılarındakı şəxsin qəlbini qırmamaq adına məhsulu satın ala bilərlər ki, bu da əxlaqi cəhətdən normal hal deyil.
Xüsusilə daha çox pul qazanmaq üçün şəbəkə marketinq sisteminə daxil olan distribyutorların bu hədəfə çatması üçün şəbəkəyə yeni üzvlər daxil etməsi gərəkir. Distribyutorların firma məhsullarını sataraq qazana biləcəkləri pul məhduddur. Ancaq gətirdiyi üzvlərlə böyük bir şəbəkə qura bilərsə, bu üzvlərin qazandığı məbləğdən müəyyən qədər bonus və ya komissiya qazanacaq.


Bu hədəfə çatmaq üçün bütün distribyutorlar təbii olaraq üzv tapmaq üçün işə öz sosial çevrəsindən başlayırlar. Bir tərəfdən onlara satdıqları məhsulun reklamı ilə məşğul olur, digər tərəfdən isə özünün də üzvü olduğu şəbəkəyə daxil olmanın üstünlüklərindən bəhs edirlər. Məhz bu məqam bəzi etik problemləri ortaya çıxarır. İnsanların bilərək və ya bilməyərək ətrafındakı ən yaxın şəxslərə zərər vermə ehtimalları yaranır.


Firmaların məhsullarını çöldəki insanlardan daha çox öz işçilərinə (distribyutorlarına) satmaları, ya da işçilərin bir-birinə məhsul satması, məhsulları satmaq üçün hardasa məcburi və psixoloji təzyiqlərin, məcbur edici şərtlərin qoyulması etik cəhətdən tənqid edilən xüsuslardır.


Digər bir cəhət isə firma üzvlərinin sistemə məhz yeni insanlar daxil etmək üçün məhsul almalarıdır. Bu vəziyyətdə onlar, istəyərək istifadə etmədikləri məhsulları başqalarına satmağa çalışmış olurlar. Sistemə daxil olarkən şərt qoşulan məhsul dəstləri olduqca yüksək məbləğdə olur. Bu da şəbəkə marketinq sistemində əsas pulun məhsuldan deyil, şəbəkəyə qoşulan yeni insanlardan qazanıldığını deməyə əsas verir. Bu məqamı da əxlaqi bir davranış hesab etmək doğru deyil.


Bu sistemdə işləyən bir çox insan bu sözləri sərf edir: “Oturduğun yerdən pul qazan!”, “Tez bir zamanda zəngin ol!” Deyilən bu sözlər istər-istəməz sistemə daxil olan insanların niyyətlərini, hədəf və qayəsini də formalaşdırır. Ancaq bu sözlər reallığı əks etdirməkdən uzaq, insanları tənbəlliyə sövq edən və sonra xəyal qırıqlığına uğradan vədlərdən ibarətdir. Hər kəs oturduğu yerdən pul qazanacaq, zəngin olacaqsa, bəs çalışan, işləyən kim olacaq?


Həmçinin məhsulların sərbəst bazara daxil olmaması da tənqid edilən digər bir xüsusdur. Məhsulun sərbəst bazara girməsi rəqabətə açıq hala gəlməsini təmin edəcək və qiymətin həddindən yuxarı olmasını əngəlləyəcəkdir. Eyni zamanda real bir tələb və təklifin yaranması bazarda tarazlığı formalaşdıracaq. Məhsul qiymətlərinin bütün mərhələlərdə firma tərəfindən və bazar rəqabətindən uzaq bir şəkildə müəyyən edilməsi, sərbəst bazar iqtisadiyyatı baxımından da doğru hesab edilmir.
 

Nəticə


Bura qədər edilən izahlardan başa düşüldüyü üzrə şəbəkə marketinq sistemi quruluş fəlsəfəsi olaraq ixtilaflı bir satış modelidir. Əlbəttə heç bir məhsul satışının olmadığı, ya da satılan məhsulların simvolik xarakter daşıdığı “səadət zənciri” (Ponzi sistemi) ilə şəbəkə marketinq sistemi eyni şeylər deyil. Bununla yanaşı məhsul satışını ön plana çıxaran, əsas gəlirlərini məhsul satışından əldə etməyə çalışan şəbəkə marketinq sistemlərinin “səadət zənciri”nə (Ponzi sisteminə) çevirilmə risqi vardır. Hər nə qədər şəbəkə marketinq sistemindən istifadə edən firmalar əsl məqsədlərinin məhsul satmaq olduğunu desələr də, işləyən real sistemin “məhsul mərkəzli” olmaqdansa “yeni üzvlər qazanma” hədəfinə yönəlmə riski çox yüksəkdir.


