Sahil Babayevin vəzifəli şəxslərinin adından sui-istifadə edildi — ŞOK DƏLƏDUZLUQ

SOSİAL 23 iyn 2020, 13:48

Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin vəzifəli şəxslərinin adından istifadə edərək dələduzluq etməkdə ittiham olunan Salyan rayon sakini, 1971-ci il təvəllüdlü Vaqif Şahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vaqif Şahverdiyev tamah məqsədi ilə etibardan sui-istifadə edib, aldatma yolu ilə özgənin əmlakınıələ keçirmək məqsədilə Sabirabad rayonu Qalaqayın kənd sakini Zaur İsmayılovun arvadı Həbibə İsmayılovanın adına əmək kitabçası açdıracağı barədə qabaqcadan yalan vəd verib.


Vaqif Şahverdiyev aldatma yolu ilə Zaur İsmayılovun 1500 manat pulunu ələ keçirmək məqsədlə 2018-ci ilin oktyabr ayının əvvəllərində Salyan şəhərindəki “Siqma” xırdavat mağazasından alınmış əmək kitabçasının rekvizitlərində Həbibə İsmayılovanın “Plastik” futbol klubunda xadimə kimi işə qəbul edilib və işdən azad edilməsi barədə həqiqətə uyğun olmayan qeydlər aparıb, məlum olmayan mənbədən əldə etdiyi üzərində “Plastik” futbol klubunun rekvizitləri olan möhürlə kitabçanın 1-ci və 3-cü səhifələrinə möhür vurub, rəsmi sənədi qanunsuz olaraq hazırlayıb.


O, həmin əmək kitabçanı Həbibə İsmayılovanın əri Zaur İsmayılova yol avtomaşını ilə göndərib, saxta əmək kitabçasını qanunsuz olaraq sataraq 1500 manat pulu ələ keçirib.


Daha sonra Vaqif Şahverdiyev Zaur İsmayılovun arvadı Həbibə İsmayılovaya əlillik qrupun verilməsi barədə qabaqcadan yalan vəd verməklə aldadıb. O, etibarından sui-istifadə etməklə Salyan şəhəri “Salyan dairəsində” Zaur İsmayılovla görüşüb, sonuncunun 3000 manat pulunu ələ keçirib.


Bundan başqa, o, Zaur İsmayılovun 3500 manat müqabilində müharibə iştirakçısı kimi II qrup əlillik sənədlərinin düzəldilməsi və pensiya alacağı barədə qabaqcadan yalan vəd, onun 2200 manatın alıb.


Daha sonra Vaqif Şahverdiyev Zaur İsmayılovun qohumu Vurğun Quluyevi xəstəliyinə görə II qrup əlillik sənədlərinin düzəldilməsi və pensiya alacağı barədə qabaqcadan yalan vəd verib, 2000 manatını alaraq dələduzluq edib.


Bundan başqa, Vaqif Şahverdiyev Salyan şəhəri “Gilan” yaşayış massivində Sabirabad rayonu Cəngən kənd sakini Elçin Ağayev ilə tanış olduqda sonuncunu prezident təqaüdü almağa və hazırda əlilliyə görə aldığı təqaüdün məbləğini artırmağa kömək edəcəyi barədə yalan vədlər verib. 


O, Salyan şəhəri, X.R.Ulutürk küçəsindəki 9 mərtəbəli yaşayış binasının yaxınlığındakı çayxanada Elçin Ağayevlə görüşüb, onun şəxsiyyət vəsiqəsini, əlillik vəsiqəsini, hərbi biletini alıb.


Vaqif Şahverdiyev həmin sənədləri Müdafiə Nazirliyinə göndərəcəyini və 4-5 ay ərzində 11000 manat təzminat alacağını vəd edib, işlərin qısa zamanda həlli və müəyyən sənədlərin hazırlanması üçün 1000 manat xərc tələb olunduğunu bildirib.


Elçin Ağayev etiraz etməyib, bir həftədən sonra istədiyi 1000 manatı Vaqif Şahverdiyevə verib.


Bundan bir həftə sonra Vaqif Şahverdiyev pula ehtiyacı olduğundan yenidən Elçin Ağayevə zəng edib, işlərin həlli üçün Bakı şəhərinə gedib-gəlmək məqsədilə pul lazım olduğunu deyib, ertəsi gün yenidən Salyan şəhərindəki 9 mərtəbəli yaşayış binasının yaxınlığındakı çayxanada Elçin Ağayevlə görüşüb və ondan 300 manat alıb.


Bundan daha 2 həftə sonra Vaqif Şahverdiyev yenidən Elçin Ağayevə zəng edib, işlərin qısa zamanda həll edilməsi üçün əlavə 300 manat lazım olduğunu deyib, ondan ertəsi gün 300 manat alıb.


İstintaq orqanı tərəfindən Vaqif Şahverdiyevin barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq),178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham elan edilib.


Salyan rayon Məhkəməsinin hökmü ilə Vaqif Şahverdiyev 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.


Həmçinin iş üzrə verilmiş mülki iddia təmin edilib.


Vaqif Şahverdiyevdən 7700 manat alınaraq Zaur İsmayılova, 1000 manat alınaraq Ehtibar Quliyevə və 1600 manat alınaraq Elçin Ağayevə verilməsi hökm edilib.


Hökmdən narazı qalan Vaqif Şahverdiyev apelyasiya şikayəti verib. O, apelyasiya şikayətində xəstəliyinin, II qrup əlil olmasını nəzərə alınmasını, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş edib.


Vaqif Şahverdiyevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.


Hakim Elşad Əliyevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.


Qərara görə, Vaqif Şahverdiyevin şikayəti təmin edilməyib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top