"Görməmişlər mətbuatı qoltuqlarındakı bazar arşını ilə ölçdü — Təki pul gəlsin, pul, pul, pul…"

GÜNDƏM 25 iyn 2020, 16:06

"Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu dözülməzdir… bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir…


Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir."


Azərbaycan Respublikasının Prezidenti


(15 oktyabr 2019.)


Mətbuat – cəmiyyətin aynasıdır. Olanı göstərir. Düzü düz, əyrini əyri. Cəmiyyət hansı yana getsə, “ayna” da o tərəfə dönəcək. Bütün zamanlarda və bütün dünyada bu belə olub. Təbii, dünyanın bir parçası olan Azərbaycanda da belədir.


İndi dünya dəyişir. Biz də dünyayla birgə. Aynalar istiqamətini dəyişir, bizdə də  mətbuat yenilənir. Sürükləndiyi böhrandan çıxıb əvvəlki nüfuzunu qaytarmağa cəhd edir. Cəhdlərdən biri də yeni media təşkilatı – Onlayn Media Klubunun yaradılmasıdır. Həmtəsisçi, Konkret.az-ın Baş redaktoru, tele-jurnalist Fadil Paşayevin yeni platforma  haqqında müsahibəsində də bu xeyirxah cəhdlə bağlı düşündürücü məqamlar var.


Fadil Paşayevi bacarıqlı tele-jurnalist kimi çoxdan tanıyıram. AzTV-nin “Xəbərlər” redaksiyasında çalışdığı vaxtlardan. Nazirlər Kabinetində keçirilən tədbirlərə dəvət etdiyimiz çəkiliş qrupunun tərkibində operativ reportajlar hazırlayırdı. Efirə verdiyi süjetlər barədə heç vaxt Hökumət rəhbərliyindən narazılıq eşitmədim. Digər həmtəsisçilər Vasif Həsənli (Demokrat.az-ın Baş redaktoru) və İlkin Pirəli (Pravda.az-ın Baş redaktoru) imzaları da təbii ki tanınandır. Bu üç dostun Onlayn Media Kubunu yaradıb mətbuatın inkişafına vicdanla, təmənnasız xidmət etmək istəkləri təqdirəlayiqdir.


Sözügedən müsahibədə Fadil Paşayevin dediyi kimi “Postpandemiya dövrünə hazırlaşan” jurnalistlər qərara gəliblər ki, yeni nəfəslə, yeni əməkdaşlıq formatı ilə mediada aparılacaq islahatlara, tam azad, müstəqil medianın formalaşmasına öz töhfələrini versinlər. “Bu ideya barədə çox müzakirələr apardıq. Görüşlərimizdə medianı demək olar ki, məhv edən Əli Həsənovun vəzifədən uzaqlaşdırılmasından sonrakı vəziyyəti ətrafında çox diskussiyalarımız oldu. Posthəsənov dövründə yeni, azad, nüfuzlu və ictimai fikrə təsir imkanları olan təşkilata ehtiyac yarandığını hiss edirdik…” – deyən müsahib vurğulayır ki, bu gün xüsusən, sosial mediada, o cümlədən sosial şəbəkələrdə xaos hökm sürür; “KİV-lərin effektivliyi haqqında” konsepsiya hazırlamaq lazımdır; mətbuatla dövlət arasında münasibətlərin formalaşdırılmasına diqqət yetirilməlidir; müstəqil medianın inkişafı üçün yeni layihələr həyata keçirilməli, medianın cəmiyyətdəki nüfuzu özünə qaytarılmalıdır.


“Jurnalistikada dələduz adamların ifşa edilməsi ilə bağlı maarifləndirmə işlərini aparan istənilən quruma və təşkilata dəstək vermək üçün bütün imkanlarımızdan istifadə edəcəyik… Birliyin modernləşməsi və təşkilatımızın nüfuzunun gücləndirilməsi üçün yeni nəsil jurnalistləri təşkilata cəlb edəcəyik… Jurnalistika bir peşə olaraq son illərdə əvvəlki nüfuzunu və populyarlığını itirib. Öz fəaliyyətimizlə onları qaytarmağı fikirləşirik… Peşəmizin nüfuzunun artması istiqamətində çox böyük işlər görülməlidir…” (sitatın sonu)


“Mediada xaos”… “jurnalistikada dələduzluq”… “peşə nüfuzunun itirilməsi”… Bu düşündürücü məqamlar peşəkar mətbuat işçilərini ağrıdan acı həqiqətlərdir. Çağdaş yaradıcı gənclərə necə ağır miras qalıb! Ancaq sovet dövrünün yaşlı nəsil jurnalistləri özlərindən sonrakılara belə mətbuat təhvil verməmişdilər. Nə oldusa, dünənlə bu gün arasındakı mübhəm zaman içində oldu.


