Pandemiya dövründə cinayətkarlığın səviyyəsi — ARAŞDIRMA

GÜNDƏM 25 iyn 2020, 17:52

“Pandemiya dövründə cinayətkarlığın səviyyəsi”


COVID-19 pandemiyası cəmiyyətdəki bütün sosial proseslərə, o cümlədən cinayətkarlığa güclü təsir göstərir və bu baxımdan sərt karantin tədbirləri dünyada milyonlarla insanın həyatını daha da pisləşdirmişdir. Bu fonda müsbət qlobal tendensiya odur ki, araşdırmalara əsasən, nəticədə hər yerdə cinayətkarlıq ümumilikdə azalmağa doğru gedir.


Xarici təcrübə


2020-ci ilin martın sonundan - may ayınının axırınadək müxtəlif ölkələrin polis orqanları tərəfindən açıqlanan məlumatlara əsasən cinayətlərin ümumi statistikasına baxsaq, azalma göz qabağındadır. Cari ilin Martın 23-dən karantinin tətbiq olunduğu İngiltərədə,  aprelin 14-də elan edilmiş məlumata əsasən küçə cinayətlərinin səviyyəsinin keçən ilə nisbətən 21% aşağı düşdüyünü, mart ayında bir neçə soyğunçuluq hadisəsinin qeydə alındığını elan etdi. İtaliyada mart ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə 67% daha az cinayət törədildi. Xüsusilə, apteklərdə soyğunçuluq (28, 2%) halları azalmışdır. Karantin zamanı qətllərin sayı 71%, oğurluq və təcavüzlərin sayı 72% azalmışdır. 


Narkotiklə əlaqəli cinayətlərin sayı 46% azalmışdır. Eyni zamanda, borcla əlaqəli cinayətlərin səviyyəsi artmışdır (+ 9,1%). Eyni tendensiya İspaniyada da müşahidə edildi. Fransada mart ayında cinayət, karantin məhdudiyyətləri səbəbindən əksər göstəricilər üçün ortalama 45% azalıb. Bəzi ölkələrdə isə vəziyyət çox qeyri-adi görünürdü: Salvadorda cinayət səviyyəsi 300 dəfə, Cənubi Afrikada - 6 dəfə, Mart ayında Peruda cinayətkarlıq 84% düşmüşdür. Bu cür tendensiyanın cəbəbini bəzi araşdırmalarda verməyə çalışdılar və bir neçə əsas səbəb kimi aşağıdakı faktorları sadalandı:


-     İnsanlar evdə izolyasiya olunması,

-     küçələrdə daha çox polislərin xidmət başında olması


Azərbaycandakı vəziyyət


Azərbaycana gəldikdə də, ümumilikdə karantin dövründə əvvəlki dövlərə nisbətən cinayətlərin daha az törədilməsini müşahidə etmək olar. Belə ki, 2020-ci ildə pandemiya dövrü üçün ümumiləşdirilmiş statistikanın hələlik olmamasına rəğmən, Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən gündəlik “Kriminal xronika” rubrikasından apardığımız müşahidələrə əsasən əvvəlki dövrlərə nisbətən karantin dövründə cinayətlərin daha az törədilməsi müşahidə edilir. Bu məhz Daxili işlər orqanları əməkdaşlarının qarşıya qoyulan vəzifələri yerinə yetirməklə, vətəndaşların təhlükəsizliyinin və asayişin qorunması üçün əllərindən gələn səyi əsirgəmədikləri nəticəsində mümkün olmuşdur. 


Burada qeyd etmək lazımdır ki, polislər eyni zamanda epidemiya əleyhinə rejim qaydalarının pozulması ilə bağlı törədilən hüquqazidd əməllərin qarşısının alınmasında yorulmaz fəaliyyət göstərməkdədir. Belə ki, misal olaraq göstərmək olar ki, DİN Mətbuat xidmətinin verdiyi məlumata əsasən cari ildə Martın 17-dən Aprelin 17-nə qədər xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 9 cinayət işi üzrə 16 nəfər barəsində həbs qətimkan tədbiri seçilmiş, 252 nəfər inzibati həbs edilmiş, 56 871 nəfərə inzibati cərimə tətbiq olunmuşdur. Göründüyü kimi cinayətlərin sayı az olmuşdur.


