Deputat: "Sosial şəbəkələr cəngəllik qanunları ilə idarə olunur"

GÜNDƏM 24 iyn 2020, 14:56

"Koronovirsula bağlı tibbi yoxlamalarımın nəticələri artıq mənə məlumdur. Şükürlər olsun ki, məndə bu virusa yoluxma aşkarlanmayıb".


Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib. 


Deputat deyib ki, koronovirus 21-ci əsrin bir nömrəli bəlasına çevrilib:


"Hazırda bütün dünya koronovirusla müharibə vəziyyətindədir. Biz isə yalnız bir döyüşü udmuşuq, hələ müharibəni udmamışıq. Artıq koronovirusun ikinci dalğasının gəlməsi barədə fikirlər səsləndirilir. Bir sıra dünya ölkələrində artıq ikinci dalğanın gəlməsi ilə əlaqədar sərt karantin rejiminə keçilib. Bu gün bütün beynəlxalq təşkilatların da əsas müzakirə məsələlərindən biri koronovirusla mübarizədir". 


E.Nəsirov qeyd edib ki, indi koronovirusla bağlı bütün ölkələrdə "dezinformasiya maşını" işə salınıb:


"Bu cür dezinformasiyaların yayılması insanlarda koronovirus xəstəliyinin nə qədər təhlükəli olması ilə bağlı inamsızlıq yaradır. Nəticədə isə dünyada koronovirusa yoluxma və ölüm saylarının artmasına səbəb olur. Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı həyəcan təbili çaldı ki, dünyada bir gün ərzində 183 min nəfər bu xəstəliyə yoluxur. Belə olan halda Azərbaycanda da vəziyyət ürəkaçan deyil. İnsanlarımız və vətəndaşlarımız arasında birlik və həmrəylik yüksək səviyyədə olsa da, ancaq təəssüf ki, bunu məsuliyyət hissi ilə bağlı söyləmək mümkün olmur. Hətta, bir insan yüzdən çox insanı virusa yoluxdura bilir. İndiyədək ən çox insanların gətirdiyi arqument o idi ki, bəs qohum, yaxın-tanışımızda bu xəstəliyə yoluxana rast gəlməmişik və sairə. O insanlar bəs indi nə deyəcəklər? İndi onların hər birinin bu xəstəliyə yoluxan yaxını və ya tanışı var. Hətta, mənim deputat həmkarım da koronovirusa yoluxmadan xəstəxanaya yerləşdirilib. Allah ona şəfa versin".


Deputat koronovirusdan qorunmaq üçün vətəndaşlara müraciət edib:


"Bu xəstəlik çox təhlükəlidir. Sizdən son dərəcə xahişim odur ki, tibbi maska və əlcək taxın, məsafə saxlayın, tibbi spirtdən istifadə edin. Bununla siz özünüzü və yaxınlarını çox böyük bəlalardan qoruyursunuz. Sosial şəbəkələrdə dezinformasiya yayan adamlara da əsla inanmayın. Onlar sizin həyatınızda təhlükələrə yol açırlar".


E.Nəsirov vurğulayıb ki, koronovirusla bağlı dezinformasiyalar əsasən sosial şəbəkələrdə yayılır:


"Bu gün sosial şəbəkələr cəngəllik qanunları ilə idarə olunur, orada ümumiyyətlə qanun yoxdur. Sosial şəbəkələrdə kimisə təhqir edə, şərəf və ləyaqətini alçala bilərsən. Buna görə sənə heç kəs bir söz deməyəcək. Sosial şəbəkələrdə dezinformasiya yayanlar da bu xalqın və dövlətin düşmənləridir. Onların istəyi və məqsədi Azərbaycanda xəstələrin sayının çoxalmasıdır. Çünki xəstələrin sayı çoxalarsa, ölkədə xaos və anarxiya yarana bilər. Bununla da Azərbaycanda sabitlik və təhlükəsizlik pozula bilər. Dezinformasiya yayanların da əsas istəyi məhz budur. Bütün bunlara görə üzümü bir daha insanlarımıza tutub xahiş edirəm ki, son dərəcə özünüzü qoruyun, ictimai nəzarət həyata keçirin və qaydalara əməl edin".


Elçin Rizvanoğlu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top