Deputat: "Koronovirusla mübarizədə dünyasını dəyişən həkimlərə şəhid statusu verilməlidir"

GÜNDƏM 25 iyn 2020, 15:25

"Artıq 4 aydan çoxdur ki, bizim fədəkar tibb işçilərimiz koronovirusla mübarizə aparırlar. Gözəgörünməz düşmən hər an bu fədəkar insanların həyatlarına təhlükə yarada bilər. Onların bu mübarizəsi böyük qəhrəmanlıqdır". 


Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib. 


Deputat deyib ki, koronovirusla mübarizədə dünyasını dəyişən həkimlərə şəhid statusu verilməlidir.


Onun sözlərinə görə, koronovirusla mübarizə aparan həkimlərin statusu ilə digər həkimlərin statusu eyni olmamalıdır:


"Bu gün mən elə tibb işçiləri tanıyıram ki, onlar 4 aydır kombinezonda gəzərək vətəndaşların həyatlarını xilas edirlər. Həmin tibb işçilərinin fədəkarlıqları təkcə maaşla deyil, həm də mənəvi baxımdan çox yüksək qiymətləndirilməlidir. İnanıram ki, koronovirusla mübarizə başa çatandan sonra ön cəbhədə xidmət etmiş bütün fədəkar insanlarımızın hər biri yüksək dəyərləndiriləcək. Təbii ki, burada əsasən mənəvi dəyərdən söhbət gedir. Əgər koronovirusla mübarizə zamanı dünyasını dəyişən həkimlər olarsa, onlar şəhid statusu almalıdır". 


M.İbrahimqızı qeyd edib ki, koronovirusla mübarizə aparan həkimlərin fəaliyyəti Azərbaycan dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir:


"Koronovirus gözəgörünməz düşməndir. Biz bu düşmənlə müharibə aparırıq və hələ ki, qələbə qazanmamışıq. Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronovirusla mübarizə davam edir. Cənab Prezident koronovirusla mübarizəyə böyük diqqət ayırıb. Buna görə də cənab Prezident koronovirusla mübarizə aparan tibb işçilərinin əmək haqqlarının 3-5 dəfə artırılması barədə Sərəncam imzalayıb. Yəni, dövlətimiz hər an bu məsələni diqqətdə saxlayır. Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bütün çıxışlarında həkimlərimizin fədəkarlığını dilə gətirilər. Hesab edirəm ki, bütün bunlar tibb işçilərinin fədəkarlığına göstərilən ən böyük diqqətdir". 


Zaur Hacılı
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top