"Bəzi müxalifət partiyaları və iqtidar tərəfindən həmişə hədəfdə olmuşuq" — MÜSAHİBƏ

MÜSAHİBƏ 24 iyn 2020, 19:26

“Respublikaçı Alternativ” (ReAL) Partiyasının icra katibi Natiq Cəfərlinin Yenisabah.az-a müsahibəsi: 


- Natiq bəy, adı hakimiyyətlə işbirliyində hallanan müxalifət partiyaları sırasına REAL-ı da daxil edənlər var. Partiyanıza qarşı hücumların arxasında nə dayanır? 


- Biz hakimiyyətlə heç vaxt işbirliyində olmamışıq. Bəlkə bir yerdə körpü tikmişik, çay keçmişik, biznes açmışıq da xəbərimiz yoxdur? Bu, nə birinci, nə də ikinci ildir ki, hücumlar olur... Yaranan gündən, yəni 2009-cu ildən dalğa-dalğa həmişə olub. İstər bəzi ənənəvi müxalifət partiyaları, istərsə də iqtidar tərəfindən həmişə hədəfdə olmuşuq. Çünki bu sistemin oyun qaydalarına həmişə alternativ fikir təklif edən yeganə partiyayıq. Biz yaranan gündən problemlərə sistemli yanaşmışıq və iqtidarlı, müxalifətli sistemin bir parçası olduğunu göstərməyə çalışmışıq. Ona görə də hər iki tərəf bizi hədəfə çıxarıb. Hökumət tərəfindən partiyaya qarşı basqılar olub. Sədr, idarə heyyətinin üzvlərinin əksəriyyəti həbs olunub, ölkədənçıxma qadağaları tətbiq edilib, hətta mənim özümə 9 ay Bakı şəhərindən çıxma qadağası qoyulub. Müxalifət tərəfindən olan basqılar da az deyil, müxalifətin belə etməsinin anlamı isə çox sadədir, əslində onlar bu sistemin 27 ildir istər-istəməz bir parçasına çevriliblər. İnsanlara toxuna bilən, yeni təkliflərlə çıxış edən, insanları başqa yöndə düşünməyə sövq etməyi bacaran yeni bir siyasi partiyanın yaranması onların maraqlarına uyğun deyil. Çünki ənənəvi bir oyun qaydaları var idi. Azərbaycan siyasətində çox xoş olmayan oyun qaydaları və düşmənçilik üzərində qurulmuş ritorika var idi. Biz bu ritorikanı və oyun qaydalarını ilk gündən yıxmağa çalışmışıq. Ona görə də hədəfə gəlmişik. Amma müxalif partiyaların içində də kifayət qədər yaxşı münasibətlərimizin olduğu, dəfələrlə görüşdüyümüz, müzakirələr apardığımız təşkilatlar var. Belə təşkilatlar sivil toplum içərisində də mövcuddur, hətta bunların sayı bizə qarşı olanlardan qat-qat çoxdur. Qarşı olanların məqsədi sadəcə müxalifət içərisində “liderliyi” əldən verməməkdir. Həmin kəsimin dərdi iqtidar olmaq, seçkilərdə iştirak eləmək, qalib gəlmək deyil də, müxalifət nazirliyi olmaqdır. Ona görə də istənilən rəqibi qarayaxma yolu ilə aşağılamağa çalışırlar. 


- Siz də razılaşarsınız ki, parlament seçkilərində iştirakla bağlı qərarınızdan sonra bu hücumlar daha da intensivləşdi. Seçkidə iştirakınıza görə peşman deyilsiniz ki? 


