Vüqar Rəhimzadə: 102 illik yol Azərbaycan Silahlı Qüvvələrinin dünəninin, bugününün və sabahının təqdimatıdır

GÜNDƏM 25 iyn 2020, 17:00

“Xalqımız müstəqilliyimizin, suverenliyimizin qarantı olan  Azərbaycan Ordusunun yaradılmasının 102-cü ildönümünü qeyd etməyə hazırlaşır. 102 illik yol dünənimizə, bugünümüzə baxış fonunda  perspektivlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Bugünkü    Azərbaycan Silahlı Qüvvələri 1918-ci ildə yaradılmış Cümhuriyyət Ordusunun layiqli  varisidir. 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun əsasında Əlahiddə Azərbaycan Korpusunun təşkilinə başlanılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün - 26 iyun tarixi Azərbaycan Silahlı  Qüvvələri    Günü kimi qeyd olunur.  Həmin tarixdən bu günədək Azərbaycan Ordusu zəngin  inkişaf yolu keçib,  müdafiə qabiliyyətini gücləndirib və bu gün böyük inamla qeyd edirik ki,  işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olan güclü, qüdrətli ordumuz vardır.”


Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.


V.Rəhimzadə bu məqamı da xüsusi qeyd edib ki,  1918-ci ildə dost və qardaş Türkiyədən gələn Qafqaz İslam Ordusunun və  Əlahiddə Azərbaycan Korpusunun bölmələrinin  torpaqlarımızı, xüsusilə Bakını işğaldan azad etməsi şanlı tariximizə qızıl hərflərlə həkk olunub.  2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə yanaşı, Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunan hərbi parad keçirildi. Həmin paradda  “Biz bu gün burada yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik”  söyləyən  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, Azərbaycanın ən böyük dərdi  olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. İllərdir Vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir.  Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik.


Baş redaktor bildirib ki,  regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Azərbaycan-Gürcüstan-Türkiyə birliyi, həmrəyliyi bu sahədə  mövcud əlaqələrin inkişafından da aydın görünür. Ötən il   Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirləri arasında keçirilən görüşlər, Naxçıvanda Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin «Sarsılmaz qardaşlıq-2019» adlı birgə döyüş atışlı taktiki təlimləri də bunun  təsdiqidir. Bütün bu addımlar birlik, həmrəylik çağırışları ilə yanaşı, Azərbaycan Ordusunun malik olduğu imkanların təqdimatı, eyni zamanda, digər sahələr kimi, müdafiə qabiliyyətinin gücləndiriməsi istiqamətində  birgə əməkdaşlığın  göstəricisidir.


Vüqar Rəhimzadə vurğulayıb ki,   əsası ulu öndər  Heydər Əliyev tərəfindən qoyulan  siyasətin  son 16 ildən artıq dövrdə möhtərəm Prezidentimiz  İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində  ordu quruculuğu və beynəlxalq hərbi-texniki əlaqələrin möhkəmləndirilməsi istiqamətində  mühüm nailiyyətlər əldə olunub:  «Dövlətimizin hərbi qüdrətinin artması  və Silahlı Qüvvələrimizin regionda peşəkarlıq, təchizat və döyüş qabiliyyəti baxımından ən güclü orduya çevrilməsi bugünümüzün reallıqlarındandır. Hazırda Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Dövlətimizin başçısı  İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli  Sərəncamı ilə Dövlət  Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında yaradılan  Müdafiə Sənayesi Nazirliyi gündən-günə çeşidlərini artırdığı  hərbi təyinatlı məhsullarını həm ölkəmizdə keçirilən hərbi pardlarda,  həm də  beynəlxalq sərgilərdə  təqdim etməklə bir daha ordumuzun hansı imkanlara malik olduğunu nümayiş etdirir.»


