"Nə yaxşı ki, Rəsulzadənin məzarı qardaş Türkiyədədir"

SİYASƏT 20 iyn 2020, 10:21

Azərbaycan televiziya kanallarına bəzən özüm istəmədən, təsadüfən kanalları dəyişəndə nəzər yetirirəm. Bu kanallarda hörmət etdiyim jurnalistlər çoxdur. Amma təəssüf ki, kanallarda efirə gedən verilişlər millətin formalaşmasından çox, onun parçalanmasına xidmət edir. Ölkəmizdə müxtəlif xarici şəbəkələrlə iş birliyi olan qruplar mövcuddur. Bunu ölkə başçısı da, bəzi deputatlar da çıxışlarında bildiribdir. Təbii ki, bu qruplar Azərbaycan mediyasında daha fəaldır. Azərbaycanda Qərbə, İrana, Rusiyaya, o cümlədən Ermənistana bağlı saytlar haqqında dəfələrlə yazılıbdır.

 

Siz bu saytların yazdıqlarını izləsəniz, o zaman deyilənlərin həqiqət olduğunu görəcəksiniz. Bundan əlavə bu ölkələrin şəbəkələri asanlıqla Azərbaycanın televiziya məkanına yol tapır. Nə isə... Kanalları dəyişəndə Speys. Tv-də yayımlanan bir verilişin anonsunu gördüm. Bu veriliş “Sadə həqiqətlər” verilişi idi. Düzü, ilk gündən bu veriliş haqqında tanınmış ziyalılardan yalnız mənfi münasibət eşitmişəm. Ona görə də anons diqqətimi cəlb etdi. Anonsdan bəlli oldu ki, veriliş İrəvanın ermənilərə verilməsi ilə bağlıdır. Anonsa sonacan baxdım. Öncədən deyim ki, bu verilişə baxmayacağam. Ona görə yox ki, bəyənmirəm. Orada çıxışçı tarixçi Vasif Qafarovu yaxşı tanıyıram, dostumdur. Amma ona yaraşdırmadım ki, belə bir verilişdə bu məsələ barədə çıxış etsin. Niyə? Ona görə ki, bu İrəvanın ermənilərə verilməsindən söhbət açan bu kanallar, saytlar hansı məqsədi güdür, başa düşə bilmirəm. Bunu anlamaq doğrudan da asan məsələ deyildir. Hamı bilir ki, İrəvan o zamanın şərtləri baxımından əlimizdən alındı. Həm də İrəvan artıq 1828-ci ildən bəri bizim deyildi. Biz müstəmləkə idik və onu da qoruya bilməzdik. O zaman Osmanlı imperiyası onu verməsə belə, sonradan yenə də Antanta dövlətləri və Rusiya onu bizdən alıb verəcəkdi. Necə ki, Qarabağı və yeddi rayonu alıblar. Necə ki, Şuşada saxta bir “prezidentə” saxta andiçmə mərasimi keçirdilər. Biz də yana-yan qaldıq. Məni də maraqlandıran bax, bu əsnada İrəvan məsələsinin yenə də gündəmdə saxlanmasıdır. Bunlar nəyin fərqindədirlər? Ölkə başçısına xoşmu gəlmək istəyirlər? Hesab etmirəm!!! Çünki ölkə başçısının onlara ehtiyacı yoxdur. Demək, burada hədəf milləti parçalamaqdır. Məqsəd bu deyilsə, nəyə görə bu verilişdə Dağıstanda təhqir edilən insanlar barədə veriliş hazırlanmadı? Yaxud Şuşada ermənilərin təşkil etdiyi andiçmə mərasiminə münasibət bildirilmədi? Şuşada siz, cənablar, Zori Balayanı görmədinizmi? Xocalıda bəbəklərin qarnını yırtan Zori Balayan Şuşada bayram edir və konyak rumkasını Paşinyanın rumkasına vururdu. Nə əcəb bunu müazkirə etmirsiniz? Gəlin edək və milləti bir araya gətirib qalibiyyətli müharibəyə hazırlayaq. Siz isə İrəvan məsələsini qoymaqla ölkə əhalisini parçalayırsınız. Bilirsiniz ki, bu məsələdə ölkə ictimaiyyəti mütləq parçalanmalıdır. Bu anonsda sonda verilən suala baxın: “Hamı gülləndi: bolşeviklər, Xalq Cümhuriyyətini quranlar...Amma necə oldu ki, Milli Şuranın sədri Rəsulzadə sağ qaldı?”. Hesab edirəm ki, bu sualı eşidən Vasif Qafarov studiyanı tərk etməliydi. Çünki qanında bu millətin qanı olan bir adam bu sualı verə bilməzdi. Bu adam hələ anlamır ki, Xalq Cümhuriyyətini quranların əksəriyyəti sağ qaldı. İkincisi, bu adam bu sualı verəndə düşündümü ki, Rəsulzadənin oğlu, qızı, həyat yoldaşı, anası, qohum-əqrəbası güllələndi. Bilmirəm, Vasif müəllim bu suala nə cavab verəcəkdir? Bilmək də istəmirəm!!! Amma sual təxribat xarakterli idi. Çünki Rəsulzadə bu dövlətin özü deməkdir. Bu bizim dövlətçiliyimizə qarşı təxribat xarakterli sualdır. Rəsulzadə bu dövlətin bayrağı deməkdir. Bu Azərbaycan bayrağına qarşı təxribat xarakterli sualdır.