Dünyanın “ən yoluxmuş” şəhəri


Dünyanın ən çox koronovirusa yoluxmuş şəhəri olan Nyu-Yorkda artıq bu gün polis heyətinin 15 %-i xəstəxanada müalicə almaqdadır. Nyu-Yorkda aparılan tədqiqatlar göstərdi ki, polislər pandemiya zamanı küçələrdə nə qədər çox öz vəzifələrini yerinə yetirilərsə, bir o qədər cinayətlər də daha az törədilir. Buna görə də Nyu-Yorkda mənzil oğurluğu və cibgirlik, qarət və soyğunçuluq, avtomobil oğurluqlarının sayı azaldı. Metro və ictimai nəqliyyatda məsafənin saxlanması, cibgirlərin işini xeyli çətinə saldı. Küçədə adam sayı xeyli az olduğuna görə küçə soyğunçuluğu da minimum dərəcəyə endi.  Barların və restoranların əksər ölkələrdə karantin zamanı bağlı olması alkoqol qəbulu zəminində  cinayətlərin sayını azaltdı. Mağaza oğrularına da çox çətin oldu. Belə ki, bir çox mağaza bağlandı və yalnız ara məsafəsini saxlamaqla məhdud sayda insan supermarketlərə buraxıldı. 


Cinayətkarlar üçün “çətinliklər və fürsətlər”


Sərnişin axınının və şəhərlərarası qatarların sayının kəskin azalması narkotik ticarəti ilə məşğul olan dəstələrə çətinlik yaratdı. Pandemiya zamanı bütün dünyada sərhəd nəzarətinin gücləndirilməsi qaçaqmalçılığı azaltdı. Adi günlərdə izdiham içərisində kuryerlər diqqəti cəlb etməsə də, karantində dərhal gözə göründülər. Bundan əlavə, cinayətkarlar da insanlardır, heç də koronavirusla xəstələnərək həyatlarını təhlükəyə atmaq istəmirlər, təcrid olunmağı, ətrafa baxmağı və yeni bir "iş" strategiyasını inkişaf etdirməyi üstün tuturlar.


Europol analitikləri deyirlər ki, bir çox hallarda cinayətkarlar böhrandan istifadə üçün fürsət axtarıb tapırlar. Onlar öz məqsədləri üçün pandemiya nəticəsində yaranan tibbi məhsullara kəskin artan tələbdən, vətəndaşların hərəkətliliyinin azlığından, evdə qalan və evdən işləyən insanların böyük bir hissəsindən, insanlar arasında sosiallaşmağın məhdudlaşdırmasından, habelə pandemiya fonunda insanlar arasında artan narahatlıq və qorxu hisslərindən məharətlə istifadə edirlər. Yeraltı dünya yeni qaydalarla yaşamağa üstünlük verir.


Artan cinayətlər


Avropa İttifaqı və Europol üzvü olan ölkələrin verdiyi məlumatlara və digər ölkələrin təcrübəsinə əsasən, pandemiya zamanı artan cinayətlərin 4 əsas növlərini müəyyənləşdirmək olar: məişət zorakılığı, oğurluq, kiber cinayətlər və saxta məhsulların istehsalı və satışı.


Məişət zorakılığı


Dünyanın bütün ölkələrində "məişət" cinayətləri, məişət zorakılığı hallarında qorxunc bir artım var, bu, əlbəttə ki, insanların dörd divarda gecə-gündüz qalmaları nəticəsində yaranan qaçılmaz stresdən əmələ gəlir. Azərbaycanda da bu məsələ problem olaraq qalmaqdadır. 


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə yaydığı məlumatda deyilir ki: 


“Pandemiyalar da daxil olmaqla, istənilən böhran vəziyyətində gender əsaslı zorakılıq halları artır və bundan daha çox qadınlar və qızlar əziyyət çəkir. Tədqiqatlar da sübut edir ki, qadınların əksəriyyəti məhz tanıdıqları insanlar tərəndən zorakılığa məruz qalır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəndən yaradılan Məişət Zorakılığı üzrə Məlumat Bankına yığılan məlumatların təhlili göstərir ki,  qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır, bu 68,4 faizdir. Qadınların 12,1 faizi keçmiş həyat yoldaşları, 11,9 faizi isə qeyri-rəsmi yaşadığı kişi tərəndən zorakılığa məruz qalır. 


