Azərbaycanda polisin qanunsuzluğu nəticəsində vəfat etmiş şəxsə bəraət verildi

HADİSƏ 22 iyn 2020, 16:38

Azərbaycanda polis əməkdaşının qanunsuzluğu nəticəsində vəfat etmiş şəxsə məhkəmə tərəfindən bəraət verilib. 


Bu barədə Demokrat.az-a tanınmış vəkil Ceyhun Yusifov məlumat verib. 


Vəkil xatırladıb ki, bir neçə ay əvvəl Hacıyev Yusif Hacı oğlu guya yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilərək barəsində Xətai RPİ-mnin İstintaq Şöbəsində AR CM-nin 263.1ci maddəsi ilə cinayət işi başlanıb. 

 


Ceyhun Yusifov deyib ki, bu cinayət işinin qondarma zərərçəkmiş şəxsi isə polis əməkdaşı olub:


"Hüquqlarını müdafiə etdiyim Yusif Hacıyevə qarşı qanunsuzluq bununla da kifayətlənməyib, hətta o, şübhəli şəxs qismində tutularaq Xətai RPİ-nin müvəqqəti saxlama yerində saxlanılıb. Yaşadığı və 30 ildən artıq dövlət orqanlarında işlədiyi müddət ərzində bir qarışqanı belə incitməyi özünə rəva bilməyən yaşlı Azərbaycan kişisi üçün bu sifarişli həbs ölümə bərabər idi. Və elə belə də oldu, özünü mənən alçalmış hiss edən Yusif Hacıyevin ürəyi buna dözmədi və həyata gözlərini yumdu. Yaxşı ki, ədaləti özünə prinsip seçmiş hakimlərimiz var. 


Xətai Rayon Məhkəməsinin hakimi Cavid Hüseyn tərəfindən 19.06.2010-ci il tarixdə ölümündən sonra da olsa Yusif Hacıyevə bəraət verildi. Düzdü bu bəraət onu bizim aramıza qaytarmadı, lakin bir vəkil olaraq mənim üçün və ailəsi üçün indiki məqamda bu çox böyük təsəlli oldu".


Elçin Rizvanoğlu
Demokrat.az 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top