“Azərişıq” 425 milyon manatlıq xarici krediti hər an ödəmək təhlükəsi ilə üz-üzədir

SOSİAL 23 iyn 2020, 13:49

"Azərişıq” ASC-nin 2019-cu il üzrə müstəqil audit hesabatının hazırlanması zamanı rəhbərlik dövlət şirkətinin fasiləsiz fəaliyyətini davam etdirmək qabiliyyəti barədə bəzi qeyri-müəyyənlik amillərini nəzərə alıb.


Index.az xəbər verir ki, hesabat KMPG audit şirkəti tərəfindən tərtib olunub.

 
Hesabata əsasən, 2019-cu il üzrə “Azərişıq” ASC 54,863 milyon manat məbləğində xalis zərərlə üzləşib. Əlavə olaraq, həmin tarixə dövlət şirkətinin cari öhdəlikləri onun cari aktivlərindən 459,133 milyon manat çox olub. Fərqin əsas hissəsini 31 dekabr 2019-cu il tarixinə Asiya İnkişaf Bankına (AİB) olan 424,950 milyon manat məbləğində kredit borcunun cari likvidlik əmsalı şərtinin pozulması ilə əlaqədar uzunmüddətli öhdəlikdən qısamüddətli öhdəliyə təsniflənməsindən yaranan artım təşkil edir.

 
Rəhbərliyin və səhmdarın yuxarıdakı problemlərin həlli istiqamətində atdığı addımlar çərçivəsində aşağıdakı tədbirlər həyata keçirilib:

 
• 31 dekabr 2019-cu il tarixində tamamlanan ildən sonra şirkət ölkə başçısının 30 dekabr 2019-cu il tarixli sərəncamına müvafiq olaraq, Maliyyə Nazirliyindən kapitala əlavə ödənişlər şəklində ASC-nin infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 25,128 milyon manat məbləğində pul vəsaiti əldə edəcək.


• 2019-cu ildə ASC Nazirlər Kabinetinin göstərişi əsasında nizamnamə kapitalının 470,817 milyon manat artırılması üçün tədbirləri başladıb, lakin dövlət orqanlarındakı struktur dəyişiklikləri ilə əlaqədar olaraq proses 31 dekabr 2019-cu il tarixinə tamamlanmayıb. Prosesin 2020-ci ilin sonuna kimi başa çatdırılması gözlənilir. Artım 325,817 milyon manat məbləğində kapital əlavəsinin və əvvəlki illərdə Maliyyə Nazirliyindən əldə edilmiş nominal dəyəri 90 milyon və 55 milyon manat olan borc vəsaitlərinin nizamnamə kapitalına yönəldilməsindən formalaşacaq. 31 dekabr 2019-cu il tarixinə yuxarıda qeyd edilən borc vəsaitlərinin balans məbləği cari və uzunmüddətli öhdəliklər üzrə müvafiq olaraq 65,294 milyon manat və 47,196 milyon manat təşkil edir. Bu borc vəsaitlərinin öhdəlikdən nizamnamə kapitalına keçirilməsi ASC-nin xalis dövriyyə kapitalının 65,294 milyon manat qədər yaxşılaşmasına, o cümlədən AİB kredit müqaviləsinin cari likvidlik əmsalı şərtinin yaxşılaşmasına səbəb olacaq. Şirkət, həmçinin AİB ilə kredit borcunun dərhal ödənilməsi tələbindən imtina məktubu almaq üçün danışıqlar aparır.


• Şirkət dövlət zəmanəti ilə alınmış AİB borcunun faiz öhdəliyinin ödənilməsi üçün 2019-cu ildə Maliyyə Naziliyinin idarəçiliyində olan Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan 6,485 milyon manat məbləğində vəsait əldə edib. Qeyd edək ki, 2020-ci ildə sözügedən borc üzrə faiz öhdəliyinin ödənişi üçün 9,734 milyon manat məbləğin cəlb olunması gözlənilir. Dövlət zəmanətli bu borcun qaytarılmasında dövlətin maliyyə dəstəyinin gələcək dövrlərdə də davam edəcəyi gözlənilir.


• 2020-ci maliyyə ili üzrə ASC-nin audit edilməmiş büdcəsinə əsasən, əməliyyat xərcləri əməliyyat gəlirlərindən, əməliyyat fəaliyyətində istifadə olunan pul axınları isə əməliyyat fəaliyyətindən daxil olan pul axınlarından çox olmayacaq.


• Şirkət Bakı şəhərində və 2015-ci ildən etibarən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, respublikanın bütün regionlarında elektrik enerjisinin ötürülməsi və paylanmasında yeganə təchizatçı olmaqla, ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyətə malikdir. Bu səbəbdən, hökumət enerji təchizatının davamlılığını təmin etmək üçün tarixən digər dövlət müəssissələri ilə əməliyyatlar və hesablaşmalarda öz dəstəyini göstərib. Şirkətin öz əməliyyatlarını fəaliyyətin fasiləsizliyi prinsipi əsasında davam etdirməsi üçün, Hökumətin gələcəkdə də ASC-yə dəstəyini davam etdirəcəyi gözlənilir.


• Rəhbərlik hesab edir ki, eynilə dövlət mülkiyyətində olan əsas kreditor “AzərEnerji” ASC alternativ maliyyələşdirmə mənbələri əldə edilmədən ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməyəcək. Bu qənaət həmin şirkətlə “AzərEnerji” ASC rəhbərliyi arasında əvvəlki fəaliyyət tarixçəsinə və qeyri-rəsmi razılığa əsaslanır.


• Rəhbərlik həmçinin növbəti illərdə maliyyə nəticələrini yaxşılaşdırmaq məqsədilə əməliyyatların effektivliyini artırmağa və xərclərin optimizasiyasını həyata keçirməyə çalışır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top