Azərbaycanda məmur və iş adamlarının şok əməlləri — Cinayətin detalları

KRİMİNAL 22 iyn 2020, 19:24

Vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan “Lifttəmir” istehsalat birliyinin şöbə müdiri vəzifəsində işləmiş, həmçinin Bərdə rayonu Samuxlu bələdiyyəsinin sədri Ramil Abdullayev və fərdi sahibkarlar Eldar Əmirahov, Turqut Hüseynov, Vüqar Şəfiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ramil Abdullayev 6 yanvar 2000-ci il tarixdən 27 yanvar 2015-ci il tarixədək olan dövr ərzində Bərdə rayonu Samuxlu bələdiyyəsinin sədri vəzifəsində işləyərkən yaxın münasibətdə olduğu Eldar Əmirahovun, Vüqar Şəfiyevin və Turqut Hüseynovun təhriki əsasında onlarla sövdələşib, onların hər birinin icarəsinə verilmiş bələdiyyənin kənd təsərrüfat təyinatlı torpaq sahələrində sonuncular tərəfindən balıqçılıq məqsədilə torpağın üst qatının 1,50 metr dərinliyində məhv edilməklə süni göl və gələcəkdə süni göl yaratmaq üçün çuxur qazmalarına və bununla bələdiyyənin kənd təsərrüfat təyinatlı torpaqlarının təyinatının qanunsuz olaraq dəyişdirilməsinə şərait yaradıb.


İstintaq orqanı tərəfindən Ramil Abdullayevində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) və 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə ittiham elan olunub.


Digər təqsirləndirilən şəxslərə qarşı isə Cinayət Məcəlləsinin 32.4,308.2-ci (iştirakçılıq; vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham verilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramil Abdullayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, həqiqətən 2000-2015-ci illərdə Bərdə rayonunun Samuxlu Bələdiyyəsinin sədri vəzifəsində işləyib: “İşlədiyim müddətdə bələdiyyə iclaslarını qanuni şəkildə təşkil etmişəm, keçirmişəm, bütün bələdiyyə üzvlərinin rəyini nəzərə almışam. İcarədarlardan Vüqar Şəfiyevi, Eldar Əmrahovu və Turqut Hüseynovu əvvəllər tanımışam, onlarla adi münasibətlərim olub, onları sahibkar kimi tanımışam. Onlara torpaq sahələrdən Eldara və Turquta torpaq sahəsini ayırarkən bunu onların təhriki əsasında etməmişəm, torpaq sahəsində balıqçılığın inkişafı üçün şərait yaratmağa söz verməmişəm. Burada hər hansı qəsdi olmayıb”.


Ramil Abdullayev qeyd edib ki, Vüqar Şəfiyevə ayrılmış torpaq sahəsinin 2002-ci ildən 2014-cü ilədək olan qərar və müqavilələrində onun balıqçılığın inkişafı üçün verildiyi göstərilib: “2014-cü ildə Vüqar Şəfiyevlə icrarə müqaviləsi bağlayarkən əvvəlki müqavilələrə əsaslanmışam. Burada da hər hansı qəsdi olmayıb. Ümumiyyətlə adları çəkilən icarədarlarla hər hansı sövdələşmələrimiz olmayıb, onların qazanc götürmələrinə şərait yaratmamışam”.


Sabiq məmur bildirib ki, həmin ərazidəki torpaq sahəsləri dövlət sənədlərində kənd təsərrüfat təyinatlı torpaqlar kimi qeyd olunsa da, əslində şoran torpaqlardır: “Hətta bu torpaqların bir hissəsində 1994-cü ildən sonra məcburi köçkünlər məskunlaşıb, orada çadır şəhərciyi salınıb və icarədar Vüqar Şəfiyev torpağının əsas hissəsindən 2007-ci ilədək, yəni çadır şəhərciyi yeni qəsəbələrə köçürülənədək istifadə edə bilməyib. Ola bilsin ki, Eldar Əmrahova və Turqut Hüseynova münasibətdə səhlənkarlıq edərək onların torpaqdan təyinatına uyğun istifadəsinə nəzarət etməmişəm. Bu mənim tərəfimdən edilən səhlənkarlıq ola bilər, ancaq bunu cinayət törətmək məqsədilə etməmişəm”.


Ramil Abdullayev həmçinin ifadəsində göstərib ki, ibtidai istintaq zamanı hazırki məzmunda ifadə versə də, araşdırmanı aparan müstəntiq ifadəsini özü formalaşdırıb: “Orada guya özümü təqsirli bildiyimi qeyd etmiəm. Lakin istər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsində özümü Cinayət Məcəlləsinin 308.2-ci maddəsində təqsirli bilməmişəm. Çünki belə cinayət törətməmişəm”.


Digər təqsirləndirilən Eldar Əmirahov da elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, 21 yanvar 2014-cü il tarixdə Bərdə rayonunun Samuxlu Bələdiyyəsinin kənd təsərrüfat təyinatlı 10,0 ha torpaq sahəsini hərrac yolu ilə alıb və istifadə etməyə başlayıb: “Torpaq mənə təqdim edilərkən orada göl olmasa da, gölün yerləri mövcud olub. Yəni ərazidə bir neçə təbii yolla əmələ gəlmiş çuxurlar olub. Həmin vaxtlarda balıqçılığın inkişafı üçün dövlət dəstəyinin olduğunu eşitmişdim və icarəmdə olan sahədə bir neçə göl yaradaraq balıq yetişdirməyə başlamışam. Balıq yetişdiridiyim ərəfələrdə kənd bələdiyyəsinin nümayəndələri gəlib və mənə həmin torpaqlarda balıqçılıqla məşğul olmamağı deyiblər. Balıqçılıq etməklə heç bir qanunsuz hərəkətə yol vermədiyimi düşündüm, balıqçılıqla məşğul olmaqda davam etmişəm. Sonradan həmin əraziyə ekologiya işçiləri də gəlib, müvafiq sənədləşmə işləri aparıb və kənd təsərrüfat təyinatlı torpaq sahəsinin üst qatına ziyan vurduğuma görə məni 600 manat cərimə ediblər”.


Digər təqsirləndirilən şəxslər də özlərini təqsirli bilməyiblər. İcarəyə götüdükləri ərzinin şoran torpaqlar olduqlarını qeyd ediblər.


Bərdə rayon Məhkəməsinin hökmü ilə Ramil Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi üzrə bəraət verilib, o, ittiham olunduğu Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinib, lakin həmin maddə üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməyib.


Digər təqsirləndirilən şəxslər Eldar Əmirahov, Turqut Hüseynov və Vüqar Şəfiyevin də əməli sübuta yetirilməyib. Məhkəmə onların barəsində bəraət hökmü çıxarıb.


Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. O, Bərdə rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, bəraət almış şəxslərin barəsində istintaq orqanı tərəfindən irəli sürülən ittiham üzrə hökm çıxarılmasını istəyib.


Prokurorun protesti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elçin Xasməmmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya protestinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.


Qərara görə, prokurorun protesti təmin edilməyib.


Ali Məhkəmədən Demokrat.az-a verilən məlumata görə, Gəncə Apelyasiya Məhkəməsinin qərarından prokuror narazı qalıb. Prokuror təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı kasasiya protesti verib.


Prokuror Gəncə Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işə ağırlaşdırıcı halların müəyyən edilməsi üçün apelyasiya instansiyasında yenidən baxılması barədə qərar qəbul edilməsini istəyib.


Prokurorun potesti araşdırılması üçün hakim Hafiz Nəsibovun icraatına verilib.


Yaxın günlərdə şikayətə baxılacaq.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top