Quranda bildirildiyi üzrə əqd və müqavilələr tərəflərin qarşılıqlı rizasına görə edilir. Bu haqda ayələr belədir: “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin…” (Nisa, 4/29), “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin…” (Bəqərə, 2/188).


Fəqihlər bir əqd və ya müqavilənin İslama görə doğru hesab edilə bilməsi üçün tərəflər arasında məcburiyyətdən, aldatma və hiylədən uzaq və həqiqi bir rizanın olmasını vurğulayırlar. İslama görə, hər hansı bir əqd və ya müqavilə tərəflərdən hər hansı birini haqsızlığa məruz qoymamalı və ədalətli bir şəkildə aparılmalıdır.
Şəbəkə marketinq sistemi ilə işləyən firmalar, şəbəkəyə daxil olan şəxslərə əvvəlcədən satış metodlarını və ümumi sistem haqqında bilgi versələr də, məsələ daha detallı tədqiq ediləndə risklərin və qeyri-müəyyənliklərin xeyli çox olduğunu görmək olar. Misal üçün bu sistemdə kimin nə qədər qazanc əldə edəcəyini əvvəlcədən təxmin etmək çox çətindir. Müəyyən məbləğ, ya da komissiya müqabilində işləyən satış təmsilçilərinin təxminən nə qazanacaqları bəllidir. Ancaq şəbəkə marketinq sistemində bir kişi aylıq 1 milyon manat da (və ya dollar) qazana biləcəyi kimi, heç nə qazanmadan öz pulunu da itirə bilər. Əksər hallarda sistemə əvvəl girənlərin sonra girənlərə görə daha şanslı olduğunu demək olar. Bu da ortaya haqsız bir rəqabət çıxarır.


Şəbəkə marketinq sistemi ilə işləyən müxtəlif firmaların məhsullarını satan distribyutorlarla bağlı sorğu aparılmışdır. Sorğunun nəticələrinə görə yüksək qazanc vədləri heç də deyildiyi kimi real deyil. Hətta sistemə daxil olan üzvlərin əksəriyyətinin heç pul qazana bilmədikləri də deyilir. Burada məsələ sadəcə pul qazana bilməməkdən getmir. Bu, eyni zamanda sistemə daxil olarkən ödənən pulun da itirilməsi mənasına gəlir.


İslam fiqhində ən mühüm məsələlərdən biri məşru (şəriətə uyğun olan, şəriətcə icazə verilən) və qeyri-məşru (şəriətə uyğun olmayan, şəriətcə icazə verilməyən) qazanc yollarının bilinməsidir. Fəqihlər bir tərəfdən İslama görə məşru qazanc yollarını geniş izah etmiş, digər tərəfdən isə haqsız qazanca yol açacaq yolları etina ilə qapamağa çalışmışlar. Bu mənada İslamda bir qazancın məşru sayılması üçün əmək, sərmayə və risq ünsürlərinin olması vacibdir. Burada istisna hallar kimi, yəni, əmək, sərmayə və risq ünsürləri olmadan tək tərəfli qazanc əldə edilən məqamlar var ki, bunlar da hibə (bağışlama, hədiyyə etmə), vəsiyyət və miras kimi hallardır.


Şəbəkə marketinq sistemində zəncirin ikinci, üçüncü, dördüncü, beşinci halqasında olan insanların satdığı məhsullardan qazanılan komissiya və ya bonusları İslami cəhətdən məşru hesab etmək mümkün deyil. Firmanın bu komissiya və ya bonusları məhsul satan üzvlərin karından deyil, öz karından verdiklərini irəli sürməsi də problemi həll etmir. Çünki firma ümumi məbləğdən distribyutorlara veriləcək miqdarı müəyyən edəndə bütün bunları nəzərə alır. Yəni üst mərtəbələrdəki distribyutorlara verilən komissiya və ya bonuslar dolaylı olaraq ya məhsul satışlarına, ya da sistemə sonradan qoşulan yeni üzvlərin karlarına yansıdılır.


