"Vəziyyətdən çıxış yolu karantin rejiminin sərtləşdirilməsi idi" — Deputat

SİYASƏT 23 iyn 2020, 23:24

Koronavirus pandemiyası bütün dünyanı ciddi təhdidlə üz-üzə qoymaqda davam edir. Təəssüflər olsun ki, dünyanın bir sıra ölkələrində virusun yenidən akvitləşməsinin və ölkələrdə yenidən sərt karantin rejiminin tətbiq olunmasının şahidi oluruq.


Demokrat.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.


A.Həsənova bildirib ki, dünya tibb elmi hələ ki, virusa qarşı tam effektli dərman vasitəsi və ya peyvənd tapa bilməyib: “Bu səbəbdən də virusun yayılmasının qarşısını tamamilə almaq mümkün deyil. Belə olan halda isə yeganə çıxış yolu karantin rejiminin tətbiqidir.


Artıq xarici ölkələrdə də koronavirusla mübarizə sahəsində sərtləşdirmə tədbirləri, yeni məhdudlaşdırmaların tətbiqi, qaydaların pozulması ilə bağlı cəzaların tətbiqi, həmçinin yoluxma və ölüm hallarının artması, səhiyyə orqanlarının fəaliyyətində çatışmazlıqlar, fərdi qaydada insanların üzləşdiyi çətinliklər barədə çoxlu sayda informasiyalar eşidirik”.


Deputat vurğulayıb ki, dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycanda da bu virusa qarşı ciddi mübarizə tədbirləri görülür: “İndiyə qədər ölkəmizdə aparılan qabaqlayıcı tədbirlər nəticəsində virusla bağlı epidemioloji vəziyyəti nəzarət aldında saxlamaq mümkün olub.


Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin və görülən tədbirlərin nəticəsində virusa yoluxanların və ölənlərin sayı çox aşağı həddə idi, hətta Azərbaycan bu rəqəmlərə görə dünyanın azsaylı nümunəvi ölkələrdən biri idi.


Əldə olunan bu uğurlu nəticələr ölkəmizdə karantin rejiminin tədricən yumşaldılmasına imkan verdi. Lakin əfsuslar olsun ki, karantin rejiminin yumşaldılması insanlarımızda müəyyən arxayınlıq yaratdı, yumşalmış karantin dövründə vətəndaşlarımızın bir qismi qoyularn qaydalara kifayət qədər riayət etmədi. Tibbi maskadan istifadə olunmaması, ara məsafəsinin saxlanmaması və digər pozuntu halları ölkəmizdə yoluxmaların və ölümlərin xeyli artmasına gətirib çıxardı.


Belə bir vəziyyətdə yuxarıda qeyd etdiyim kimi, yeganə çıxış yolu karantin rejiminin sərtləşdirilməsi idi. Bu baxımdan, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı yerində və düzgün atılmış addımdır. Əlbəttə, bu qərarın məqsədi vətəndaşlarımızın sağlamlığını və təhlükəsizliyini qorumaqdır. Hesab edirəm ki, karantin rejimi yenidən sərtləşdirilməsə, vəziyyət kifayət qədər ciddi xarakter alar və çox sayda itkilərlə üz-üzə qalarıq. Bu baxmdan, vətəndaşlarımız bu qərarı anlayışla qarşılamalı və qoyulan qaydalara, verilən tövsiyələrə əməl etməlidir ki, daha tez bu virus bəlasından xilas olub normal həyata dönə bilək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top