Əlbəttə, əvvəllər də cəmiyyətdə, o cümlədən, mətbuatda “antipodlar” var idi. Ancaq onlar kütləvi deyildi və peşəkarları üstələyə bilməzdi. Nə geniş meydan verilər, nə də ciddi mətbu orqanlara, efirə yaxın buraxılardı. Çünki peşəkarlar dərk edirdi:  mətbuat da, efir də kimsəyə yox, yalnız xalqa məxsusdur. Nə qədər paradoksal olsa da, məhz həmin sovet dönəminin mətbuatı, KİV-ləri, həmçinin ədəbiyyatı, incəsənəti milli mənəvi dəyərlərə uyğun uca amallar təbliğ etməklə xalqımızın azadlıq naminə bir yumruq kimi birləşməsinə, təcavüzkara qəzəb və hiddət bildirməsinə, müstəqillik dövrünə əzmlə qədəm qoymasına ideoloji zəmin hazırlamışdı…


Sonralar mətbuatın yönəticiləri onu necə yönəltdisə, “ayaqlar başa çıxdı”, diletantlar peşəkarları üstələdi, az qala xalq mətbuatdan üz döndərdi. Görənlər nə qədər yazsa da, desə də, görməmişlər mətbuatı qoltuqlarındakı bazar arşını ilə ölçdü, dəmir tərəzilərini incə, zərif mənəviyyat, mədəniyyət, ideoloji iş, o cümlədən mətbuat  sahələrində qurdular. Təki pul gəlsin, pul, pul, pul…


“Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?

İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan?

Hörmətim, fəxrim, cəlalım, şövkətim, şanımmısan?

Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?

Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?” 


Ruhun şad olsun, ey müqəddəs şair!


…Vaxtilə peşəkarların çalışdığı “Ekspress” qəzetində “Jurnalistikanın müsibəti”nə dair bir yazı çıxmışdı. 1500 qəzetdə “qələm çalan” 60 min adamın probleminə həsr olunan həmin araşdırmada belə məqamlar var idi: “…Milli mətbuat komandasından kənarda qalanlar, əslində, onların əksəriyyəti “mədəni” tüfeyli həyatı yaşayır. Lakin ailələrində onların adları “işsiz”, “avara” deyil, “jurnalist” kimi hallanır. Kimlərsə onlara hörmətlə yanaşır. Belə halda onların özləri də cəmiyyətə lazım olduqlarına inanırlar…”


Məqalə müəllifi  H.Salmanovun dediyinə görə hələ “yaxınlarda Dubaydan, Türkiyədən, Hindistandan da yeni “kadrlar” gələcəkdi”…


Dünənlə bu gün arasında qalan həmin mübhəm zaman haqqında çox sərt, amma çox da konkret mövqe idi.


Jurnalistikanın ali sənət və şərəfli peşə olduğu barədə yüz dəfə yazılıb. Jurnalistin yüksək mədəniyyətə, mənəviyyata, intellektə, düşüncəyə, əxlaqa malik olmasının vacibliyi də çox deyilib. Ancaq bəlli fürsət məqamında işbazlar baxdılar ki, bu şərəfli peşəni həm də çox sərfəli peşəyə çevirmək olar. Və çevirdilər. Bazarın qapıları tayba-tay açıldı. Mətbuat aləminə daraşan dəllalların, tüfeyli həyat sürən “jurnalist vəsiqəlilərinin” sayı fantastik artıb vicdanlı peşəkarları üstələdi. Hətta “qədim peşə sahibi” olanlar da bir ara “müxbirə vəsiqələri” ilə müqəddəs mətbuat meydanını vağzal perronuna döndərdilər. Çünki əlində pul-para, “şokolad və qamçı” rıçaqlarını toplayan görməmişlərin tələbi təklif yaratmışdı. Abırlı peşəkarlar bir küncə çəkilib tüstü-dumanın seyrəlməsini gözləyincə, abırsız naşıların doluşduğu fransız ətirli sarı-sarı “press-qatarların” biri getdi-biri gəldi.


