Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində Paşinyan növbəti dəfə pat vəziyyətinə düşdü

SİYASƏT 23 iyn 2020, 13:24

Nikol Paşinyan Ermənistanın baş naziri vəzifəsinə seçiləndə həm yerli, həm də beynəlxalq ictimaiyyətin nümayəndələrində işğalçı ölkənin ictimai-siyasi həyatında, əhalinin həyat səviyyəsinin yüksəldilməsində, uzun illərdir ki, əsassız yerə davam edən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyiş olacağına az da olsa, ümid yaranmışdı. Axı, Paşinyan hakimiyyəti ələ keçirməmişdən əvvəl küçə və meydanlarda demokratiyadan, haqq-ədalətdən, insan haqlarının müdafiəsindən bar-bar bağırır, Ermənistanın iqtisadiyyatının çiçəklənəcəyini vəd edirdi. Sən demə, bütün bunlar onu meydana atan amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyətinin (Soros Fondu) ssenarisi imiş.


Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib.


Çingiz Qənizadə deyib ki, küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti tərəfindən dəstəkləndiyi indi həm yerli, həm də beynəlxalq ictimaiyyətin nümayəndələrinə gün kimi aydındır. Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında, əslində, hansı qüvvələrin dayandığı getdikcə özünü açıq şəkildə büruzə verir. Ermənistanda antisorosçuların həbsi də bunun bariz nümunəsidir.


Hakimiyyəti ələ keçirən gündən ölkədə korrupsiya adı ilə həbslərin başlanması ilə baş nazirin “əsas fəaliyyəti”ni qisasçılıq üzərində qurması artıq hər kəsə bəlli oldu. Onun əsas işini bir kənara qoyub tez-tez işğal altında olan Azərbaycan ərazilərinə səfər etməsi, burada müxtəlif tədbirlərdə sərsəm bəyanatlar verməsi, beynəlxalq təşkilatların tədbirlərində bir cür, Ermənistanda başqa formada danışması bu adam haqqında kifayət qədər rəy formalaşdırdı: Ermənistanın baş naziri qeyri-ciddi adamdır və münaqişənin nizamlanmasında heç bir irəliləyiş olmayacaq. Əksinə, beynəlxalq təşkilatların səyi və Azərbaycanın razılığı ilə yoluna qoyulmuş danışıqlar prosesinin də üstündən xətt çəkir. Çünki beynəlxalq aləmdən bixəbər olan Paşinyan əvvəlcə danışıqlar prosesində Dağlıq Qarabağın da tərəf kimi iştirak etmək tələbini irəli sürdü. Çətinliklə də olsa, onu başa saldılar ki, Dağlıq Qarabağ müstəqil respublika deyil və indiyə qədər dünyanın heç bir ölkəsi, heç bir beynəlxalq təşkilatı, o cümlədən Ermənistanın özü tərəfindən bu vaxta qədər tanınmayıb. Həmçinin işğal altında olan Azərbaycan ərazilərində indiyədək keçirilən seçkilərin də nəticəsi tanınmayıb. Ona görə də Dağlıq Qarabağın danışıqlar prosesində tərəf kimi iştirakı qeyri-mümkündür və bu, beynəlxalq hüquq normalarına tamamilə ziddir. Paşinyana onu da başa saldılar ki, Dağlıq Qarabağ Azərbaycanın BMT səviyyəsində tanınmış ərazi bütövlüyünə daxildir.


Ermənistanın baş nazirinin Dağlıq Qarabağ məsələsini bu dərəcədə qabartması, “Dağlıq Qarabağ Ermənistandır” deməsi, əslində, yerli əhalinin diqqətini ölkədə baş verən qanunsuzluqdan, özbaşınalıqdan, aclıq və səfalətdən yayındırıb bu istiqamətə cəlb etmək idi. Çünki onun Ermənistana rəhbərlik etdiyi dövrdə ölkədə yeni iş yerlərinin açılması, iqtisadiyyatın möhkəmləndirilməsi, beynəlxalq aləmə inteqrasiyası, əsgər ölümlərinin qarşısının alınması, demokratik prinsiplərin inkişafı istiqamətində bir addım da irəliləyiş müşahidə olunmurdu. Paşinyana qarşı etirazlar getdikcə genişlənirdi. O isə bu narazılıqların qarşısını zorakılıqla, təhdidlə, həbslərlə alırdı. Belə həbslərin növbəsi artıq parlamentə gəlib çatdı.