Burada mühüm bir məqam var ki, eyni əməyi sərf etsələr də üzvlər eyni və ya bir-birinə yaxın qazanclar əldə edə bilmirlər. Misal üçün sistemə daha əvvəl daxil olmuş bir üzv özünə xüsusi bir qrup qurduqdan sonra az bir əmək sərf edərək böyük məbləğlər qazanma şansı əldə edir. Sistemə sonradan daxil olan üzv isə digərindən on qat daha çox çalışsa da, onun onda biri qədər qazanc əldə etmə şansı olmur. Onun da vaxt ötdükcə digərinin səviyyəsinə gələcəyi söylənə bilər. Ancaq bu, həm qəti deyil, həm də bu dəfə onunla yeni üzvlər arasında belə bir qeyri-bərabərlik ortaya çıxacaq və bu beləcə davam edəcək. Qeyd edək ki, hər hansı bir ortaqlıq qurulmadan başqasının əməyi üzərindən bir qazanc planlamaq İslam fiqhinin qaydalarına ziddir.


Sistemə daxil olmaq üçün giriş ücrəti almaq bir çox ölkədə qanunən qadağan edildiyi üçün firmaların əksəriyyəti məhsul dəstinin alınmasını şərt qoşurlar. Dolayısı ilə bəziləri üzvlərin ödədikləri pulların qarşılığında məhsul aldıqlarını iddia edərək, sistem içərisində pul qazana bilməsələr də hər hansı bir zərərin olmadığını müdafiə edirlər. Ancaq bunu müdafiə etmək o qədər də asan deyil. Həm sistemə daxil olmaq, həm də sistemdə aktiv olaraq qalmaq üçün müəyyən miqdarda məhsul almanın məcburi olmasının nə qədər etik və qanuni olduğu da başqa bir müzakirə mövzusudur.


Firmaya üzv olanlardan neçə nəfərin “ehtiyac” duyduqlarına görə bu məhsulları aldıqlarına, ehtiyaca görə onlardan istifadə etdiklərinə nəzər yetirmək gərəkir. Bunu anlamaq üçün bəzi suallar verilə bilər. Əgər mənə qazanc gətirməsəydi, yenə də bu məhsulu alardımmı? Balaca bir araşdırma ilə əksər insanların istifadə etmək üçün deyil, məhz firmanın distribyutoru (üzvü) ola bilmək üçün məhsulu aldığını anlamaq olar. Bəs bu hal nəyi dəyişdirə bilər? Əvvəla, bu hal israfa səbəb olur və həddindən artıq istehlakı təşviq edir. İkincisi isə məhsulların mühüm bir hissəsinin distribyutorlar tərəfindən alındığını nəzərə alsaq, firmanın məhsul mərkəzli deyil, yeni üzvlər tapma yönümlü iş gördüyünü göstərir. Bu da onu piramida sisteminə (Ponzi sisteminə) yaxınlaşdırır. Satış modelini şəbəkə marketinq sistemi üzrə quran firmaların mühüm bir hissəsinin nə üçün kosmetika və qida əlavəsi sahəsində fəaliyyət göstərdiyi də digər sual doğuran məqamdır.


Burada sistemin davam edib, edə bilməməsi də başqa bir xüsusdur. Ticari həyatı formalaşdıran ən əsas qayda tələb və təklifin bir birini müvazinətdə saxlamasıdır. Məhsul istehsalı, marketinq və alqı-satqı bu tələb və təklif tarazlığı üzərində öz həyatını davam etdirə bilər. Şəbəkə marketinq sistemindən istifadə edən firmalar da bazardakı tələbi nəzərə alır, yəni cəmiyyətin, insanların ehtiyacına görə məhsul istehsal edirlər. Ancaq bu sistem, əldə etdiyi qazancının böyük hissəsini meydana gətirdiyi distribyutorlar zəncirinə borcludur. Distribyutorların qazancı da həmin bu şəbəkənin davamlı olaraq böyüməsinə, yeni üzvlərin cəlb edilməsinə bağlıdır.


Dünyada yaşayan insan sayı məhdud olduğuna görə bunun sonsuza qədər davam etməsi mümkün deyil. Elə bu məqamda bu sualı soruşmaq yerinə düşər: Əgər bir mərhələdən sonra sistemə yeni üzvlərin daxil edilməsi tamamilə dayansa, köhnə üzvlərin qazancı kəsilmədən davam edə bilərmi? Bu suala veriləcək cavab “bəli”dirsə, sistemin məhsul satma üzərində qurulduğunu anlamaq olar. Ancaq keçmiş təcrübələrə baxanda “bəli” cavabını vermək elə də asan deyil. Belə bir halda sistemə daxil olmuş köhnə üzvlərin qazanclarında ciddi şəkildə azalma olacaq, sistemə yeni daxil olmuş əksər üzvlər də ödədiyi pulu geri ala bilməyəcəklər. Bu da şəbəkə marketinq sisteminə cəvaz verilməsinə kölgə düşürən əsas faktorlardan biridir.