Xaotik media bulvarında mürəkkəbqabılarını şər-şəbədə, yalan, böhtan, lağlağı, iftira, çirkab kimi “duru” sularla dolduran naşılar dəstəsi milli mətbuatımızın sabaha açılan pəncərəsi önündə göyə baxa-baxa şövqlə “yazıb-yaratdılar”. Bisavad yönətənlər “Şərəfnamə”ləri gizlədib xalqa “Şərnamələr” oxutmağa başladılar. Mətbuatda guya “xırda xuliqanlığa”, “reketçiliyə” qarşı “barışmaz və prinsipial” mübarizə aparanlar zümrəsinin özü “yekə xuliqanların”, “iri reketirlərin” arxasında gizləndi; bir yeyib ayrı yatdılar…


Sözügedən yeni “Ekspress avaralarının” əsas iş həcmi – namuslu adamlara, xalq üçün vicdanla çalışanlara məqsədli hücumlar etmək, peşəkarları görməzdən gəlmək,  istedadı olanları ört-basdır etmək, mənəvi terrora məruz qoymaq, özəl projelərə bükülü yağlı sifarişləri haqsız, ədalətsiz, etikasız və əxlaqsız tərzdə həyata keçirtmək və bu zaman demoqoqcasına “demokratik mətbuatdan” dəm vurmaq oldu. Pis nümunə tez yayılır…


Bilənlər bilirdi ki, ən çəpəl sifarişləri şəstlə yerinə yetirən “demokratik media öndərləri” özbaşına deyil. Onları yaradan və yaşadan patronlar var. Hətta “patronajın” kimlərdənliyini bilənlər də bilirdi. Bilməyən kütlə üçünsə onların fəaliyyətinin görüntüsü  parlaq “söz azadlığı”, “fikir plüralizmi”, “ifadə özgürlüyü” idi. İşin gedişi göstərirdi ki, hətta “qarşı-qarşıya gələn” iki qoçun ikisinin də başı bir qazanda qaynayır. Və qoçuların payı da elə həmin qaynar qazandan çəkilir…


“Strateji yüksəklikləri” o taylı-bu taylı KİV-lərin sinxron bir şövqlə atəşə tutması məgər təsadüfi ola bilərmi? Hər iki tayın faktoloji materialı ilə ideoloji yönümü oxşardısa, faktı ötürənlə ideyanı yönəldənin eyni nöqtə olduğu bilinməzmi? Bilinər… Və bütün mənalarda o “nöqtənin” kimliyini də media işçiləri yaxşı bilirdi. Bir-birinə “düşmən” olan tərəflər eyni bir “nöqtədən” atılan eyni “yol xəritələrindən” istifadə edirsə, demək əsil düşmənin kimliyi bəlli olmazmı? O da olar, əlbəttə. Gördük…


Son neçə illər ərzində əlindəki pul-paralı, “şokolad və qamçılı” rıçaqlarla qazanı qaynadan buynuzu içəridəki qoçuların sifarişini yerinə yetirən buynuzlu keçilərin hədəfi nə az, nə çox – ölkəni, dövləti, xalqı sevənlər və bu ölkəni, dövləti, xalqı idarə edənləri dəstəkləyənlər oldu. Atəş “rekoşetlə” vuruldu, sağa baxıb, sola çamur atıldı. Və dövlət, vətən, xalq üçün çalışmağı daha çox sevənlər daha şiddətlə vurduruldu. Ləyaqətli, işgüzar, dürüst adamlar haqqında sarı bulvar mətbuatında nələr yazılmadı, nələr  yazdırılmadı… Kim qaldı bu vilayətdə daha?! Hətta Heydər Əliyev kimi ölkənin ən böyük dövlət xadimi haqqında “X günü” deyə-deyə ən yaramaz, əxlaqsız yazılar yazan, yazdıran, yayan “ibtidai adamlar” pul-paralı tülkülərlə arxadaş, bağrı badaş oldusa… Yerdə qalan xırda məmurların günü qara olmazmı?! 