Tarixi paralellər fonunda ölkəmizin tərəqqisinin  digər sahələr kimi, ordu quruculuğunun inkişafına da geniş yol açdığını diqqətə çatdıran baş redaktor bildirib ki,  1991-ci ildə Azərbaycan öz dövlət müstəqillyini  əldə etdikdən, daha dəqiq desək, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Ordusu özünün inkişaf dövrünü yaşadı, maddi-texniki bazasını daha da möhkəmləndirdi: “Müstəqilliyimizin ilk illərində ölkəmizə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan,  öz şəxsi ambisiyalarını  dövlət maraqlarından üstün tutan  şəxslərin rəhbərlik etməsi  bütün sahələrdə uğurlsuzluqlara  yol açmışdır. Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürür,  silahlı  qruplaşmalar arasında kreslo  uğrunda savaş geniş vüsət alırdı. Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının ifadəçisi kimi çıxış edərək, ərazilərimizin biri-birinin ardınca işğalına   göz yumurdu. Ümummilli Lider   hakimiyyətə qayıdışı ilə  Azərbaycanı yaşadığı  bu böhrandan, qarşıdurmalardan, xaosdan,  anarxiyadan,   müstəqilliyini  itirmək təhlükəsindən xilas etdi.  Azərbaycanda müasir ordu quruculuğunun əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyuldu. Qısa müddətdə ordumuz qarşısına qoyulan hər bir vəzifəni yerinə yetirməyə qadir olan mütəşəkkil hərbi qüvvəyə çevrildi. Son 16 ildən artıq dövrdə ulu  öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti,  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan Ordusu qabaqcıl orduların sırasında layiqli yer tutub.  Ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir. Daim bu reallıq diqqətə çatdırılır ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü, qüdrətli ordunun olması mütləqdir.  Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir.”


“Bu gün Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək gücündədir” söyləyən V.Rəhimzadə diqqəti 2016-cı ilin  Aprel döyüşlərinə və 2018-ci ilin Naxçıvan qələbələrinə  yönəldib. Vurğulayıb ki, Azərbaycan Ordusu  bu iki qələbə  ilə bir daha  hansı imkanlara malik olduğunu həm işğalçı Ermənistana, həm də dünyaya çatdırdı. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış əraziləri  Ermənistan  tərəfindən işğal edilib. Dünya birliyi və bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir, eləcə də Azərbaycanın haqlı mövqeyini müdafiə edirlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılması öz əksini tapıb. Bununla yanaşı, digər beynəlxalq təşkilatların və dövlətlərin qərar və qətnamələrində Azərbaycanın dəyişməz  mövqeyi dəstəklənir.  Münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur.  Ancaq Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğalçılıq niyyətindən əl çəkmir.


Vüqar Rəhimzadə qeyd edib ki,  dövlətimiz,  möhtərəm Prezidentmiz,  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuza, onun şəxsi heyətinə göstərilən diqqət və qayğı bir ali məqsədə xidmət edir- Torpaqlarımız erməni işğalçılarından azad edilsin, dövlətimizin  ərazi bütövlüyü, soydaşlarımızın pozulmuş hüquqları  bərpa olunsun, regionda sülh, əmin-amanlıq bərqərar edilsin:  “Dağlıq Qarabağ problemini ümumilikdə regionda iqtisadi tərəqqiyə, təhlükəsizliyə böyük əngəl  kimi dəyərləndirən, qətnamələrində  ədalət meyarını öndə saxlayıb, beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasına çağırış edən  beynəlxalq təşkilatların, dövlətlərin işğalçı Ermənistana “dur” demələrinin zamanı çoxdan çatıb. Bu gün Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək, suvenerliyimizi qorumaq, ərazi bütövlüyümüzü təmin etmək istiqamətində səylər göstərməklə yanaşı,  sülhməramlı əməliyyatlarda da iştirak edərək beynəlxalq sülhə və təhlükəsizliyə ciddi töhfələr verməkdədir.”


26 İyun- Azərbaycan Silahlı Qüvvələri Günü  münasibətilə xalqımızı təbrik edən baş redaktor bu arzusunu, istəyini də  ifadə edib ki,  gün o gün olsun  Azərbaycan mətbuatı  işğal altında olan torpaqlarımızın azad edilməsi  sevincinin müjdəçisi olsun: “Xalqımız tam əmindir ki, dövlətimizin qətiyyətli mövqeyi, xalqımızın iradəsi, gündən-günə artan  beynəlxalq dəstəyin, həmçinin güclü, qüdrətli  ordumuzun sayəsində tezliklə   torpaqlarımız  işğaldan  azad olunacaq, üçrəngli bayrağımız  bütün  Qarabağ ərazilərində də dalğalanacaq, Azərbaycanın ərazi bütövlüyünün təminatı, torpaqlarımızın işğaldan  azad edilməsi uğrunda   döyüşlərdə həlak olan oğul və qızlarımızın  ruhu şad olacaq.”(ikisahil.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top