Baş redaktor: "Mediada yeni islahatlar mərhələsi başlayıb"

GÜNDƏM 23 iyn 2020, 12:35

Onlayn Media Klubunun həmtəsisçisi: "Sosial şəbəkələrdəki xaosun zəiflədilməsi ilə bağlı təkliflərlə çıxış etmək planlarımız var"

 

Azərbaycan mediasının müxtəlif istiqamətlərində fəaliyyət göstərən insanların bu və ya digər məsələlərlə bağlı bir araya gəlməsi, peşəkar müzakirələr aparması, ümumilikdə işin keyfiyyətinin yüksəldilməsi üçün çalışması faydalıdır


Ötən həftə yeni media təşkilatı - Onlayn Media Klubu yaradılıb. Təşkilatın yaradılması təşəbbüsü və fəaliyyət istiqaməti barədə Modern.az-a danışan “Konkret.az”ın baş redaktoru və Onlayn Media Klubunun həmtəsisçilərindən olan Fadil Paşayev bildirib ki, bu addım müasir medianın inkişafına töhfə vermək üçün atılıb. F.Paşayev vurğulayıb ki, 23 ildir jurnalistika ilə məşğul olan şəxs kimi jurnalist və redaktor heyətinin işini, medianın problemlərini yaxşı bilir: “168 saat” qəzetindən tutmuş “Naxçıvan” və “Azad Azərbaycan” kimi tarixi olan qəzetlərdə çalışdım.


Faiq Hüsiyev, Varis Yolçuyev kimi jurnalistlərdən dərs aldım. Müstəqillik dövrünün azad mediasında formalaşdım. 13 il Azərbaycan Televiziyasında işlədim. Son iş yerim isə AzTV-nin Mərkəzi Asiya ölkələri üzrə bürosu oldu. 

 

Eyni zamanda, Azərbaycanın Qazaxıstandakı səfirliyində mətbuat xidmətinin katibi oldum. Orta Asiya mediası ilə çox yaxın təmaslarım yarandı. Eləcə də Azərbaycanın media sahəsində kifayət qədər tanıdığım adamlar da var. Onların arasında elələri var ki, ya bir yerdə işləmişəm, ya da ayrı-ayrı vaxtlarda sıx təmaslarımız olub. Yəni yaşadığım ömür, çalışdığım sahədə keçirdiyim hər an mənə xeyli təcrübə qazandırıb. Bütün bu təcrübəmlə medianın yenidən dirçəldilməsinə öz töhfəmi vermək istədim”. 


F.Paşayev qeyd edib ki, Onlayn Media Kubunun əsas ideyası Demokrat.azın baş redaktoru Vasif Həsənli və “Pravda.az”ın baş redaktoru İlkin Pirəli və onun tərəfindən irəli sürülüb: 

 

“Vasif və İlkinlə bu ideya barədə çox müzkirələr apardıq. Yeni, azad, nüfuzlu və ictimai fikrə təsir imkanları olan təşkilata ehtiyac yarandığını hiss edirdik. Qərara gəldik ki, yeni nəfəslə, yeni əməkdaşlıq formatı ilə mediada aparılacaq islahatlara, müstəqil medianın formalaşmasına öz köməyimizi göstərə bilərik və bu, ümid edirəm böyük miqyasda ola bilər. Əlbəttə, mövcud jurnalist qurumlarının cəmiyyətdə müəyyən nüfuzu var və ola bilər ki, bu qurumların fəaliyyəti hansısa çərçivədə həyata keçirilir. Məsələn, Parlament Jurnalistləri Birliyini qeyd etmək olar”. 

 

Baş redaktorun sözlərinə görə, yeni təşkilat bu sahəyə yeni nəfəs gətirəcək:


“Hazırda Klubun hüquqi cəhətdən təşkilatlanması istiqamətində işlər aparılır. Güman edirəm ki, sentyabr-oktyabr aylarında tam fəaliyyətə başlayacağıq. Ona qədər qarşımızda duran bir çox işlər var. Yeni konsepsiyalar üzərində çalışırıq, təşkilatlanma işi tam sürətlə getməlidir. Bir sıra görüşlərimiz, müzakirələrimiz var ki, bu işlər hələ ləng gedir. Əlbəttə ki, bu da Bakıda sərt karantin rejiminin tətbiqi ilə əlaqədardır. Amma buna baxmayaraq, onlayn şəraitdə kiçik toplantılarımız olur və digər danışıqlarımız davam edir. İstənilən təşkilatın, qurumun ofisi olmalıdır. Çünki təşkilat özü bir canlı orqanizm sayıla bilər. Təşkilatın işlək qurumu ofisdə olsa da, onlayn əlaqələrə önəm veriləcək. Çünki ideya müəllifləri özləri sayt rəhbərləridir və onların başqa işləri də var. Təşkilat paralel olaraq idarəetmə sistemində daha konstruktiv metodları tətbiq edəcək. Əlbəttə, bütün bunlara zaman lazım olacaq və bu proses müəyyən mərhələdən sonra baş verəcək. Buna qədər isə ofisin olması mütləqdir. Məqsədimiz mövcud onlayn medianın bütün parametrlər üzrə inkişafını şərtləndirməkdir.