And içə-içə tərəziyə barmaq basanlar şərəfli mətbuatımızı – şərəfsiz söyüş, təhqir, böhtan, şantaj basqını ilə məhvə sürüklədisə… Naşılar bazar meydanında at oynadanda, dələduzlar oyuna münsiflik etdisə… Biçarə  mətbuat dağılmazmı?!


Nə qəzetçilikdən, nə radiodan, nə televiziyadan, nə ideoloji işdən, nə elmdən, nə mədəniyyətdən başı çıxan provinsial təfəkkürlü plebeylər məsum peşəkarların üstündə  “professorluq” etdisə… vay o kiv-in halına!


Beləcə mətbuatın görünməmiş hallarını gördük. Qanı qarışıq soyuqqanlılar qanqaraçılıq salıb safqanlılara hücumlar təşkil etdi, şər, böhtan, qarayaxma ilə mənəvi terror basqıları başlatdılar. “Hücum obyektləri” o şəxslər oldu ki, miskinlər onları potensial rəqib gördü, nüfuz yarışında özünün kölgədə qaldığını gördü, hikkəsindən qaralıb-bozardı…


Zəhərli “kommentləri” ilə sağlam adamları bezdirib, küsdürüb uzaqlaşdırdılar. Meydan boşaldı. Keçmişi şərəfli milli mətbuat maarifçilikdən, mənəviyyatdan, mədəniyyətdən, əxlaqdan, savaddan, peşəkarlıqdan uzaq düşdü.


Oysa, ortalıq bəllidir kimə qalacaq…   


Press-tozanaqların əsas məqsədi o idi ki, kimin nəyi neylədiyi, kimin qatara harda mindiyi, harda düşdüyü, kimin haçan mindiyi, nə apardığı, nə gətirdiyi və s. bu kimi “incə məqamlar” unutdurulsun. Budaq qırıntısını, ot qurusunu, daş ovuntusunu, torpaq topasını, bir sözlə, əlinə keçəni sapanda qoyan media-“terroristlər” hərdən “yağlı və mötəbər” sifarişin icrasına o qədər aludə olurdular ki, sevə-sevə car çəkdikləri demokratiyanın təməl qayda-qanunlarına da tüpürürdülər.


Təbii ki arxasız, dayaqsız, kimsəsiz KİV-lər bunca ərköyünlük edəməz!


Yalnız arxalı köpəklər qurd basar! Bunu da gördük…


Bu balaca məmləkətdə kimin hansı yuvadan uçduğunu hamı görür. Üzünə fotoşopla “makiyaj” çəkib sığal verməklə özünü əhəmiyyətli göstərməyə çalışanların əhəmiyyətsizliyini bilənlər bilir. Bilib də o “makiyaj” altındakı idbar sifətlərə ona görə demirlər ki, xalqımız həqiqətən çox mədəni, əxlaqlı, tərbiyəli, müdrik xalqdır. Bu xalqın qaymağına dəyər verməyib, qədrini-qiymətini anlamayıb da belə incə nüansların fərqinə varmadan hələ də ortalıqda cövlan edənlər, qızıl-qırmızı dirənənlər, tülkü kimi hiyləgərlik   edənlər görünür həm də bu xalqdan deyillər…


Ən ağır məqamlarda orda-burda gizlənən, ona-buna qulluq edən, o tərəf-bu tərəfə yüyürən, satan, satılan… və yalnız ölkədə dönməz sabitlik yarananda qaça-qaça atılıb yeni Azərbaycan qatarına minən “tülkü siyasilər” tez-gec o qatardan çölə atılırlar. Çünki bu dünyanın haqq-ədaləti əhəmiyyətsizlərin pis niyyətindən qat-qat güclüdür.


Bu qədər!


…Və mətbuatımıza yüklənmuş bu qədər qayğılar, problemlər, görülməli işlər varkən, çəkinmədən “Jurnalistikada dələduz adamların ifşa edilməsi ilə bağlı maarifləndirmə işlərinin aparılması… Son illərdə əvvəlki nüfuzunu və populyarlığını itirən jurnalistikanın bir peşə olaraq nüfuzunun artırılması istiqamətində çox böyük işlər görməyi” qarşısına məqsəd qoyan Onlayn Media Klubunun yaradıcılarına uğurlar arzusu ilə fikrimi yekunlaşdırıram.


Akif ƏLİ,

Fəlsəfə doktoru,

Əməkdar jurnalist, 

yazıçı-publisist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top