Bütün ölkələrdə dəqiq statistika aparılmasa da, İspaniyanın Kataloniya bölgəsində məişət zorakılığının 20 faiz, Kiprdə 30 faiz və Braziliyada 50 faiz artması məlumdur. Çində ailədaxili şiddətin 90 faizi izolyasiyada saxlanılan cütlüklər arasında qeydə alınan faktlardan ibarətdir. Həmçinin İtaliya, Fransa, Almaniya, Türkiyə, Hindistan və digər ölkələr də izolyasiya tədbirlərinin ailədaxilində zorakılıq üzrə göstəricilərə ciddi təsir göstərdiyi vurğulanır. 


Oğurluq


Tədqiqatlar göstərir ki, ümumi karantin müddəti çox davam edərsə, insanlar gəlir mənbələrini itirirlərsə, bu, klassik cinayətkarlardan başqa, indiyədək qanunlara tabe olan vətəndaşlar tərəfindən və ya iştirakı ilə oğurluq, soyğunçuluq, qarətlərin sayının artmasına səbəb ola bilər. 
İyunun 14-də Abşeron rayon sakini C.İbrahimov idarə etdiyi “Daewoo” markalı avtomobillə xüsusi karantin qaydalarını pozduğuna görə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  verilən məlumata görə, şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib. Polis əməkdaşları tərəfindən avtomobilin yük yerinə baxış zamanı onun Yasamal rayonu ərazisində evlərdən və avtomobillərdən oğurladığı 2 ədəd kombi, su qızdırıcı, 3 ədəd maqnitofon, monitor, 4 ədəd mobil telefon, mətbəx bıçağı aşkar edilərək götürülüb. 


Kibercinayətkarlıq


Eyni zamanda, Europol kibercinayətkarlıq - kompüter texnologiyasından və İnternetdən istifadə edərək qanunsuz hərəkətlərin törədilməsi hallarının artmasını narahatlıqla qeyd edir. Bu problem həqiqətən də bu gün tamamilə öz pik səviyyəsinə qalxmışdır. Demək olar ki, bütün dünyada nəhəng maliyyə və maddi resursların yönəldildiyi sistemlərə cinayət yolu ilə kibermüdaxilə riskləri artır. Kibercinayətkarlıq pandemiya zamanı ön plana çıxdı. 


Pandemiya zamanı vətəndaşların getdikcə artan hissəsi elektron ticarət xidmətlərindən yeməklər və , dərmanlar üçün onlayn sifarişlərdən istifadə edir. Buna görə, bir tərəfdən cinayətkarlar çatdırılma şəbəkəsinə daxil olmağa və ya hətta nəzarət etməyə çalışacaqlar, digər tərəfdən kiber cinayətkarlıq vasitələrindən istifadə edərək çox sayda saxta onlayn mağaza və s. Yaradacaqlar. Bu cür cinayətkarlar, ilk növbədə narkotik maddələrin istehsalı və ticarəti, həmçinin koronavirus, mexaniki havalandırma cihazlarını (IVL) sınaqdan keçirmək üçün saxta cihazların satışı ilə əlaqəli fəaliyyətləri gücləndirirlər. Kibercinayətkarlar onlayn ticarət platformalarını istismar edirlər - məsələn, mövcud olmayan əl təmizləyicisi, saxta maskalar və respiratorlar və uydurma əczaçılıq məhsulları satırlar. Məlumdur ki, İtaliya, İspaniya və Portuqaliyada yüksək texnologiyalı mütəşəkkil cinayətkar qruplar İnternetə bu cür məhsulların əldə edilə biləcəyi mağazalar yerləşdiriblər.


Cari ilin aprel ayında, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriilmişdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu belə əməliyyat-texniki tədbir zamanı ölkə ərazisində bank sektoruna qarşı kibercinayətlər törətməkdə təqsirli bilinən Bolqarıstan Respublikasının vətəndaşları Stoyçev Marian Nikolov və Mladenov Vladislav Tsvetanov Bakı şəhəri ərazisində saxlanılmışdılar. Araşdırma zamanı müəyyən olunmuşdur ki, adları çəkilən şəxslər kibercinayətkarlıqda istifadə olunan xüsusi qurğular, eləcə də mikrosxemlər və digər ləvazimatlar vasitəsilə paytaxt ərazisində müxtəlif banklara məxsus bankomatlara müdaxilələr ediblər. 