Hesab edirəm ki, fəaliyyət planımızın əsas istiqamətlərində özümüzü göstərə biləcəyik. Digər təşkilatlarla, eləcə də jurnalist təşkilatları ilə, həmçinin çox peşəkar media işçiləri ilə sıx əməkdaşlıq etməklə və yeni layihələri icra etməklə nəzərdə tutduğumuz işləri həyata keçirməkdə iddialıyıq. Bu gün xüsusən, sosial mediada, o cümlədən sosial şəbəkələrdə xaos hökm sürür.


“KİV-lərin effektivliyi haqqında” konsepsiya hazırlamaq lazımdır. Mətbuatla dövlət arasında münasibətlərin formalaşdırılmasına diqqət yetirilməlidir. Müstəqil medianın inkişafı üçün yeni layihələr həyata keçirilməli, medianın cəmiyyətdəki nüfuzu özünə qaytarılmalıdır”. O bildirib ki, jurnalistikada dələduz adamların ifşa edilməsi ilə bağlı maarifləndirmə işlərini aparan istənilən quruma və təşkilata dəstək verəcəklər: “Jurnalist icmalarının nümayəndələrinin iştirakı ilə təcrübələrimizi bölüşəcəyik. Mediaya yeni nəfəs gəlib. Bütün bunlar bizə deməyə əsas verir ki, yenidən təşkilatlanmalıyıq. Bölgələrimizdə fəaliyyət göstərən jurnalist həmkarlarımız var ki, illərdir öz problemlərini həll edə bilmirlər. Bu sahədə xeyli işlər görməliyik”. 


Yeni media təşkilatı ilə bağlı “Şərq”ə danışan ideya müəlliflərindən biri, Demokrat.az saytının baş redaktoru Vasif Həsənli bildirib ki, hazırda medianın durumu qənaətbəxş deyil və bu sahədə ciddi problemlər var. 


V.Həsənlinin sözlərinə görə, media sahəsində mövcud olan müxtəlif təşkilatlar problemlərin həlli istiqamətində lazımınca işləyə bilməyib:


“Yeni təkan lazımdır. Artıq hər sahədə olduğu kimi, mediada da təşkilatlanma üçün yeni islahatlar mərhələsi başlayıb. Doğrudur, koronavirus pandemiyası bu işləri bir qədər ləngitdi. Əslində, Prezidentin sabiq köməkçisi Əli Həsənovun vəzifədən getməsindən sonra geniş miqyasda islahatlar olmalı idi. Dediyim kimi, COVID-19 infeksiyasının yayılması və ondan doğan fəsadlar bu işləri arxa plana keçirdi. Amma biz yeni klub yaratmaqla bir neçə məsələni gündəmdə saxlayacaq, onların həlli istiqamətində ciddi səylə çalışacağıq. Bundan əlavə, KİV-in effektivliyini artıracaq yeni konsepsiya hazırlayacağıq. Qurum yeni əməkdaşlıq platformasına çevriləcək. Beynəlxalq statuslu jurnalistlərlə, dünyanın tanınmış media orqanları ilə sıx əməkdaşlıq edəcəyik. Bölgə jurnalistikasının inkişafına mənəvi və yaradıcı dəstək olacağıq. Yeni nəsil peşəkar jurnalistlərin hazırlanmasında ali təhsil ocaqları ilə birgə layihələr həyata keçirəcəyik. Sosial mediada, xüsusən sosial şəbəkələrdə hökm sürən xaosun zəiflədilməsi ilə bağlı təşəbbüs qrupları yaratmaq, müvafiq qurumlar qarşısında təkliflərlə çıxış etmək və s. planlarımız var. Gördüyünüz kimi işlər çoxdur. Hesab edirəm ki, yeni təşkilatın yaranması, formalaşması bu problemlərin həlli baxımından ancaq jurnalistikaya xeyir gətirə bilər”.


Baş redaktor Onlayn Media Klubunun yaradılması təşəbbüsünün haradan qaynaqlandığına da münasibət bildirib:


“Hələ bir neçə il öncə peşəkar həmkarlarımız olan “Pravda.az” saytının baş redaktoru İlkin Pirəli və “Konkret.az” saytının baş redaktoru Fadil Paşayevlə medianın problemləri ilə bağlı ciddi müzakirələrimiz olub. Təxminən parlament seçkilərindən sonra bu barədə düşünürdük. Ancaq işlərin çoxluğundan ertələnirdi. Yəqin siz də mənimlə razılaşarsınız ki, mediada kifayət qədər problemlər var. Xüsusən onlayn media sahəsində qanunvericilik bazasında təkmilləşmə işləri aparılmalıdır. Jurnalist peşəsinin nüfuzunun qaytarılması, jurnalist məsuliyyətinin artırılması məsələləri hələ öz həllini tapmayıb. Bu gün onlayn media məlumatlandırma və əyləndirmə funksiyasını yerinə yetirir. Amma maarifləndirmə işləri çox bərbad vəziyyətdədir. Misal üçün, ötən onillər ərzində “reket” jurnalistikaya (əslində onlara “dələduz” jurnalistika desək daha düzgün olar) həsr edəcəyimiz mübarizəni biz maarifləndirmə işlərinə yönəltsəydik, kifayət qədər uğur qazanardıq. Belə problemləri təfsilatı ilə sadalasaq, burada bir kitab söz demək olar. Yeni təşkilatlanmaya, xüsusən onlayn media olaraq çox ciddi ehtiyac olduğu açıq-aşkar hiss olunur”.