Həmişə Azərbaycanda baş verən ən kiçik hadisələri insan hüquq və azadlıqlarının pozulması kimi şişirdib haray – həşir salan beynəlxalq hüquq müdafiəçiləri, o cümlədən özlərini insan haqlarının müdafiəçisi kimi təqdim edən beynəlxalq təşkilatlar Ermənistanda açıq şəkildə baş verən insanların ifadə azadlığının, azad toplaşma hüququnun kobud şəkildə pozulmasını, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmasını, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılmamasını “görmür” və bu barədə bir kəlmə də danışmırlar. Beynəlxalq ictimaiyyətə də bəllidir ki, Qərbin “önəm verdiyi” bütün dəyərlər Ermənistanda ayaq altına atılıb. Burada haqlı sual yaranır: Görəsən Qərb niyə susur, nəyi gözləyir? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki bu ölkədə heç nə baş verməyib və baş verənlər də beynəlxalq hüququn norma və prinsipləri çərçivəsindədir.


Yaxın illərdə baş verənləri gözlərimiz önünə gətirsək, bir daha məlum olar ki, Qərbin özünü görməzliyə vurması birinci hal deyil. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclıqdan sonra vəfat etmişdi. O zaman da beynəlxalq təşkilatlar, o cümlədən gənc müstəqil dövlətlərə “demokratiya dərsi” keçən Qərb də bu acınacaqlı hadisəyə münasibət bildirmədi. Bütün bunlar Paşinyanı və onun komandasını daha da azğınlaşdırdı. Növbəti hədəf isə indiki iqtidarın siyasətini kəskin tənqid edən "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu deputat Qaqik Sarukyan oldu. Məlum olduğu kimi, Ermənistanın baş prokurorunun təqdimatı ilə onun deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. Q.Sarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilib. Deputatın həbs ediləcəyi istisna olunmur. Q.Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir.


Q.Sarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, QHT-lərin və bir sıra Qərb təşkilatlarının növbəti səssizliyi, “demokrat” baş nazirin ərköyünlüyünə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyinə heç bir münasibət bildirməmələri heyrət doğurur.


Deputat Q.Sarukyanın tərəfdarlarının Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərərkən ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısının kobudluqla alınması və yüzlərlə adamın, hətta fraksiyanın üzvü olan 20- yə qədər deputatın saxlanılması, aksiyanı işıqlandıran jurnalistlərə qarşı polisin güc tətbiq etməsi də beynəlxalq ictimaiyyətin “gözünə görünmədi”. Qərb isə özünü elə apardı ki, sanki Ermənistanda baş verən antidemokratik hərəkətlər barəsində heç nəyi eşitməyib və heç nəyi görməyib. Bütün bunlardan sonra Qərbin gənc müstəqil dövlətlərə “demokratiya dərsi” keçməyə mənəvi haqqı çatırmı? “Öz gözündə tiri qoyub, başqasının gözündə tük axtaran” belə hüquq müdafiəçiləri, əslində, özlərini gülünc vəziyyətə qoyurlar.


Artıq yerli siyasi xadimlər də etiraf edirlər ki, Nikol Paşinyan ölkəyə rəhbərlik edəndən Ermənistan beynəlxalq aləmdə gülüş hədəfinə çevrilib. İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində də bunun şahidi olduq.


Ermənistanın baş naziri tədbirdəki çıxışı zamanı ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olunmuş “Naqornıy Karabagh” sözünü işlədir, ermənicə çıxışında isə “Artsax” deyərək özünü növbəti dəfə ifşa etdi. Bu, bir daha onu göstərir ki, Ermənistanın baş naziri yalnız daxili auditoriyaya hesablanan çıxışlarında beynəlxalq aləmin tanımadığı “Artsax” ifadəsini işlədir. Paşinyanın sammitdəki çıxışı həm də Ermənistan baş nazirinin “ingilis dili səviyyəsini” də bir daha göstərdi.


Bununla yanaşı, Nikol Paşinyan çıxışında koronavirusla mübarizə üçün ehtiyacların ödənilməsi məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını da qeyd etdi. Azərbaycan Prezidenti isə çıxışında vurğuladı ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırmışdır. Eyni zamanda, Azərbaycan 29 dövlətə humanitar yardım göstərmiş və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də müqayisə edilməyən nisbətin mövcudluğunu nümayiş etdirən əsaslı faktdır. Qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunəvi ölkə adlandırır, Ermənistan isə virusla mübarizə üçün, sadəcə, məqsədli şəkildə pul dilənir. İşğalçı ölkənin rəhbəri növbəti dəfə pat vəziyyətinə düşdü.


Ermənistanın hazırda faşist ideologiyasına meyilliyi və ölkənin bu üsulla idarə edilməsi bir daha sammit iştirakçılarının diqqətinə çatdırıldı. Prezident İlham Əliyev son vaxtlar çıxışlarında bu məqamı dəfələrlə vurğulayıb: “Ermənistanda faşistlərə abidələr ucaldılır, bugünkü Ermənistan rəhbərliyi faşistlərə xidmət etmiş adamı qəhrəman kimi təqdim edir. Bu, nəyi göstərir?! Onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top