Koronavirus epidemiyasının ortaya çıxardığı bəzi fiqhi məsələlər

SOSİAL 25 iyn 2020, 12:36

Bu yazıda tarix boyu dəfələrlə baş vermiş, günümüzdə də bütün dünyanı öz təsiri altına alan epidemiyanın müsəlmanların gündəminə gətirdiyi bəzi dini-əxlaqi suallara cavab tapmağa çalışacağıq.


Həzrət Peyğəmbərimizin (s.ə.s) hədislərində hər hansı virusun, yoluxucu xəstəliyin kütləvi şəkildə yayılmasına qarşı alınacaq tədbirlərdən bəhs edilibmi?


Həzrət Peyğəmbərimiz (s.ə.s): “İki nemət vardır ki, insanların çoxu onun qədrini bilmədiklərinə görə aldanmışdır. Bunlar sağlıq və boş vaxtdır” (Buxari, Riqaq, 1) buyuraraq sağlığın və zamanın əhəmiyyətini vurğulamış, bu kimi epidemiya halları ilə bağlı dəyərli tövsiyələri və örnək davranışları ilə bütün bəşəriyyətə doğru yolu göstərmiş, nümunə olmuşdur. Yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqla bağlı bir hədisdə belə deyilir: “Bir yerdə yoluxucu xəstəliyin ortaya çıxdığını eşitsəniz, oraya getməyin; olduğunuz yerdə yoluxucu xəstəlik ortaya çıxarsa, o bölgədən ayrılmayın” (Buxari, Tibb,30). Bu hədis günümüzdəki karantin rejiminin tətbiqindən başqa bir şey deyil. Digər bir hədisi-şərifdə isə belə buyurulmuşdur: “Yoluxucu xəstəlik daşıyanın sağlamla eyni mühitdə olmasının qarşısını alın” (Buxari, Tibb, 53). Bu hədislərdə yoluxucu xəstəliyə qarşı tədbirli və ehtiyatlı hərəkət etmənin əhəmiyyətinin vurğulandığını görürük.

 

Həzrət Peyğəmbərimiz (s.ə.s) yoluxucu xəstəliklərdən qorunmaqla bağlı xüsusilə şəxsi təmizliyə diqqət edilməsinin əhəmiyyətini vurğulamış, xəstəlik halında isə lazımi tədbirlər alınaraq möminlərin dua ilə Allaha sığınmaları, Ona (c.c) təvəkkül etmələri tövsiyə edilmişdir. Bir yerdə yoluxucu xəstəlik varsa, onun yayılmaması üçün sosial məsafəni qorumağı, məsələnin daha ciddi olduğu hallarda karantin rejiminə keçməyi tövsiyə etmişdir. Həzrət Peyğəmbərimizin (s.ə.s) sözlərindəki qətiyyət və aydınlıq, həmçinin bu sözlərini həyata tətbiq etməkdə nümayiş etdirdiyi dəqiqliq bizim də yoluxucu xəstəlikləri ciddi qəbul etməli və lazımi tədbirləri almalı olduğumuzu göstərir.
 

Sosial məsafəni qorumamaq və “evdə qal” çağırışlarına tabe olmamaq qul haqqına girərmi?


Sosial məsafə və “evdə qal” xəbərdarlıqlarına tabe olmanın gərəkli olduğuna dair Həzrət Peyğəmbərin (s.ə.s) dövründən bəzi nümunələr vermək mümkündür. Allah Rəsulu (s.ə.s) sağlam olan şəxslərin cüzama (dəri başda olmaqla bir çox sistem və orqana təsir edən, tarixdə minlərlə insanın ölümünə səbəb olan yoluxucu xəstəlik) yoluxan şəxslərdən uzaq durmaları ilə bağlı belə buyurmuşdur: “Cüzamlıdan aslandan qaçırmış kimi qaçın” (Buxari, Tibb, 19).


