"Mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq" — Ali Baş Komandan

SİYASƏT 25 iyn 2020, 20:53

"İşğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasəti aparır. Bu məsələ ilə əlaqədar mən artıq bir neçə dəfə öz fikirlərimi bildirmişəm, o cümlədən xüsusilə beynəlxalq tədbirlər çərçivəsində. Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşü çərçivəsində də bu məsələyə diqqət yetirdim. Biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırırıq və qaldıracağıq. Qanunsuz məskunlaşmaya son qoyulmalıdır. Beynəlxalq ictimaiyyəti buna çağırırıq. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Çünki Ermənistanın siyasəti bundan ibarətdir. Onlar bizim şəhərlərin adlarını dəyişdiriblər. Əvvəlcə indiki Ermənistan ərazisində, indi isə Dağlıq Qarabağda və ətraf bölgələrdə. Orada yeni dırnaqarası sərhədlər çəkiblər, bizim tarixi keçmişimizi, məscidlərimizi məhv ediblər, tarixi abidələrimizi, torpaqlarımızı erməniləşdirmək istəyirlər. İndi qanunsuz məskunlaşma aparmaq istəyirlər, ancaq onlarda insan resursu olmadığı üçün çətinlik çəkirlər. Amma yenə də diaspor fəaliyyəti nəticəsində buna çalışırlar. Biz buna imkan verməyəcəyik, bunu hər kəs bilsin".

 

"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında söyləyib.

 

“Biz münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq. Beynəlxalq təşkilatlar indi ərazi bütövlüyü prinsipini xüsusilə qeyd edirlər. Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşündə çıxış edənlərin, dünya liderlərinin bir çoxları bu məsələyə aydınlıq gətiriblər. Ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür. Heç kimin bu haqda şübhəsi olmasın. Bütövlükdə Ermənistana və Dağlıq Qarabağ məsələsinə gəldikdə, öz müqəddəratını müəyyənetmə prinsipi işləmir, çünki erməni xalqı öz müqəddəratını bir dəfə müəyyən edib, onların erməni dövləti var, baxmayaraq ki, Azərbaycan torpağında yaradılıb. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına biz heç cür imkan verə bilmərik. Ancaq bir daha demək istəyirəm ki, ərazi bütövlüyü prinsipi bu gün üstünlük təşkil edir. Ona görə bizim mövqeyimiz beynəlxalq hüquq, tarixi ədalət baxımından mükəmməldir. Əlbəttə ki, münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır. Ancaq bayaq qeyd etdiyim kimi, dünyada güc amili ön plana çıxır və biz bu gücü toplamalıyıq, məsələni istənilən yolla həll etməliyik”, - deyə dövlət başçısı bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top