Abşeronda bir neçə vəzifəli şəxs həbs edildi — Deputat açıqladı

HADİSƏ 23 iyn 2020, 15:13

"Hazırda Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları öz işini davam etdirir. Müavinlərin, rəhbər şəxslərin həbsi, yaxud da İcra Hakimiyyətində hansısa əməliyyatların aparılması barədə söhbət gerçək deyil”.

 
Bunu 50 saylı Abşeron-Qobustan seçki dairəsinin deputatı Şahin Seyidzadə bildirib.


Bununla belə, deputat Abşeron rayonu ərazisində həbslərin olduğunu inkar etməyib.


O bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bir neçə vəzifəli şəxsin saxlanılması İcra Hakimiyyətinə tabe olan qurumlardan birində baş verib:


"Abşeron rayon İcra Hakimiyyətinə tabe olan qurumlardan birində bir, yaxud da bir neçə vəzifəli şəxs tutulub. Dəqiq sayını deyə bilmərəm. Bunun da  müraciəti əsasında Baş Prokurorluq tərəfindən həyata keçirilib. Bu barədə daha ətraflı məlumat güman ki, Baş prokurorluq tərəfindən ictimaiyyətə bildiriləcək. Ancaq Abşeron rayon İcra Hakimiyyətinin binasında hər hansı axtarış aparılmayıb”.


Qeyd edək ki, dünən Abşeron Rayon İcra Hakimiyyətinin binasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirildiyi və icra başçısının müavinlərinin həbs olunduğu barədə məlumatlar yayılıb. İcra Hakimiyyəti isə yayılan xəbərləri təkzib edib.

 
Məsələ ilə bağlı Baş Prokurorluq da məlumat yayıb: "Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur".(modern.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top