Həzrət Peyğəmbərimizə (s.ə.s) bağlılıqlarını bildirmək üçün Səqif qəbiləsindən gələn heyətin içərisində cüzam xəstəliyinə tutulmuş bir şəxs vardı. Həzrət Peyğəmbərimiz (s.ə.s) ona: “Biz sənin beyətini qəbul ettik. Sən evinə qayıt” demişdir. Əllə görüşmək beyəti qəbul etmənin açıq və aydın bir göstəricisi olsa da, cüzamlı şəxslə əllə görüşməmişdir (Müslim, Səlam, 136; İbn Macə, Tibb 44). Həmçinin Həzrət Peyğəmbərimiz (s.ə.s) xəstə heyvanların sağlam heyvanlardan ayrı saxlanmalı olduğunu da bildirmişdir (Müslim, Səlam, 104-105; Əbu Davud, Tib, 24).


Yoluxucu xəstəliklərin ortaya çıxdığı zamanda insanlar arasında sosial məsafə saxlamanın əhəmiyyətini açıq şəkildə göstərən digər bir hədisdə də Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Cüzamlı bir şəxslə danışacağınız vaxt onunla sizin arasında bir nizə boyunda (təxminən iki metr) məsafə olsun” (Əhməd İbn Hənbəl, 581).


İslam tarixində yoluxucu xəstəliklərlə bağlı qeydə alınan bir sıra hadisələr var. Həzrət Peyğəmbərimiz (s.ə.s) həyatda ikən miladi 627-ci ildə Mədain şəhərində kütləvi ölümlərə səbəb olan taun (vəba) xəstəliyi baş vermişdir. Həzrət Ömərin (r.a) dövründə də İslam coğrafiyasında bir neçə bölgədə taun xəstəliyi ortaya çıxmışdır. Miladi 639-cu ildə meydana gələn Amvas taununda içərisində Əbu Ubeydə ibn Cərrah və Muaz ibn Cəbəl kimi səhabələrin də olduğu təxminən 30000 şəxs dünyasını dəyişmişdir.


Osmanlı dövründə karantin və sosial məsafənin saxlanılması ilə bağlı fitvaların verildiyinə rast gəlirik. Bu fitvalardan birində balaca bir uşağı yoluxucu xəstəliyin olduğu bir dövrdə şəhərə gətirərək onun ölümünə səbəb olan şəxsin diyət (İslam hüququna görə adam öldürən şəxsin (qatilin) ödədiyi maddi cəza) ödəməsi haqqında hökm verilmişdir.


Diyət cəzasının maddi olaraq çox böyük bir məbləğ (təxminən 100 dəvə) olduğunu nəzərə alsaq, belə bir yoluxucu xəstəliyin tuğyan etdiyi dövrdə qəsdən, ya da qəsd olmasa da ən azından məsuliyyətsizlik səbəbilə bir insana xəstəliyi bulaşdırmaq böyük bir günah və qul haqqı hesab edilmişdir.
 

Karantin rejiminin tətbiqindən əvvəl həddindən artıq ərzaq olaraq evə yığmaq qul haqqına girərmi?


Normal şərtlərdə, yəni insanların hər hansı ərzaq məhsuluna ehtiyacın artmadığı və bazarda bolluğun olduğu dövrdə ərzaq məhsullarını ehtiyat məqsədilə daha artıq almaq İslama görə hər hansı problem təşkil eləmir. Ancaq karantin rejiminin tətbiqi ərəfəsində hər kəsin ehtiyac duyacağı əsas qida məhsullarını daha çox ehtiyacı ola biləcək insanları düşünmədən həddindən artıq alaraq evə yığmaq qul haqqına girən məsələdir.
 

İçərisində spirt olan maddələri istifadə etmənin hökmü nədir?


Spirt, odekolon və başqa məhlul və mayeləri, həmçinin təmizlik məqsədilə istifadə edilən spirtli maddələri içmək dinən haram olmaqla yanaşı (Buxari, Ədəb, 80; Müslim, Əşribə, 73) təmizlik məqsədilə işlədilməsi caizdir.
 

Tərkibində spirt olan odekolondan istifadə etmək dəstəmazı pozarmı?


Odekolon uçucu maddədir və bu baxımdan insan bədənində, ya da paltarında uzun müddət qalmır, dolayısı ilə də dəstəmazı pozmur. Namaz qılmadan əvvəl bu məhsulların dəydiyi yerlərin yuyulmasına ehtiyac yoxdur.
 


Epidemiya dövründə və xəstəliyin sürətlə yayıldğı bir şəraitdə camaatla namaza bir müddət fasilə vermək olarmı?