 

Qeyd edək ki, Baş İdarədə Marian Stoyçev və Vladislav Mladenovun paytaxt ərazisindəki bütün hərəkət trayektoriyaları, müdaxilə etdikləri bankomatlar və əlaqədə olduqları şəxslərin əhatə dairəsi hərtərəfli araşdırılıb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.3-cü, 177.2.3-1-ci və 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə törədilən oğurluq, kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanmışdı.


Saxta məhsullar


Saxta tibbi, əczaçılıq və sanitariya-gigiyena məhsulları, habelə fərdi qoruyucu vasitələrin satışı, pandemiya başlayandan bəri Avopada dəfələrlə artmışdır və artmaqda davam edir. Bu il martın 1-dən 10-dək 90 ölkənin qatıldığı Pangea əməliyyatı nəticəsində ümumilikdə 37 min saxta və qeyri-standart cərrahi maska, QİÇS, koronavirus və qlükoza üçün fərdi analiz üçün testlər, 13 milyon dərman müsadirə edildi. Nəticədə 121 nəfər tutulub, 37 mütəşəkkil cinayətkar qrupun fəaliyyətləri dayandı. Çinin təcrübəsi göstərir ki, ən effektiv polis fəaliyyəti əvvəlcədən hərtərəfli nəzarət sistemlərinin tətbiq olunduğu ölkələrdə olur. Bu Çinə pandemiya ilə tez bir zamanda məşğul olmağa imkan verən genişləndirilmiş video nəzarət infrastrukturu ilə birləşdirilmiş etimad və qanuna itaət sosial kredit sistemi idi.


Səbəb və nəticə


Sosial-psoxoloji aspektdən yanaşsaq, Pandemiya dövründə bir çox cinayətlərin törədilməsi səbəbi uzun müddət izolyasiyada qalan əhalinin psixoloji gərliyi ilə əlaqədardır. Mənəvi dəyərlərın aşınması fonunda da bir sıra cinayətlər baş verə bilər. Əgər cəmiyyətdə mənəvi dəyərlərlər daha çox önəm verilsə daha az hüquqpozmalara rast gələcəyik. Hansı cəmiyyətdə ki, mənəvi dəyərlər arxa plana keçirsə, yerinə isə mercantilist  dəyərlər önə keçirsə, orada hər şey gözləmək olar. 


Son olaraq, sula yaranır, post-pandemik dövrdə bizi cinayətkarlığın vüsət alması gözləyirmi? Dünyada milyonlarla insan hər gün iş yerlərini itirirlər və bu da gəlirlərinin nəzərəçarpacaq dərəcədə azalmasına gətirib çıxarır. Amma kriminolji araşdırmalar göstərir ki, heç də həmişə əhalinin ümumi rifah səviyyəsinin cinayətkarlığın səviyyəsi ilə səbəb və nəticə baxımından tam əlaqəlidir. Nəzəri olaraq bu əlaqənin olmasının gəlirlərin azalması fonunda məntiqi əsas vardır. Lazkin təcrübədə bir neçə hallarda bu belə olmamıdır. 2008-ci ildə dünyada baş vemiş qlobal iqtisadi böhran heç də hər yerdə artmamışdır.  Misal üçün 1980-ci illərdən başlayaraq sənayeləşmiş ölkələrdə cinayətlərin azalması tendensiyası qlobal iqtisadi böhran ilində də (2008) davam etmişdir. 


Azərbaycan Şərqi Avropa və MDB məkanında cinayətkarlığın ən aşağı səviiyyədə olduğu ölkədir. Əminliyimizi ifadə etmək istərdik ki, Azərbaycan polisinin yorulmaz fəaliyyəti və şücaəti nəticəsində pandemiyadan əvvəlki dövrlərdə, pandemiya zamanında olduğu kimi, ictimai asayışın qorunması və cinayətkarlıqla uğurlu mübarizə nəticəsində ictimai sabitlik pandemiyadan sonrakı dövrdə də davam edəcəkdir. 


Ramil İskəndərli


Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri


Qeyd: Bu araşdırma “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin daxili resursları hesabına, milli və xarici donor qurumunun maliyyə dəstəyi olmadan aparılmışdır. Yazıda DİN Mətbuat Xidmətinin məlumatları, media xəbərləri, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin məlumatları, xarici məqalələr və araşdırmalardan istifadə olunmuşdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top