- Xeyr. Əksinə, bu gün seçki olsa, yenə iştirak edəcəyik, çünki siyasi partiyanın işi seçkidə iştirak etməkdir. Axı siyasi partiyanın başqa nə işi ola bilər? Siyasi partiya şirkət deyil ki, istehsalatla, kənd təsərrüfatı ilə məşğul olsun, pambıq, taxıl əksin. Siyasi partiyanın işi insanları seçkiyə inandırmaq, öz platformalarını seçkinin açdığı fürsətlərdən istifadə edərək vətəndaşlara çatdırmaq, daha çox tərəfdar və seçici qazanmaqdır. Dünyanın heç bir yerində uğurlu boykot modeli yoxdur və olmayıb. Cəmi bir neçə uğurlu model göstərmək olar, o da referendumlarla bağlı olub. Məsələn, Çilidə olub, hərəkat yarandı və Pinaçetdən sonra referendumu boykot elədilər. Bu sonradan Pinaçetin hakimiyyətdən getməsinə və yeni demokratik seçkilərin yaranmasına səbəb oldu. Orda hüquqi əsas var idi, dünyanın əksər ölkələrinin Ana Yasalarında referendum vaxtı əhalinin ən azı 25 faizi iştirak etməlidir, ancaq bu zaman referendum baş tutmuş hesab olunur. Ona görə də orada boykotun heç olmasa hüquqi məntiqi olur. Çalışırsan ki, 25 olmasın, 19-20 faiz olsun və baş tutmamış hesab olunsun. Amma Azərbaycanda nə prezident, nə də parlament seçkilərində iştirak senzi yoxdur. Sabah prezident seçkilərinə 500 nəfər də gəlsə, seçki baş tutmuş hesab olunur, 2 milyon nəfər də... Parlament seçkilərində də qayda eynidir. Ona görə də siyasi partiyaların işi məhz seçkidir. Seçki zamanı yaranan fürsətləri dəyərləndirərək daha çox vətəndaşın qəlbini və hörmətini qazanmaq olar. Bu səbəblə də heç bir peşmanlıq hissi yoxdur. Biz daha ciddi şəkidə təşkilatımızın və proqramımızın təminatı ilə məşğul olduq, 31 namizədlə iştirak elədik və bütün qanun pozuntularına, seçkidəki saxtakarlıqlara baxmayaraq, nəticəmiz uğurlu oldu. Bir nəfər təmsilçilik qazandıq və iştirak elədiyimiz dairələrin yarıdan çoxunda namizədlərimiz rəsmən ikinci yeri tutdu. Əslində, bir çox dairələrdə əgər normal seçki keçirilsəydi, həmin dairələri udmuş hesab olunacaqdıq. 


- Partiyanızın sədri İlqar Məmmədova 234 min manat məbləğində kompensasiya ödənilməsinə dair Ali Məhkəmənin müvafiq qərarı o vaxt səs-küysüz ötüşmədi. İlqar Məmmədovun bu vəsaitdən imtina etməsi mümkün idi? Ümumiyyətlə, partiya daxilində bu barədə müzakirə aparıldı? 


- Niyə imtina etməli idi ki? Bu adam 5 il 8 ay heç bir günahı olmadan həbs yatıb. Bu, çox böyük bir rəqəmdir, bunu anlamalıdırlar. İnsanlar karantin rejimində ev şəraitində 48 saatlıq sərt “lockdown”a etiraz edirdilər. Qapalı şəraitdə yaşamağa haqlı olaraq dözmürdülər. Çünki belə sərt karantin rejiminin heç bir effekt vermədiyini də gördük. Təəssüf ki, virusa yoluxanların sayında son vaxtlar ciddi artım olur. Əgər insan öz evində 48 saat qalmağa belə etiraz edirsə, türmə şəraitində 68 ay yatmış bir insana Avropa Məhkəməsinin, Avropa Şurası Nazirlər Komitəsinin qərarı ilə kompensasiya veriləndə sevinməlidirlər. Çünki insan öz haqları uğrunda sonadək mübarizə apardı və haqlarının bərpası ilə bağlı qərarın alınmasına müvəffəq oldu. Dünyanın istənilən sivil ölkəsində 68 ay günahsız yerə həbsdə yatdığı təsbit olunan insana 234 min deyil də, 3-5 milyon kompensasiya verilir. Avropa və Amerikada cəmi bir il günahsız yatdığına görə 7 milyona yaxın kompensasiya alanlar olub. Yəni bunu birmənalı şəkildə qarşılamayan insanlar ən azında qısa müddət üçün olan etirazlarını yada salsınlar. Anlasınlar ki, heç bir günahı olmadan cəzaçəkmə müəssisəsində qalmaq nə deməkdir. Özü də bu 68 ayın təxminən 12 ayından çoxunu İlqar Məmmədov tək nəfərlik kamerada qalıb. Bu kompensasiya onun tam haqqı idi. 