İslam dininin əsas qayələrindən biri insan həyatının qorunmasıdır. Bu səbəblə İslam dini insanların həyatını riskə atacaq bu və ya digər əməllərə, məsuliyyətsiz davranışlara əsla cəvaz vermir. Həzrət Peyğəmbərimiz (s.ə.s): “Bir yerdə vəba xəstəliyinin ortaya çıxdığını eşitsəniz, oraya getməyin. Olduğunuz yerdə vəba xəstəliyi çıxarsa, o bölgədən də ayrılmayın” buyuraraq karantin rejiminin tətbiqinə diqqət çəkmişdir. “Yoluxucu xəstəlik daşıyan şəxs, sağlam şəxsin yanına getməsin” hədisi ilə də yoluxucu xəstəliklərə qarşı ehtiyatlı olmanın vacibliyini vurğulamışdır. Xəstəliyin yayılma təhlükəsi ortadan qalxana qədər cümə namazı başda olmaqla sosial məkanlar olan məscidlərdə camaatla namaz qılmağa bir müddət fasilə vermək İslamın prinsip və qaydalarına uyğundur.
 


Cümə namazı qılınmayan dövrdə nə etmək lazımdır?


Məsciddə və camaat halında qılınmalı olan cümə namazı epidemiya şəraitində və yoluxucu virus və xəstəliklərə görə bir müddət fasilə verilibsə, cümə namazı qıla bilməyənlər o günün günorta namazını qılmalıdırlar.
 


Virus səbəbilə vəfat edən şəxslərin qüsl və kəfənləmə işləri necə aparılmalıdır?


Müsəlmanların, vəfat edən din qardaşlarına qarşı yerinə yetirməli olduqları əsas dini vəzifələri cənazənin yuyulması, kəfənlənməsi və cənazə namazının qılınmasıdır. Cənazə yuyulub kəfənlənəndən sonra cənazə namazının qılınması fərzi-kifayədir, yəni cənazə namazı bir neçə müsəlman tərəfindən qılınarsa, digərlərinin üzərindən bu məsuliyyət qalxar. Xəstəlik və ya virusun yoluxma riskinə görə mütəxəssislərin tövsiyyələri üzrə gərəkli qoruyucu tədbirlər alınandan sonra cənazə öz qaydasına uyğun bir şəkildə yuyularaq kəfənlənməli və dəfn edilməlidir. Belə bir vəziyyətdə cənazə, üzərinə uzaqdan su axıdaraq yuyula bilər. Belə bir yumanın da riskli olduğu hallarda səlahiyyətli və mütəxəssis şəxslərin təlimatına uyğun şəkildə qoruyucu geyimlər geyinilərək cənazəyə təyəmmüm aldırılır. Cənazəyə təyəmmüm aldırmaq da xəstəliyi yoluxdurma riski daşıyırsa, belə bir zərurət halında təyəmmüm də tərk edilir, cənazə o halı ilə namazı qılınaraq dəfn edilir.
 


Virus səbəbilə vəfat edən şəxsin cənazə namazı necə qılınır?


Cənazə namazının qılınması üçün müəyyən bir vaxt yoxdur. Hazırlanmış bir cənazənin gözlədilmədən namazının qılınaraq dəfn edilməsi lazımdır. Virus, ya da yoluxucu xəstəliyin olduğu hallarda cənazə namazının mümkün qədər az sayda insanla və gözlədilmədən qılınması daha doğru olandır. Həmçinin xəstəliyin yoluxmaması üçün bütün mühüm tədbirlər alınmalı, bu mənada cənazə namazında iştirak edən şəxslər arasında lazımi sosial məsafə saxlanmalıdır.
 


Virus səbəbilə vəfat edən şəxslərin dəfni necə həyata keçirilməlidir?


Cənazənin ənənəvi üsulla qazılan qəbrə kəfənlə dəfn edilməsi riskli olan hallarda cəsəd torbası, ya da tabutla dəfn edilməsi caizdir. Bütün bunlar zərurətə görə həyata keçirilsə də, müsəlman qardaşımıza qarşı son dini vəzifəmizi yerinə yetirdiyimizin şüuru içərisində hərəkət etməliyik.
 


Epidemiya dövründə həcc ibadəti təxirə salına bilərmi?


