Nə üçün Azərbaycanda COVİD-19-a 15 min yoluxma var ikən Gürcüstanda bu rəqəm minə çatmır? — ANALİZ

TƏHLİL 26 iyn 2020, 12:25

Azərbaycanda yeni növ koronavirus pandemiyasına yoluxanların sayı artmaqda davam edir.


Yeniavaz.com xəbər verir ki, dekabrın sonlarında Çində başlayaraq dünyaya yayılan koronavirus pandemiyasından ölüm və yoluxma halları artaraq davam edir. Son rəqəmlərə görə, Azərbaycanda 14 min 852 nəfər koronavirusa yoluxub, 180 nəfər isə həmin xəstəlikdən dünyasını dəyişib. Ölkədə koronavirusa ilk yoluxma halı fevral ayının 28-də qeydə alındı, mart ayının 12-də isə Azərbaycanda ilk dəfə həmin xəstəlikdən bir nəfər dünyasını dəyişdi. Bu tarixə qədər Azərbaycanda müəyyən yerlərin fəaliyyətinə məhdudiyyətlər qoyulsa da yoluxmaların artması və ilk ölüm halının qeydə alınmasından 14 gün sonra, mart ayının 26-sı ölkə səviyyəsində xüsusi karantin rejiminin tətbiqinə başlanıldı. Bu qərar digər ölkələrlə müqayisədə daha gec verilsə də nəticə əldə edildi, yoluxma və ölüm hallarının artmasının qarşısı alındı. Ancaq, koronavirus təhlükəsi hələ bitmədən xüsusi karantin rejiminin yumşaldılması qərara alındı və aprel ayının 27-si bəzi obyektlərin fəaliyyətinə icazə verildi. Sonra isə may ayı ərzində mərhələli şəkildə xüsusi karantin rejimi tamamilə yumşaldıldı. Həmin vaxtlarda ölkədə təxminən gündəlik 30-40 yoluxma halı qeydə alınırdı. Mayın 18-də isə SMS icazə tamamilə ləğv edildi, bu da insanlar arasında müəyyən mənadə rahalığa səbəb oldu. İnsanlar küçələrə axışdı, gigyenik qaydalara riayət edilmədi, nəticədə yoluxma halları yenidən artaraq 300-ə yaxınlaşdı. Bu səbəblə Azərbaycanda iyun ayının 21-dən karantin rejimi yenidən sərtləşdirildi.


Bu gün ölkədə gündəlik 600-ə yaxın yoluxma və 10-a yaxın ölüm halı qeydə alınır. Bu göstərdi ki, ölkəmizdə koronavirusla mübarizə istiqamətində tətbiq edilən qaydalar nəticə vermir.


COVİD-19-la mübarizədə ən müsbət nəticələr əldə edən ölkə qonşu Gürcüstandır. Həmin ölkədə fevral ayının 26-də ilk yoluxma halı qeydə alındı, Azərbaycan vasitəsilə İrandan gələn Gürcüstan vətəndaşında virus aşkarlandı.


Bundan sonra karantin qaydaları sərtləşdirildi. Sərhəddə yoxlamalar artırıldı, Azərbaycanla sərhədlər bağlandı. Xatırladaq ki, bu hadisədən 3 gün əvvəl Gürcüstan artıq İrana uçuşları dayandırmışdı. Həmin vaxtlar İranda koronavirusa yoluxma və ölüm halları pik həddə idi. 


Azərbaycan isə İranla sərhəddi 29 fevral günorta saatlarından etibarən bağladı. Bu vaxt ərzində Azərbaycanın cənub bölgəsində İran səbəbilə çox sayda yoluxma qeydə alındı. Bu gün də Lənkəran zonası koronavirusa yoluxmanın ən çox olduğu bölgələrdəndir.


Martın 18-də isə Gürcüstanda restoranların, kafelərin, barların, istirahət zonalarının fəaliyyəti dayandırıldı. 70 yaşdan yuxarı şəxslərin küçəyə çıxmaması tövsiyyə edildi. Martın 21-dən etibarən isə bir ay müddətinə Gürcüstanda fövqəladə vəziyyət elan edildi. Ölkə daxilində saat 21:00-dan səhər 6:00-a qədər komendant saatı tətbiq olundu. Tətbiq edilən qaydaları pozan şəxslərin min dollar məbləğində cərimə ediləcəyi bildirildi. Qeyd edək ki, həmin gün ölkədə cəmi 4 nəfər koronavirusa yoluxmuşdu.


Fövqəladə vəziyyət elan edildiyi müddətdən etibarən ictimai nəqliyyətın fəaliyyəti dayandırıldı. İnsanların ancaq şəxsi avtomobillərlə ya da taksilərlə hərəkətinə icazə verildi. Hətta, mağazaların fəaliyyəti də qadağab edildi, qida məhsullarının evlərə çatdırılması xidməti gücləndirildi. Bu müddət ərzində ancaq apteklərin fəaliyyətinə və TIR-lar vasitəsilə qida məhsullarının daşınması xidmətlərinə icazə verildi. Nəticədə, ölkədə koronavirusa yoluxma halları artmadı və may ayının 22-dən etibarən Gürcüstanda komendant saatı və fövqəladə vəziyyət ləğv edildi. İyunun 8-dən etibarən isə koronavirus səbəbilə fəaliyyətlərini dayandıran otellər, restoranlar və valyuta mübadiləsi məntəqələri açıldı. Bundan əlavə, ölkədə şəhərlərarası nəqliyyat yenidən fəaliyyətə başladı. Ancaq, ölkədə vətəndaşların gigiyenik qaydalara riayət edilməsi məcburi hal aldı.


Verilən məlumatlarda Gürcüstan sərt karantin barədə qəbul edilən qərarları dünyada gedən prosesləri nəzərə alaraq etdiyi bildirildi. 


Nəticədə bu gün 10 milyon əhalisi olan Azərbaycanda 14 min 852 yoluxma, 180 ölüm halı varkən, gündəlik yoluxmalar isə 500-dən çox ikən 4 milyon əhalisi olan qonşu Gürcüstanda gündəlik yoluxma halı 2-yə qədər enib. Ümumi yoluxanların sayı isə 919 nəfərdir. Həmin ölkədə bu günə qədər cəmi 14 nəfər koronavirusdan dünyasını dəyişib. Artıq bir aydan çoxdur Gürcüstanda fövqəladə vəziyyət ləğv edilsə də bu, yoluxmaların artmasına səbəb olmayıb. Nəticədə bu gün Azərbaycanda karantin rejimi sərtləşdirilərək davam edir ancaq, Gürcüstan artıq turist qəbul etməyə hazırlaşır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top