Bəzi kəslər maddi cəhətdən sıxıntıda olan insanlara iş imkanı vəd edərək bu sistemə qoşulmağı təklif edirlər. Bir anlıq şəbəkə marketinq sisteminin fiqhi cəhətdən problemli olmasını bir yana qoyaraq məhz ticarət məntiqi ilə məsələyə baxsaq belə, yenə də ciddi mənada düşünülməsi gərəkən məqamlar var. Görəsən bu sistemə daxil edilən insanlara həqiqətən yaxşılıqmı edilir, yoxsa onları pislikmi edilir?


Bir işi olan insanların əlavə gəlir əldə etmək niyyəti ilə şəbəkə marketinq sisteminə daxil olaraq üzv olması, bəlkə də onlara hər hansı zərər verməz. Ancaq işsiz bir insanın böyük bir ümidlə belə bir işin içinə daxil edilməsi risqli bir haldır. Belə bir işsiz insan vaxtını və əməyini bu işə xərcləyəcəyi üçün başqa bir iş tapmasına mane olacaq. Yaşanan təcrübələr göstərir ki, bu işdən yaxşı pullar qazanıb-qazanmayacağı da olduqca şübhəli və risqlidir. Hal-hazırda başqa bir işlə məşğul olan bir şəxsin əməyinin, ya da bir miqdar pulunun boşa getməsi həmin şəxsə o qədər də təsir etməsə də, bütün ümidini bu işə bağlayan bir insan ümid etdiyini əldə edə bilməsə, bu onun üçün ağır nəticələnə bilər.
İslam fiqh anlayışına görə şəbəkə marketinq sistemi haqqında konkret bir hökm vermək asan deyil. Çünki bu sistem içərisində bir çox mürəkkəb hallar və müxtəlif misallar və nümunələr var. Həmçinin şəbəkə marketinq sisteminin məntiqi ilə işləyən firmalara, hətta eyni firmada işləyən bütün distribyutorlara belə İslam fiqhi baxımından eyni hökmü vermə şansımız yoxdur. Bütün bunlarla yanaşı sistemin özündə bir sıra problemli və şübhəli məqamların olduğunu demək mümkündür. Şəbəkə marketinq sistemi ilə bağlı araşdırma edən fəqihlərin əksər hissəsi bu şübhə və problemli hallara görə hökm verərkən “caiz deyil”, “haramdır”, “səhih deyil”, “fasiddir” kimi ifadələr işlətmişlər. Bu fəqihlərin mövzu ilə bağlı mənfi bir rəy verməyə sövq edən əsas səbəb sistemin öz-özlüyündə, əsas fəlsəfəsində sui-istifadə hallarına, aldatmalara, zərər və haqsızlığa açıq olması və bir çox cəhətdən İslam fiqhinin əsas qaydaları ilə ziddiyyət təşkil etməsidir.
 

Nazim Mustafayev
  

Qeyd: Yazının hazırlanmasında əsasən Yüksel Çayıroğlunun “Network Marketing Sistemi’nin İslam Fıkhı açısından tahlili” başlıqlı yazısından istifadə edilmişdir:


https://www.tr724.com/network-marketing-sisteminin-islam-fikhi-acisindan-tahlili/


Yazının hazırlanmasında istifadə edilən digər qaynaqlar:


http://www.islamicpublishing.org/KAYNAKLAR/Dokumanlar/KITAPLAR/azerbaijani/azerice-delilleriyle-ticeret-ilmihali.pdf


https://islamansiklopedisi.org.tr/cuale


https://islamansiklopedisi.org.tr/istishab


https://islamansiklopedisi.org.tr/simsar


https://islamansiklopedisi.org.tr/hibe


https://islamansiklopedisi.org.tr/ivaz--fikih


https://islamansiklopedisi.org.tr/vekalet


https://islamansiklopedisi.org.tr/garar


https://islamansiklopedisi.org.tr/gabn4


https://islamansiklopedisi.org.tr/teberru

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top