- Opponentlərinizin hücumlarından sonra partiyanın siyasi kursunda hər hansı dəyişiklik gözlənilirmi? Hakimiyyətlə dialoq qapısı həmişə açıq olacaq? 


- Siyasi təşkilatların işi müxtəlif məsələlərin masa ətrafında oturub çözülməsi yollarını axtarmaqdır. Təbii ki, iqtidarla dialoq masasının olması və o masada müəyyən ciddi məsələlərin müzakirə edilməsi çox vacib addımdır. Bu mənada bizim partiya həmişə, hətta İlqar Məmmədovun həbsindən həm əvvəl, həm də sonra belə bəyanatlarla çıxış edib. Biz dəfələrlə dəyirmi masaların qurulmasına, problemlərin birgə müzakirəsinə çağırışlar etmişik. İndi də belə bir fürsət yaranıbsa, bu fürsətdən istifadə edərək cəmiyyəti maraqlandıran məsələləri gündəmə gətirməliyik. Ən azından cəmiyyət üçün önəmli onlan beş problemi son danışıqlar zamanı qaldırmışıq və onların ətrafında hökumət tərəfindən də müzakirələrin getdiyini bilirik. O porblemlərin bir neçəsi həll olunsa, bu, Azirbaycan cəmiyyəti üçün pozitiv dəyişikliklərə səbəb ola bilər. Ona görə də dialoq ortamı həmişə olmalıdır. Ümumiyyətlə, iqtidarla müxalifət düşmən deyil. 27 ildir ki, düşmənçilik üzərində inşa olunmuş siyasi münasibətlər görürdük. Bu isə heç kimə xeyir gətirmirdi. Xalqa ziyanlı olsa da, hər iki tərəf bundan xal qazanmağa çalışırdı. Hökumət müxalifəti, müxalifət isə hökuməti ancaq söyüş və təhqirlə yada salırdı. Bu da siyasi abu-havanın keyfiyyətinə kifayət qədər mənfi təsir göstərirdi. Biz indi siyasi müzakirələri daha üst-siyasi və elmi səviyyəyə qaldırmağa çalışırıq və bunun üçün də əlimizdən gələni edirik. Bundan sonra da istənilən halda müzakirələrin davamlı getməsindən yanayıq. 


- Son vaxtlar sosial şəbəkələrdə ən çox hücuma məruz qalanlardan biri də REAL-çı deputat Erkin Qədirlidir. Sizcə, partiyadaşları Erkin bəyi yetərincə müdafiə edirlərmi? 


- Mənə elə gəlir ki, Erkin Qədirlini partiyadaşlarından daha çox, seçiciləri müdafiə edir. Onu bugünədək yardım etdiyi onlarla insan müdafiə edir. Gördüyü işlərə görə cəmiyyətin düşünən təbəqəsi və prosesləri doğrudan obyektiv qiymətləndirən insanlar onun müdafiəçisidir.  Təbii ki, partiyadaşları da müdafiə edib və bundan sonra da edəcək. Amma partiyadaşlardan daha çox həmin insanların Erkin Qədirli ilə bağlı xoş söz deməsi və müdafiə etməsi önəmlidir. Əslində, Erkin Qədirlinin belə böyük müdafiəyə heç ehtiyacı da yoxdur. Bu gün Azərbaycanda Erkin Qədirli səviyyəsində hüququn, siyasətin fəlsəfəsini bilən və məsələlərə çox orijinal, elmi yanaşan nadir insanları tanıyırıq. O, bu nadir insanlardandır və hər dəfə fəaliyyəti ilə bunu sübut edir. Ona görə də hücumların arxasında duran insanlar və siyasi təşkilatlar güzgüdə özlərinə baxsalar, daha yaxşı olar. Onları qəzəbləndirən odur ki, bugünədək onların “siyasi uğur”unun arxasında gizli qapılar arxasındakı danışıqlar və bu danışıqların nəticəsində onlara bağışlanan mandatlar olub. Bu gün Erkini qınayanlar ən azı iki-üç dəfə, 10-15 il parlamentdə oturan insanlardır. Bu, özlüyündə həddindən artıq absurddur. Ona görə də siyasi konnikturaya uyğun olarak Erkini qınamaqdansa, həmin şəxslərin güzgüyə baxmalarında yarar var.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top