O aparıcıya alternativ sual verərdim: Necə oldu ki, SSRİ Mərkəzi Komitəsindən çıxarılanlar hamısı məhv edildiyi halda, Heydər Əliyev sağ çıxdı? Bu suala cavab verim: Çünki Heydər Əliyev SSRİ DTK sistemini çıx gözəl blirdi. M.S.Qorbaçov onunla oyun oynaya bilmzədi. Ona görə ki, H.Əliyev nəinki M.S.Qorbaçovdan, eyni zamanda MK-də olanların hamısından qüdrətli idi. Bunu Y.Andropovun xatirələrində oxumuşam. Bacarığı sayəsində oradan qalib çıxıb yenidən Azərbaycana qayıtdı, ölkəmizdə hakimiyyət böhranı yarananda dövlətçiliyimizin qalmasında əl uzatdı və onun xilasında, inkişafında böyük rol oynadı. Rəsulzadə də elə insan idi. O, XX əsr dünya siyasətçiləri arasında ön cərgədə gedən böyük siyasətçilərdəndir. Aparıcıya məsləhət görərdim ki, bu sualı vermədən öncə həm Rəsulzadəni, həm də Heydər Əliyevi oxuyaydı. Bir də bu cür adamları bu cür verilişləri aparmağa çıxarmaq doğrudan da yersizdir. Adam verdiyi sualın ağırlığını dərk etmir. Adam anlamır ki, Rəsulzadə yanan bir günəşdir. Günəşdən həmişə yarasalar qorxar. Çünki günəş çıxanda qaranlıqlar axtararlar. Bu millətin günəşidir Rəsulzadə... Millətin ürəyində özünə yer edib Rəsulzadə... Bu sualı verəndə bunu düşünmədimi, bu aparıcı? Təsəvvür edin ki, Ermənistanda bir aparıcı tarixçiyə sual verir: “Nəyə görə “26 Bakı komissarı”nın hamısı güllələndi, amma Anastas Mikoyan sağ qaldı?”. Düzü, bu müqayisəni aparmazdım. Amma məcbur oldum. İnanın ki, heç bir ermənistanlı jurnalist tarixçiyə bu sualı verməz. Onlar üçün Mikoyan qəhrəmandır. Biz neynirik? Babəki, Xətaini, Rəsulzadəni ora atırıq, bura atırıq!!! Bu nə münasibətdir? Bu adam anlamır ki, bu millət Rəsulzadənin əksini könüllərinə nəqş etdiribdir. Bu adam anlamır ki, bu verilişdə verdiyi bu sual milləti parçalayacaqdır? Hesab etmirəm ki. anlamır... Anlayır, həm də yaxşı anlayır!!! Çox istərdim ki, Azərbaycan ictimaiyyəti bu cür verilişlərə baxmasın!!! Bizim qarşıda Qarabağ dərdimiz vardır!!! Biz bu milləti bir araya toplamalıyıq!!! Biz bu millətin parçalanmasının qarşısını almalıyıq!!! Biz bu ölkənin xaosa sürükləmək istəyənlərə imkan verə bilmərik!!! Biz bu dövləti qanımız hesabına qurmuşuq!!! Bu cür verilişlərə son verin!!! Bizə Hərb marşlarını təqdim edin!!! Bizə efirdən Şəmistan Əlizamanlının səsini verin!!! Bizə bizim qanımızı qaynadan verilişlər təqdim edin!!! Bizə döyüş marşlarını verin!!! Gəncliyi bunun üzərində kökləyin!!! Bizə Mübariz İbrarhimovdan, Fəriddən seriallar təqdim edin!!! Bizə belə həblər, dərmanlar verin!!! Əl çəkin İrəvanın verilməsindən!!! Əl çəkin Rəsulzadədən!!! Bu millətin tabuları vardır. Buraya Babək, Xətai, Rəsulzadə kimilər daxildir!!! Gəlin bir gün də olsa Rəsulzadə həyatını yaşayaq, sonra onun haqqında bu cür sual verək!!! Bir anlıq düşünün: Həyat yoldaşını, oğlunu, qızını, ananı aparıb öldürürlər, sən isə yenə mübarizə aparırsan!!! Vətən, Millət, Dövlət uğrunda!!! Böyük bir dövlətin başçısı öləndə də “Azərbaycan, Azərbaycan, Azərbaycan” deyir və gözlərini yumur. Cibindən də dollar deyil, üçrəngli Azərbaycan bayrağı çıxır!!!


P.S. Nə yaxşı ki, o böyük şəxsiyyətimiz M.Ə.Rəsulzadənin məzarı qardaş Türkiyədədir!!! Orada heç bir jurnalist hansısa tarixçiyə “nəyə görə M.Ə.Rəsulzadə salamat qaldı?” sualını vermir!!! Orada Rəsulzadənin məzarı bütün Türk-Müsəlman dünyasının and yerinə çevrilibdir. Onun məzarının yanına gələnlər yenə də ondan nicat tapırlar!!! Müqəddəs türbəyə çevrilib, onun məzarı... Əsri məzarlığının yaraşığıdır, onun məzarı... Orada onu hamı sevir!!! Adına parklar var, heykəlləri qoyulubdur!!! Adına küçələr, camelər, okullar, litseylər vardır!!! Bizdə nə vardır?

 

Tarixçi-alim Dilavər Əzimli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top