Bir şəxsə həcc ibadətinin fərz olması üçün sağlam və səhhətli olması, həbsdə olmaması (hür olmaq), yol güzərgahının təhlükəsiz olması şərtdir. Həcc yolçuluğuna tab gətirə bilməyəcək, ya da səhhətinə görə ümumiyyətlə şəxsən həcc ibadətini yerinə yetirməkdən aciz olan şəxslərə, yaşlılara həcc ibadəti fərz olsa belə bunu yerinə yetirməkdə (əda etməkdə) məsul deyillər. Bütün dünyada “epidemiya” elan edilən bir dövrdə həm fərdlərin, həm də bütün cəmiyyətin səhhətini təhlükəyə atmamaq üçün virus ortadan qalxana və sağlamlıqla bağlı lazımi bütün tədbirlər görülənə qədər həcc ibadətinin təxirə salınmasında, İslama görə, hər hansı problem yoxdur. Burada eyni zamanda İslamın vazkeçilməz bir dəyər hesab etdiyi “həyatı qorumaq” prinsipinə də riayət edilmiş olur.
 


Müalicə olunmaq müsəlmanın qədər inancı ilə ziddlik təşkil edərmi?


Ordu komandiri Əbu Ubeydə ibn Cərrah (r.a) ilə xəlifə Həzrət Ömər (r.a) Şam-Hicaz yolunun üzərində yerləşən Sərğ adlı qəsəbədə qarşılaşıb görüşürlər. Həzrət Ömərə (r.a) Şamda vəba xəstəliyinin ortaya çıxdığı xəbər verilir. Həzrət Ömər (r.a) bu xəbəri eşidəndən sonra ətrafındakı insanlarla məsləhətləşir və ehtiyatı əldən buraxmayaraq vəbanın olduğu yerə getmir, geri dönməyə qərar verir. Bunu görənlər Həzrət Ömərdən (r.a): “Allahın qədərindənmi qaçırsan?” deyə soruşurlar. O da: “Bəli, Allahın qədərindən yenə Allahın qədərinə qaçıram” (Buxari, Tibb, 30; Müslim, Səlam, 32/98) cavabını verir. Beləcə o, Allahın qüdrətinin hər şeyi əhatə etdiyini vurğulayır, insanın müalicə olunması ilə qədər inancı arasında hər hansı ziddiyyətin ola bilməyəcəyini öz davranışı ilə göstərir.
 


Virus, ya da yoluxucu xəstəlik səbəbilə vəfat edən şəxs şəhid sayılırmı?


Həzrət Peyğəmbərimiz (s.ə.s) kütləvi ölümlərə səbəb olan xəstəliklərdən “taun/tan” ifadəsi ilə bəhs etmişdir. Bu xəstəliyin möminlər üçün günahlardan təmizlənmə vəsiləsi olduğunu demişdir. Bu xəstəliyə yoluxan bir şəxs səbr edərək əcrini (qarşılığını, mükafatını) Allahdan gözləyər və olduğu yerdən kənara çıxmayaraq bunun Allahın təqdiri ilə baş verdiyinə, Allahın yazdıqlarının xaricində heç bir şeyin baş verməyəcəyinə inanarsa, həmin şəxsə şəhid səvabı veriləcəyini bildirmişdir (Buxari, Tibb, 31; Buxari, Qədər, 15) Taun xəstəliyi səbəbilə vəfat edən şəxsin şəhid sayılacağı ilə bağlı digər rəvayətlər də var: (Buxari, Cihad, 30; Müslim, İmarə 166).
 


Kəbədə ibadətin və tavafın dayanması qiyamət əlamətidirmi?


Tarix boyunca Kəbə və ətrafında yanğın və sel kimi hadisələr baş vermiş, yoluxucu xəstəliklər Kəbə ətrafına da gəlib çatmışdır. Bə səbəblərə görə Kəbənin ibadətə bağlanması qaçınılmaz olmuş, hətta tarixi qaynaqlara görə, bəzi hadisələrdə Kəbənin qapalı qalması illərcə davam etmişdir. Günümüzdə də insan sağlığı nəzərə alınaraq Kəbənin müvəqqəti olaraq ibadətə, tavaf edilməyə bağlanması təbii və dinin məqsəd və qayəsinə uyğun bir addım olaraq görülməli, qiyamətlə əlaqələndirilməməlidir.
 

Nazim Mustafayev (yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top