Vasif Həsənli yeni Klubun fəaliyyət istiqamətindən də söz açıb:


“Əvvəlcə qeyd edim ki, bütün dövlət strukturları, o cümlədən peşəkar jurnalistlərlə əməkdaşlıq zəruridir. O baxımdan Klubun əhatə dairəsini genişləndirməliyik. Qarşıda duran mühüm vəzifələrdən biri də tanınmış, sözükeçən, cəmiyyətdə nüfuzu olan media simaları ilə sıx təmaslar yaratmaqdır. Gənc jurnalsitlərlə işləyəcək əlavə bölməmiz olacaq. Mətbuat Şurası, “Yeni Nəsil” Jurnalistlər Birliyi, Parlament Jurnalistləri Birliyi, Azərbaycan Jurnalistlər İttifaqı, İdman Jurnalistləri Assosiasiyası və digər təşkilatlarla birgə layihələr işləmək arzusundayıq. Eyni zamanda beynəlxalq səviyyəyə çıxışımız təşkilatın əsas istiqamətlərindən olacaq. Hazırda təşkilatlanma işi gedir. Bu, ayrı bir prosesdir. İşlərimiz həddindən artıq çoxdur, fəaliyyət proqramımız zəngindir. İnşallah nəticəni zaman göstərəcək”.


Təşəbbüslə bağlı fikirlərini “Şərq”ə bölüşən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət jurnalistlərin keyfiyyət dəyişikliklərinə nail olmaq üçün yeni təşəbbüslərin irəli sürülməsini alqışladığını deyib. Jurnalist hesab edir ki, Azərbaycan mediasının müxtəlif istiqamətlərində fəaliyyət göstərən insanların bu və ya digər məsələlərlə bağlı bir araya gəlməsi, peşəkar müzakirələr aparması, ümumilikdə işin keyfiyyətinin yüksəldilməsi üçün çalışması faydalıdır:


“Onlayn Media Klubu adı altında fəaliyyət göstərəcək həmkarlarıma uğurlar diləyirəm. Ümid edirəm, qarşıya qoyduqları vəzifələrin öhdəsindən gələ biləcəklər. Əlbəttə, istərdim ki, həmkarlarımız təşkilatlanma üçün çox yubanmasınlar. Zaman gözləmir və hazırda dünyada hadisələr sürətlə inkişaf edir. Birləşmək, klub yaratmaq, hansısa ictimai təşəbbüs ortaya qoymaq təqdirəlayiq addımdır. Lakin daha öncə Azərbaycanın ümdə problemləri ilə məşğul olmaq lazımdır. Son günlər ölkə rəhbərliyinin və üzdə olan ictimai-siyasi xadimlərin üzərinə gələn dəstə var. Onların çoxu xarici ölkələrdən sığınacaq alaraq söyüş kampaniyası ilə məşğul olurlar. Həmkarlarımız ilk növbədə təsis etdikləri Onlayn Media Klubu vasitəsi ilə həmin şəxslərin qarşısını sanballı əks arqumentlərlə almalıdırlar.


Onların susdurulması üçün intellektual potensiallarını cəlb etməlidirlər. Hazırda bu sahədə ciddi boşluq var və əfsuslar olsun ki, qarayaxmalara cavab verən tapılmır. Bunu etmək əvəzinə Azərbaycan daxilində bəzi jurnalistləri gözdən salmağa çalışırlar”. 


A.Həsrət qeyd edib ki, jurnalistika sahəsində təşkilatların sayı həddindən artıq çox olsa da, ortada əməli iş yoxdur:


“Səhv etmirəmsə, bir vaxtlar 50-yə yaxın təşkilat var idi. Əminəm ki, bu gün hansı jurnalistdən soruşsaq, heç 5 təşkilatın adını çəkə bilməyəcək. Həmin qurumların fəaliyyəti gözə görünmür. Ümumiyyətlə, hansı işlə məşğul olduqları bəlli deyil. Sadəcə bir neçə təşkilat, o cümlədən keçmişdə rəhbərlik etdiyim Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyi, Jurnalistlərin Həmkarlar İttifaqı və s. qurumlar beynəlxalq platformalarda davamlı şəkildə iştirak ediblər.


Çoxsaylı və adlarını heç kimin bilmədikləri digər jurnalist təşkilatları isə bu cür mühüm məsələlərlə məşğul olmayıblar. O səbəbdən hesab edirəm ki, yeni qurulacaq təşkilatlar məsələnin bu tərəfinə çox ciddi diqqət yönəltməlidirlər”. 

 
İsmayıl Qocayev (sherg.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top