Yasamaldakı görüntülər klip çəkilişindən imiş

SOSİAL 25 iyn 2020, 17:48

"Bir neçə gün öncə sosial şəbəkələrdə Yasamal rayonunda polisə dəstək olmaq üçün eyvanlardan mahnı oxuyan gənclərin kadrı böyük marağa və alqışa səbəb olub. Zeynəb Xanlarovanın “Yaşa, Azərbaycan!” mahnısını oxuyan gənclər dəfələrlə muğam müsabiqələrinin qalibləri və laureatları olan ifaçılardır".


Bunu Open.az-a ideyanın təşəbbüskarı, bir çox muğam festivallarının qalibi Gülzar Fərəcova deyib. Onun sözlərinə görə, karantin günlərində on nəfər gənc muğam ifaçısını cəmi 2 saat ərzində bir araya yığmaq və mahnını ifa etmək qədər də asan olmayıb.


“Əslində həmin ərazini seçməyim təsadüfi deyildi. Qarşıdan Azərbaycan polisinin peşə bayramı gəlir. Mən özüm də polis ailəsində doğulmuşam. Babam polis rəisi olub. Hazırda bizim rahat gəzməyimizi həm də polislərimizə borcluyuq. Bilirsiniz ki, Qarabağ döyüşlərində 1000-ə yaxın polis işçisi torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Biz də qərarlaşdırdıq ki, Şəhidlər Xiyabanında onların məzarlarını ziyarət edək, daha sonra həmin ərazidə olan yaşayış binalarının birində polislərə dəstək üçün mahnı oxuyaq. Həmin binada rəfiqəm qaldığı üçün bizə çox kömək oldu.


Orada ifa edənlərin əksəriyyəti Qarabağlıdır. Damarlarımızda Qarabağ qanı axır. Aramızda neçə nəfərin ailəsində şəhidlər olub. Mənim atam Qarabağ əlilidir. 1992-94-cü illərdə Ağdamda baş verən döyüşlərdə iştirak edib. Həmçinin əmim oğlu da torpaqlarımız uğrunda şəhid olub. Həmkarımız Elgizin atası isə gözündən əlildir. O da Qarabağ döyüşlərinin iştirakçısı olub. Bundan başqa, iki dayısı itkin düşüb, onlardan hələ də xəbər yoxdur. Bir dayısı isə şəhid olub.


Bunları deməkdə məqsədim odur ki, bu çətin günlərdə bizi qoruyanlardan biri də polis işçiləridir. Onlara bacardığımız kimi dəstək olmağa çalışdıq. Həm də bina sakinləri üçün qısa müddətlik də olsa həyatlarına əyləncə qatmaq istədik.


Etiraf edim ki, bu təşəbbüsümüzlə bağlı nəyə və kimə qulluq etdikləri bəlli olmayan xəbər səhifələri qarayaxma kampaniyasına keçib. Bizim ünvanımıza təhqiramiz ifadələr işlədərək, şərəf və ləyaqətimizə əl uzadıblar. Onlardan soruşmaq istəyirəm ki, görəsən belə saxta məlumatlar yaymaqla nəyə nail olmaq istəyirlər? Utanmırlar? Mən və həmkarlarım dəfələrlə Azərbaycan bayrağını xarici ölkələrdə dalğalandırmışıq. Mükafatlar qazanaraq muğamımızı tanıtmışıq. Elə keçən ilin bu yayında mən 115 ölkədə müxtəlif mahnı müsabiqələrində iştirak etmişəm. Ermənilərin qarşısında “Anadır arzularım hər zaman Qarabağ” mahnısını oxumuşam. Təsəvvürünüzə gətirirsiniz, ermənilər ayaq üstəifamı alqışlayıb.


Litvanın ən çox ermənilərin yaşadığı Birştonas şəhərində müsabiqədə iştirak edərək yenə də “Qarabağ” mahnısını ifa etdim. Qalib gəlməyim qalsın bir kənara, düz bir ay Azərbaycan bayrağı həmin şəhərdə dalğalandı. Görəsən indi bizə qara yaxmağa çalışanlar onda harda idilər? Niyə bu uğurlarımız barədə bir cümlə belə yazmamışdılar? Ona görə də deyirəm ki, kimə və nəyə qulluq etdikləri bəlli deyil. Bəli biz həmin çəkilişdən sonra dönər sifariş etmişik və elə klipimizin çəkildiyi parkda da yemişik. Nə var ki bunda?


Biz Azərbaycanı onun hüdudlarında tanıdan gənclərik. Mədəniyyət işçiləriyik. Bizim mədəniyyətsizliklə işimiz yoxdur. Bu qədər Qarabağlı muğam ifaçısını bir araya toplayaraq insanlara xoş bir şey etmək istədik. Əslində sizə bir şeyi də etiraf etmək istəyirəm. Bizim bu təşəbbüsümüzpolislərin peşə bayramına həsr etdiyimiz klipin bir hissə idi. Düzdür biz onu məhz iyulun 2-də təqdim etmək istəyirdik. Ancaqbu gün edəcəyik. Qoy sapı özümüzdən olan baltalar görsün ki, “vətən xaini” adlandırdıqları bu gənclər əslində torpaqlarımızın azadlığı üçün şəhid vermiş ailələrinin övladlarıdır. Qarabağın bir parçasıdır. Əgər biz insanlarımız üçün, insanlarımıza qulluq edənlər üçün hansısa addım atırıqsa bu bizim xain və ya satılmış olduğumuz mənasına gəlmir. Görəsən belə məlumatlar yazan o insanlar kimə qulluq edir?


Təbii ki, gördüyümüz işi təhqir edənlər bizi və bizim kimi ifaçıları heç vaxt ruhdan sala bilməz.Çünki biz bu vətənə, bu xalqa xidmət edirik. Hazırladığımız klipi isə bizim üçün canını qurban verən ilk şəhidlərimiz olan polislərə ithaf etmişik.İnşallah vaxt gələcək biz “Yaşa, Azərbaycan!” mahnısını elə Qarabağda, sakinlərin eyvanlarına çıxaraq ifa edəcəyik.


Yenə də deyirik, “Yaşa, yaşa, Azərbaycan!”


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top