Koronavirusdan xilas olmaq üçün hər birimiz Prezidentin çağırışına ƏMƏL EDƏK

TƏHLİL 25 iyn 2020, 18:41

Azərbaycan koronavirusla ən effektiv mübarizə aparan ölkə olaraq dünyada presedent yaratdı. Həm vətəndaşların sağlamlığı üçün həyata keçirilən tədbirlər, həm də pandemiya dövründə sosial-iqtisadi münasibətlərin tənzimlənməsi, əhalinin sosial rifahının aşağı düşməsinin qarşısını almağa yönəlmiş addımlar bu presedentin əsasını təşkil edir.


Prezident İlham Əliyev 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı bildirib ki, həyata keçirilən qabaqlayıcı tədbirlər ölkəni böyük fəlakətdən qorudu: 


“Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır. İnfeksiyaya yoluxanların böyük əksəriyyəti sağalıb və xəstəxanalardan çıxıb. Qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin çox böyük faydası olmuşdur”.


Pandemiyanın yayılmağa başladığı ilk dövrdən etibarən Azərbaycan zamanında və doğru addımlar atması ilə seçildi. Sərhədlər bağlandı, aviareyslər dayandırıldı, karantin zonaları yaradıldı, tədris prosesi onlayn rejimə keçdi, mart ayında ölkədə xüsusi karantin rejimi tətbiq olundu. 


Buna paralel olaraq, dövlət karantin dövründə əhalinin sosial rifahının aşağı düşməməsi, iqtisadi münasibətlərin pozulmaması üçün 2 milyard manatdan artıq vəsait miqdarında dəstək paketi qəbul etdi. Ümumilikdə koronavirusla mübarizəyə 3 milyard manatdan çox vəsaitin xərclənməsi nəzərdə tutulur.


Son 5 ayda pandemiya Azərbaycan iqtisadiyyatına da mənfi təsir göstərib. Neft qiymətinin aşağı düşməsi gəlirləri azaldıb, turizm sektoru dayanıb. Lakin dövlət vətəndaşların bu çətinliyi hiss etməsinə imkan vermir. 


600 mindən çox insan aylıq 190 manatla təmin olundu və bu prosesin müddəti uzadıldı. İşini itirmiş, aztəminatlı təbəqəyə aid olan, hətta qeyri-rəsmi şəkildə işləyən insanlara dövlət öz köməyini göstərdi. Heç bir sosial layihə ixtisar edilmədi, məcburi köçkünlər üçün yeni şəhərciklər salınır, yeni məktəblər tikilir, yeni yaşayış kompleksləri salınır.

 


Prezident İlham Əliyev bəyan edib ki, koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır. Çünki Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır.


Göründüyü kimi, digər ölkələrdən fərqli olaraq Azərbaycanda vətəndalara “evdə qal” deməklə yanaşı, sosial dəstək evlərə qədər aparıldı. Bütün bu addımların nəticəsində yoluxma iki rəqəmli statistikanı keçmədi.


Bununla yanaşı, tibbi sahəsində əhəmiyyətli addımlar atıldı. 200 çarpayılıq, müasir texnologiyalar əsasında modul tipli xəstəxanalar quruldu. Artıq ikisi Bakıda, ikisi Sumqayıt və Gəncə şəhərlərində, biri isə Abşeron rayonunda olmaqla 5 xəstəxana istifadəyə verilib.


Dövlət başçısı bəyan edib ki, yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək və onların sayı 10-a çatdırılacaq.


“Bu xəstəxanaların tikintisi ilə əlaqədar qərarın hələ xəstələrin sayının az olduğu aprel ayında qəbul edilməsi onun nə qədər düzgün olduğunu aydın şəkildə göstərir. Son illər ərzində Azərbaycanın hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik. Ölkədə 700-dən artıq xəstəxanaların tikilmiş və ya yenidən qurulmuşdur. “Yeni klinika”, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Cərrahiyyə korpusları və digər tibb müəssisələri koronavirusa yoluxmuş vətəndaşların müalicəsində mühüm rol oynayırlar”, - Prezident qeyd edib.


May ayından etibarən karantin rejiminin yuşmalması prosesi başlandı. Buna səbəb sağalanların yoluxanların sayını üstələməsi idi. Lakin son günlərin statistikası mənfiyə doğru gedir. Gündəlik yoluxma faktı artıq 500-dən çoxdur. 

 


Bunun səbəbi nədir?


Prezident çıxışında bildirib ki, bütün tələblərə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər: 


“Maska, məsafə və dezinfeksiya -  insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq olundu”.


Müşahidələr göstərir ki, bəzi vətəndaşların məsuliyyətsizliyi statistikanın arzuolunmaz həddə çatmasına gətirib çıxardı. Məhz buna görə yenidən sərtləşdirilmiş karantin rejimi tətbiq olundu.


Tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması və dezinfeksiya olunmaq. Bu üç qayda bütün dünyada virusa qarşı ən effektiv və sadə yol olaraq qəbul olunur. Bu gün Prezident İlham Əliyevin ictimaiyyət arasına tibbi maska ilə çıxması cəmiyyət üçün örnəkdir. Amma təəssüf ki, cəmiyyətdə hələ də laqeyd, məsuliyyətsiz vətəndaşlar var və məhz onların məsuliyyətsizliyi yoluxma hallarının artmasına gətirib çıxardı.


Prezident belə məsuliyyətsiz vətəndaşlara qarşı mübarizənin yolunu təqdim edib: güclü ictimai qınaq və ciddi dövlət nəzarəti.  


Dövlət ciddi nəzarəti həyata keçirir, lakin ictimaiyyət bunu dəstəkləməsə qalib gələ bilməyəcəyik. Prezident də bunu bəyan edib və qeyd edib ki, üç adi qayda – tibbi maskadan istifadə, sosial məsafə və dezinkesiya – gözlənilməli, nizam-intizama əməl olunmalıdır.


Burada əsas vəzifə ictimaiyyətin üzərinə düşür. Tibbi maskadan istifadə etməyənlərə qarşı cərimələr tətbiq olunmaqla yanaşı, vətəndaşlar da ictimai qınağı gücləndirməlidir. Əks təqdirdə daha təsirli tədbirlər görüləcək. Çünki vətəndaş öz sağlamlığına laqeyd yanaşsa da, dövlət vətəndaşının sağlamlığına laqeyd qala bilməz.


Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top